21 Sentyabr 2023 09:05
1 452
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dedikləriniz yalan ola bilər, gördüklərinizsə doğrudur… (Çin atalar sözü)

Azərbaycan Çinin Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Çinlə sənaye, kənd təsərrüfatı, ticarət, turizm, İKT, nəqliyyat-logistika, tikinti və digər sahələrdə əməkdaşlıq edirik.“Bir kəmər, bir yol” strategiyası üçün Azərbaycan Respublikasının vacib ölkə olduğunu Çin rəsmiləri hər zaman qeyd edib. Ölkəmizin Çində ticarət nümayəndəliyi fəaliyyət göstərir.

Urumçi, Luco və Şanxayda Azərbaycanın Ticarət evləri açılıb. Azərbaycan Çinin müxtəlif bölgələrinə ticarət missiyaları təşkil edir.

Azərbaycanda 120-dək Çin kapitallı şirkət qeydiyyata alınıb. Ölkəmizdə dövlət vəsaiti hesabına icra edilən 600 milyon ABŞ dolları dəyərində layihələrdə Çin şirkətləri iştirak edib. Çin Azərbaycan iqtisadiyyatına 800 milyon dollar, Azərbaycan isə Çinə 1.7 milyard dollar sərmayə yatırıb.

İki il bundan əvvələ qədər çox qədim tarixi və mədəniyyəti olan Çin haqqında təsəvvürlərim məhdud çərçivədəydi. Daha çox qədim Çin səddi, kağızın, kompasın, kitab çapının, barıtın, ipəyin, çini şüşə kimi bir çox məmulatların yaradıcısı olan bir ölkə ağlıma gəlirdi. Həm də bəzən ucuz və çox vaxt keyfiyyətsiz Çin mallarının istehsal edildiyi, dünyada son zamanlar sürətlə inkişaf edən bir ölkə, hələ də kommunist ideologiyası ilə azad iqtisadiyyatı bir araya gətirən, uyğur türklərinin haqlarının pozulduğu, əhalisinin sayı 1 milyard yarımı keçən bir dövlət fikrimə gəlirdi.

İki il bundan əvvəl keramika haqqında kitab yazmağa başlayanda, əlbəttə, dünya keramika tarixi ilə ciddi maraqlanmağa başladım və bu ölkə qarşıma tamamilə yeni bir maddi-mənəvi qiyafədə çıxdı. Sanki fərqli bir sivilizasiya ilə üz-üzə dayanmışdım.

Bütün Çin ölkəsi boyu səpələnmiş qədim keramika sənət məktəbləri, onların iş üslubu, texniki, texnoloji, bədii müxtəliflikləri məni valeh etdi və nə zamansa mütləq bu ölkəyə səyahət edəcəyimi qərarlaşdırdım.

Tale elə gətirdi ki, bir şirkətdən olduqca bahalı bir layihəyə texnoloji rəhbərlik təklifi aldım və elə bu məsələ ilə bağlı Çin Xalq Respublikasına səfər etmək zərurəti yarandı.

Özlüyümdə ilk növbədə səfərin əsas məqsədi ilə yanaşı Çin memarlığı, keramikası, mətbəxi, məişəti, həyat tərzi ilə maraqlanmağı da bir vəzifə kimi qarşıma qoydum. Çinə birbaşa təyyarə reysi olmadığında Bakı-Dubay və Dubay-Pekin reysi ilə uçmalı olduq. Onu deyim ki, təsadüfən bizim səfərimiz ərəfəsində Azərbaycan Mədəniyyət Nazirliyinin nümayəndə heyəti də Çində səfərdə idi. Aldığım məlumatlara görə, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının Çinin müxtəlif şəhərlərində böyük səhnələrdə nümayiş olunması olduqca qürurverici bir hadisəydi.

Dubay Pekin və Pekin- Dubay təyyarə reysləri Çin və Pakistan üzərindən bir tərəfdən Tyan-Şan, digər tərəfdən də Altındağ, Kunlun dağlarının uzandığı ərazidən uçmaqla həyata keçirilir. İllüminatordan qarlı şiş uclu zirvələri az qala təyyarənin qanadlarına toxunan, bəzi yerlərində əsrarərəngiz gölləri göz oxşayan, bir-birini əvəzləyən Alp çəmənlikləri olan bu silsilə dağları, dünya ilə sanki heç bir əlaqəsi olmayan dərə kəndlərini seyr eləmək başqa bir aləmdir.

