105 il öncə Bakının qurtarılmasında iştirak edən Osmanlı zabitlərindən biri də Süleyman İzzət bəydir. Sonralar Yeğin soyadını alan Süleyman İzzət bəy 1881-ci ildə İstanbulda doğulub. 1899-1902-ci illərdə hərbi məktəbdə təhsil alıb. Məzun olduqdan sonra 5-ci ordu komandanlığına təyin olunub. 1905-ci ildə hərbi akademiyanı bitirib, yüzbaşı rütbəsi ilə 25-ci süvari alayı 4-cü bölük komandanı vəzifəsinə yüksəldilib. Daha sonra müxtəlif bölük komandanlıqlarında xidmət göstərən Yeğin 1911-ci ildə minbaşı, 1916-cı ildə yarbay rütbəsini qazanıb. Dobruca və Rumıniya müharibələrindəki rəşadətinə görə Məcidiyyə nişanına layiq görülüb. 12 noyabr 1916-cı ildə 15-ci piyada tümən komandanlığına təyin olunub. 1918-ci ilin iyununda bu tümən Batuma nəql edilib. Onun rəhbəri olduğu bu tümənin bizim üçün ən böyük uğuru Qafqaz İslam Ordusu tabeçiliyində Bakının işğaldan azad edilməsindəki iştirakıdır.
Süleyman İzzət bəy 1922-ci ildə təqaüdə çıxıb, 1944-cü ildə vəfat edib. Onun qələmə aldığı “Böyük hərbdə 15-ci piyada tüməninin Azərbaycan və Şimali Qafqazdakı hərəkat və müharibələri” adlı əsəri 1936-cı ildə işıq üzü görüb. Bu əsərdə Bakının azad edilməsi ilə bağlı maraqlı bilgilər var.
Bakıya hücum
Süleyman İzzət bəyin əsərində Bakıya hücumla bağlı mühüm bilgilər verilib. Bu məlumatlar daha çox şəhərə girən birliklərin hərəkət istiqamətləri, döyüşlərlə bağlıdır. Komandanı olduğu tümənin şəhərə girişi ilə bağlı yazıb: “15 sentyabr sabahı erkəndən 15-ci piyada tüməninə hücuma keçmə əmrini verdim... Düşmən məğlub olaraq geri qaçmağa başladı. Ermənikəndə qədər asan gəldik. Ermənikənddə düşmənlə bir müddət vuruşduq, bir qisim əsgər əsir götürüldü. Həmçinin 2 uzun mənzilli tüfəng, 8 səhra və 2 dağ topu ilə 2 təyyarə ələ keçirildi. Soldan irəliləyən 1-ci tabor yoxuşu çıxar-çıxmaz anidən rus və erməni zabit və əsgərlərdən ibarət toplu halda bir alay qədər qüvvətlə rastlaşdı. Onlar komandansız çaşmış bir halda qalmışdılar. Silah istifadə etmədən iki tərəf bir-birinə qarışdı. Sonra ağlı başına gələn düşmən Bakı istiqamətində qaçdı. İki tərəfin də bir-birinə qarşı süngü belə istifadə etməməsi təəccüblü şeydi... 1-ci tabor qaçan düşməni təqib edərkən 2-ci tabor sola yanaşaraq saat 08:30-da Bakının Çerniqorod qisminə hakim oldu və buradakı məhəlləyə yaxın quzey təpələri işğal edildi. Şəhərin bu qismi atəş altında saxlanıldı. Əhmədli tərəflərində olan və çoxu erməni atlı və piyada düşmən əsgəri də milis qüvvətlərimiz qarşısında geri çəkilərək qaça-qaça şəhərə gedirdi... 38-ci alay saat 15-də Bakının Çerniqorod qisminə girib hakim nöqtələri ələ keçirərək əsirləri və silahları toplamağa başlamışdı. İlk həmlədə 2 zabit və 80 əsgər əsir götürüldü. Həmçinin 800-ə yaxın tüfəng və 6 makinəli tüfəng ələ keçirildi... Axşama doğru şəhərə girən albay Cəmil Cahidin bütün şəhərə mövqe komandanı təyin edildiyi xəbərini eşitdik... Axşam gec vaxtda Güzdəkdə qalmış Qafqaz İslam Ordusu komandanı Nuri paşadan iki telefon əmri gəldi. İlkində 15-ci piyada tüməninin 5-ci Qafqaz Tümən komandanı Mürsəl paşanın əmrinə verildiyi bildirilirdi. İkincisində isə deyilirdi: “Bakının zəbti üçün edilən müharibələrdə bütün birliklərin zabit və əsgərlərinə göstərdikləri qeyrət və fədakarlıqlara görə təşəkkür edirəm”... Bakının zəbti üçün həyata keçirilən son iki günlük hücumda ən çox 15-ci piyada tüməninə mənsub 56-cı və 38-ci alaylar qəhrəmancasına vuruşmuş və bir çox itkilər vermişdi. Hücum nəticəsində tümən əmrində olan bu iki alaydan 6 zabit və 84 əsgər şəhid olmuş, 12 zabit və 373 əsgər də yaralanmışdı. Bakıdakı məğlub ingilislər vapurlarla Ənzəliyə qaçdılar. 5000-6000 piyada, 100 makinalı tüfəng və 20-yə qədər topdan ibarət olduğu təxmin edilən digər rus və ermənidən ibarət düşmən qüvvəti də yenə vapurlarla Dərbənd və Petrovsk şəhərlərinə nəql edilmişlər”.
