İslamşünaslıq ixtisası üzrə boş qalan yerlərə qəbul olmaq istəyən abituriyentlər müsahibədə iştirak etmək üçün 1-4 sentyabr tarixlərində saat 9:30-dan 17:30-dək Azərbaycan İlahiyyat İnstitutuna (Məhəmməd Naxçıvani küçəsi, 29) ərizə ilə müraciət edərək qeydiyyatdan keçməlidirlər.
Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb
Tələb olunan sənədlər arasında şəxsiyyət vəsiqəsi və buraxılış və qəbul imtahanlarının nəticələrinə dair arayış yer alır.
İslamşünaslıq ixtisası üzrə DPK Bakıda fəaliyyət göstərəcək. DPK-nın tərkibinə ilahiyyat sahəsi üzrə mütəxəssislər, ekspertlər və DİM-in əməkdaşları daxil edilirlər.
Müsahibədə abituriyentin dünyagörüşü və dini bilikləri, dini baxışları və dünyəvilik anlayışı, psixoloji parametrlərinin İslamşünaslıq ixtisasına uyğunluğu, tolerantlıq və multikulturalizm təsəvvürləri yoxlanılır.
Qeyd edək ki, müsahibədə III ixtisas qrupunu seçmiş və müsabiqə şərtlərinə əsasən ümumi balı 150, o cümlədən qəbul imtahanının II mərhələsi üzrə balı minimum 50 olan abituriyentlər iştirak edə bilərlər. Yalnız müsahibədən məqbul qiymət almış abituriyentlər ixtisas seçimi zamanı elektron ərizələrində Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq ixtisasını qeyd edə biləcəklər.
III ixtisas qrupunun İslamşünaslıq ixtisası üzrə müsabiqə abituriyentin qəbul imtahanında (iki mərhələnin nəticəsində) topladığı ümumi bal əsasında aparılır.
Bu ilin avqust ayında keçirilmiş müsahiblərdə iştirak edib qeyri-məqbul alan abituriyentlər təkrar müsahibəyə buraxılmır.