Pekin aeroportunda ilk diqqətimi cəlb edən kontrol-keçid sistemində demək olar ki, 100 faiz rəqəmsal texnologiyaların tətbiqi idi. Keçidin böyük hissəsini xüsusi avtomat köşklərdə qeydiyyatdan keçməklə adladıq. Şəxsi göstəricilərimizi, barmaq izlərimizi avtomatlara daxil etdikdən sonra əl əşyalarımızı rentgen kameralara daxil etdik, çox ciddi şəkildə yoxlanıldıqdan sonra rəsmən Çin ölkəsinə ayaq basdıq. Aeroport o qədər böyük idi ki, çıxışa bir neçə stansiyanı keçməklə qatarla çıxa bildik.

Bizi Pekin hava limanında getdiyimiz şirkətin əməkdaşı Rita qarşıladı. Çinlilər xarici satış və satınalmalara cəlb olunmuş işçilərə - xanımlara adətən belə Avropa adları verirlər ki, asan ünsiyyət qurmaq mümkün olsun. Sonradan öyrəndim ki, ilk baxışdan 16-17 yaşında bir qızı xatırladan Ritanın 32 yaşı və bir qızı var. Uşaq kimi atlanıb düşür, sanki sevincini gizlədə bilmirdi. Pekindən Guan şəhərinə yola düşdük, yol boyu o yarıçin, yarıingilis, mən də yarıazərbaycan yarıingilis, bəzən Google Translationun köməyi ilə danışa-danışa, gülə-gülə yola çıxdıq.

Son illər Bakı Mühəndislik Universitetində “Memarlıq abidələrinin müasir bərpa nəzəriyyəsi” fənnini tədris etməyimlə əlaqədar olaraq dünya, o cümlədən qədim Çin memarlığı ilə bağlı xeyli mütaliə etmişdim. Qədim Çində tikililərin böyük əksəriyyəti ağacdan tikilirmiş. İstər yaşayış binası olsun, istərsə də imperator sarayı, ilk növbədə, yuxarıdan tirlərlə bağlanan taxta sütunlar yerə vurulurdu. Bu əsas üzərindən daha sonra dam örtüyü qurulur, sonradan plitələrlə örtülürdü.

Sütunlar arasındakı boşluqlar kərpic, gil, bambuk və ya digər materiallarla doldurulurdu. Beləliklə, divarlar yükdaşıyıcı quruluş kimi xidmət etmirdi. Demək olar ki, tarixdə ilk dəfə çinlilər inşaat işlərində axın üsulundan istifadə etmiş və ayrı-ayrılıqda yığma konstruksiyalar hazırlayaraq bir-birinə geydirmə yolu ilə ağacdan sürətlə tikililər inşa edə bilmişlər.

Məsələn, məlumdur ki, İmperator iqamətgahı - Pekində ümumi sahəsi 720 min kvadratmetr olan Qadağan edilmiş şəhər cəmi 13 il ərzində tikilib (müqayisə üçün, Santa Maria Katedralının günbəzinin tikintisinə 30 il sərf olunub - Florensiyada del Fiore).

Çinin ənənəvi özəl memarlıq dekorasiyası belə binaların bütün dünyada tanınmasına töhfə verən Çin memarlığının elementlərindən biridir. Çin binalarının əsas xüsusiyyətlərindən biri də onların içbükey damlarıdır. Dünyanın harasında olursunuzsa olun, dam örtüyü konkav olan bina görəndə onun Çin üslubunda tikildiyini dərhal anlayacaqsınız.

Çində qara-ağ və ya boz tonlarda ənənəvi tikili görmək çox nadirdir. Çin memarlığı qədim Çin sivilizasiyasının bütün orijinallığını və xarakterik xüsusiyyətlərini ifadə edən mədəniyyətin əsas elementlərindən biridir. Çin heykəltəraşlığının Çin memarlığının mühüm komponentlərindən biri olduğunu desək səhv etmərik.