Təzəpirdə cümə namazı
Süleyman İzzət bəyin əsərində türk ordusunun hərəkət istiqamətləri günbəgün detallı şəkildə verilib. Bakının azad edilməsindən sonra 15-ci tümən başqa şəhərlərə göndərilib. Lakin tümənin ali rütbəli zabitləri daha sonra Nuri paşanın dəvəti ilə yenidən şəhərə gəliblər. Süleyman İzzət bəy bu dəvətdə iştirak edən Azərbaycan hökuməti üzvləri barədə qısa da olsa məlumat verib: “27 sentyabr 1918-ci ildə Qafqaz İslam Ordusu komandanı Nuri paşa və 5-ci Qafqaz Tümən komandanı Mürsəl paşanın dəvəti üzərinə 15-ci piyada tüməninin yüksək rütbəli zabitləri ilə birlikdə Bakıya getdik. Azərbaycan hökumətinin öndə gələnləri – Baş nazir Fətəli xan (çox zəki və ləyaqətli bir insandır), xarici işlər naziri Məhəmmədhəsən Hacınski (yaşlıdır və əsl məsləyi mühəndislikdir), daxili işlər naziri Cavanşir bəy, maliyyə naziri Əbdüləli bəy, iaşə naziri Aşurov, ziraət naziri Xosrov bəy Sultanov və qazi Mustafa əfəndi ilə tanış olduq. Avstriya konsulluğuna yeni təyin edilən Baron Benedek də orada idi. Daha əvvəl hazırlanan avtomobillərlə və xüsusi törənlə Təzəpir məscidinə getdik. Məscidin bir tərəfi rus topçu mərmiləri ilə təxrib edilmişdi. Böyük bir kütlə ilə cümə namazı qılındı. Xütbə və mövludi-şərif oxundu. Sonra ordu qərargahına qayıdıldı. 28 sentyabr 1918-ci ildə Gəncəyə gedən Nuri paşa Mürsəl paşanı yerinə vəkil olaraq qoydu. 29 və 30 sentyabr tarixlərində əskikliklərin tamamlanması ilə məşğul olundu. Dəmiryolu Yalamaya qədər nəqliyyata uyğun bir hala gətirildi. Telefon əlaqəsi tamamilə quruldu”.
Denstervill haqqında
Süleyman İzzət bəy Bakı uğrunda döyüşlərdə məğlub etdikləri ingilis komandanı Denstervill haqqında da maraqlı fikirlər işlədib: “Bakıda məğlub olan ingilis generalı Denstervill Bakıya gəldiyi zaman Bakıdakı ingilis qüvvətinin 5000-ə çıxarılacağını və əl birliyi ilə hücum edilərək türklərin Qara dənizə qədər sürgün ediləcəyini elan etmişdi. Nəinki türkləri Qara dənizə qədər qovalaya bildi, hətta Bakını belə müdafiə etməyən bu general türklərin hücumları qarşısında məğlubiyyətə məruz qalaraq özünü və qüvvətini zorla gəmilərə mindirdi və Bakıdan Ənzəli istiqamətinə dəniz yolu ilə fərar etdi”. Yeğin Biçeraxovun da eyni aqibətə məruz qaldığını yazıb.