Daş heykəllər qədim Çin zadəganlarının yüksək statusunun sübutudur. Ənənəvi Çin heykəltəraşlıq növlərindən biri də daş üzərində oymadır ki, bu da əsasən əllə həyata keçirilirdi. Yolboyu və sonrakı günlərdə çinli dostlarımızla söhbətimiz zamanı məlum oldu ki, bəzən Çin əfsanə və ənənələrinin qəhrəmanının bu və ya digər fiquru yaratmaq üçün usta bir neçə il çalışıb. Səfərdə olarkən əjdaha, fil, aslan və sair daş təsvirlərinə, demək olar ki, hər yerdə: böyük darvaza örtüklərinin üstündə və qarşısında, parklarda, ictimai, hətta yaşayış binalarının, zavodların inzibati binalarının önündə, daş tağlarında rast gəldik.

Səfər zamanı onun ən azı iki möhtəşəm memarlıq nümunələrini ziyarət etmək fikrim var idi. Onlardan biri təbii ki, əsası memar Kuayi Xiyang tərəfindən 1420-ci ildə qoyulmuş Pekinin mərkəzində yerləşən məşhur saray kompleksi Qadağan olunmuş şəhər (sahəsi 961 x 753 metr, 720 min m2 olan və 980 binadan ibarət), digəri isə əsası b.e.ə. 475-221-ci illərdə qoyulmuş qolları ilə uzunluğu 21 196 km olan məşhur Çin səddi idi.

Çox təəssüf ki, səfər müddətində gərgin iş proqramıyla əlaqədar bu möhtəşəm abidələri ziyarət etmək imkanım olmadı. Amma yolboyu Pekindən Guan şəhərinə gedərkən saysız-hesabsız qədim və müasir memarlıq əsərləri yaddaşımda əbədi iz buraxdı.

Müasir Çin memarlığını xüsusi ilə qeyd etmək istəyirəm. Yaşayış binaları əsasən yığma-dəmir beton konstruksiyalardan inşa edilib. Bu ənənəvi Çin ağac memarlığının beton üzərindən axın texnologiyasının davamıdır. Yüksək keyfiyyət və sürət amili burda da önəmlidir. Binalar çox optimal qaydada yerləşdirilib, işıq-kölgə faktoru nəzərə alınıb, binalarası ərazidə sakinlərin istirahəti üçün geniş boş, lakin abadlaşdırılmış sahələr mövcuddur.

Keramika sahəsi ilə ciddi məşğul olduğumdan Çin səfərində onun keramika ənənələrini necə qoruyub saxladıqları və inkişaf etdirmələri ilə maraqlanmaya bilməzdim. Çin keramika sənəti bir neçə min il əvvələ gedib çıxır. Əminliklə deyə bilərik ki, çinli ustalar nəinki müasir çininin əsasını qoyublar, həm də utilitar estetikanın əsas prinsiplərini müəyyən edib, onu yüksək sənətə çeviriblər, öz əsərlərində təbiətlə insan arasındakı əlaqənin əsas mahiyyətini göstərə biliblər.

Çin dulusçuları dünya sənətinə çox şey verdilər: demək olar ki, bütün Uzaq Şərq keramikalarının Çin kökləri var. Bütün tarixi-siyasi təlatümlərə baxmayaraq, müasir Çin çinisi qədim Çin ənənələrinin qanuni varisi və daşıyıcısdır. Çin keramikasının yaşı 30000 ildən çoxdur. Biz təbii ki, onun bütün inkişaf tarixini şərh etmək fikrində deyilik. Bununla belə qeyd etməliyik ki, dünya çini keramikasının, şirləmə texnologiyasının yaranması və inkişafına görə şinlilərə borcludur. Bir mütəxəssis kimi mənim ən çox sevdiyim seladon adlı keramika məhsulu və onun hazırlanma texnikasıdır. Şimal seladon dulusçuluğu Şansi əyalətindəki sobalarda və emalatxanalarda istehsal olunan çox məşhur yüksək bişmiş dulusçuluq növüdür.