Gəncədə vida mərasimi
İngilislər Osmanlı dövləti ilə Mudros müqaviləsini imzaladıqdan sonra türk ordusu Qafqazı tərk etməli olub. Bu münasibətlə noyabr ayının 10-da Bakıda Azərbaycan hökuməti Nuri paşanın şərəfinə ziyafət verib. Ziyafətdə Əhməd bəy Ağaoğlu, Məhəmmədəmin Rəsulzadə və digərləri nitq söyləyiblər. Rəsulzadə çıxışında türk ordusu və onun komandanı haqqında xoş ifadələr söyləyib: “Dağları, dərələri, susuz səhraları aşıb gələn qardaşlarımızla bərabər, şu doğma torpaqlarımız üzərində qan yalaşdıq, yenidən qardaş olduq. Torpaqlarımız əsrlərdən bəri yekdigərini qeyb etmiş qardaşların əməl yolunda verdikləri qurban qanları ilə islandı. Turan toxumu əkildi. O böyük fikrin ulduzu doğdu. Dan yeri ağardı. Osmanlıların adlı-sanlı türkçülərindən:
“Vətən nə Türkiyədir türklərə, nə Türküstan,
Vətən böyük və müəbbəd bir ölkədir – Turan”
deyən Ziya Gökalp bəy, hərbi-ümuminin başlanğıcında xeyirli fal açaraq:
“Rusiya dağılıb viran olacaq,
Türkiyə böyüyüb Turan olacaq” demişdi. Turan bu gün maddətən qazanılmamışsa da, mənən hasil olmuş, Turan fikri doğmuşdur. Bir kərə doğan fikir bir daha ölməz, bir daha sönməz!
Ən qaranlıq gecələrimizdə bizə məşəli- hürriyyət gətirən və ən çətin dəmlərimizdə imdadımıza gələrək bizi xilas edən qardaşlarımızı bizə doğru qoşduran, yolumuzda qurbanlar verdirən iştə bu məfkurə, bu yeni doğmuş əməl günəşidir. O əməl günəşi ki, bir “nuru” da (Nuri paşayı göstərərək) iştə bizimlə bərabər! (Sürəkli alqışlar)
Yaşasın əməl yolunda fədayi-can edən Türk Ordu və zabitanı, yaşasın Böyük Turan!" (Təkrar sürəkli alqışlar).
Süleyman İzzət bəyin əsərindən aydın olur ki, 29 noyabrda Gəncə bələdiyyəsi də Osmanlı zabitlərinin şərəfinə nahar təşkil edib. Qonaqlıqda Nuri paşa da iştirak edib. Bələdiyyə sədri çıxışında türk komandanları haqqında tərifli sözlər söyləyib, ardınca Mürsəl paşa Balkan hərbinin, Birinci Dünya müharibəsinin səbəbələrindən və türk ordusunun qüvvətindən bəhs edib. Daha sonra Ruşən Əşrəf bəy və Əhməd bəy Ağaoğlu nitq söyləyiblər. Ardınca Nuri paşa turançılıq mövzusunda uzun bir çıxış edib. Paşadan sonra Süleyman İzzət bəy bələdiyyə sədrinə üzünü tutaraq şəhid olan türk əsgərləri ilə bağlı hüzünləndirici təklif irəli sürüb: “Yollardan keçərkən heç bir şəhid məzarı görmədim. Bəlkə də, ölülərimiz hələ də çayırlardadır. Bu şəhidlərimizi toplayın və uyğun bir yerə dəfn edin. Bu şəhidləri arasında heç olmasa zabitlərimizin adlarını və fotoşəkillərini birliklərindən istəyin. Məmləkətinizin müstəqilliyi uğrunda şəhid olan bu qəhrəman arxadaşlarımızı tarixinizə yazın. Bunu xüsusilə bələdiyyə sədrində rica edirəm”.
Bələdiyyə sədri bunu mütləq edəcəklərini bildirib.
Əsərinin sonunda bir çox Qafqaz İslam Ordusu zabiti kimi Süleyman İzzət bəy də Azərbaycandan ayrılmağın kədərli olduğunu yazıb: “Çox üzücüdür ki, xeyli qan tökərək nəticə əldə edən müzəffər türk zabit və əsgərləri Mudros müqaviləsinin ağır şərtləri altında Quzey Qafqazı və Azərbaycanı təxliyyə edərək yenə Qara dəniz sahilinə və buradan da ana vətənə qayıtdılar”.