Keramika ənənəsi həm terrakota, həm də çini-saxsı növləri üzərində çox böyük ustalıqla zənginləşdirilməkdədir. Mən hələ kirəmit, üzlük keramika məmulatları kimi inşaat keramika məmulatlarında adamı valeh edən rəng, forma müxtəlifliyinin heyrətamiz vəhdəti haqqında yazmıram. Bu ayrı bir söhbətin mövzusudur.

Çin səfərimdə ən maraqlı məqamlardan biri tarixi neolit dövrünə gedib çıxan Çin mətbəxinin məziyyətlərini görüb dadmaq idi. Əslində məndən daha əvvəl oralarda olmuş tanışlarım bu mətbəxi heç də yaxşı təqdim etməmişdilər. Onlar hər tərpənən canlını atıb qazana bişirib yeyirlər, kimi bir fikir formalaşdırılmağa çalışılırdı. Birbaşa mətləbə keçərək qeyd edim ki, Çin mətbəxi sözün əsl mənasında məni valeh etdi.

İndi isə ardıcıllıqla. Rita ilə söhbət edə-edə sakit Çin milli musiqisinin sədaları altında nəhayət ki, 2 saatdan sonra şirkətə çatdıq. Yeri gəlmişkən qeyd etdim Çində olduğumuz 1 həftə ərzində bir dəfə də olsun belə qeyr-çin musiqisini eşitmədik.

Girişdə qapının üstündə xüsusi olaraq düzəldilmiş bizi firmamızın adı göstərilməklə salamlayan elektron lövhə çox gözəl düşünülmüşdü. Ürəyimizcə oldu.

Qısa görüşdən sonra bizə bir sürücü, Ritadan əlavə Kler və Ella adlı qızlar da qoşuldu və biz nahar üçün Сan Cou şəhərinə yollandıq. Şəhərin adı dəqiq olmaya bilər. Beləliklə, Çin mətbəxi ilə tanışlığımız başladı.

İlk baxışdan anladım ki, çinlilər qidalanma prosesinə, onun tərkibinə və prosedurna mədəniyyətin mühüm bir qolu kimi yanaşırlar. Demək olar ki, yerli bitki və canlıların böyük əksəriyyəti qida rasionunun ya komponenti, ya da elə özüdür. Daxil olduğumuz restoran dizayn baxımından olduqca maraqlı idi. Tədris etdiyim fəndən də bilirdim ki, Çin etnik dizayn üslubu boyaların dolğunluğu, səliqə-səhman, simmetriyanın güclü tətbiqi ilə xarakterikdir. Koloristik baxımdan Çin interyerində qara və qırmızı rənglər üstünlük təşkil edir. Bəzən bu rəng kompozisiyalarında yaşıl, bürüncü, sarı və mavi rənglər də effekt gücləndirici çalarlar kimi istifadə olunur. İstənilən halda qırmızı rəng – mifik əjdaha rəngi üstünlük təşkil etməkdədir.

Yeri gəlmişkən, bütün Çin şəhərlərini, magistral yolların kənarlarını bəzəyən al qırmızı bayraqlar da bu seçimin yayğın təzahürlərindən biridir. Bəzəmə və bitirmə üçün ən çox istifadə olunan materiallar ipək, keramika, bambuk, şüşə materiallarıdır.

Çin üslubunun ən parlaq elementlərindən biri Çin çinisi, lakla naxışlama və kalliqrafiyadır. Xüsusilə qeyd edim ki, Çin ieroqlifləri qeyri-çinlilər üçün ilk baxışdan möhtəşəm, bənzərsiz bir dizayn elementi təsiri bağışlayır və Çində interyer və eksteryerdə çox uğurla istifadə olunur.

Çinlilərə görə, interyerin düzgün işlənməsi nəinki daxili mühiti yaxşılaşdırır, gözəlləşdirir, həmçinin, karyer yüksəlişini, ailənin büdcəsinin artımını, hətta ailə münasibətlərinin düzgün tənzimlənməsini təmin edir. Çinlilər xüsusi Boqua xəritəsini tərtib etmişlər və buna əsasən interyeri zonallaşdırırlar və bu zonaları ayrı-ayrı rənglərlə ( məsələn, var-dövlət - göy rəng, şan-şöhrət - qırmızı rəng və s.) ayırırlar.

İnteryerdə energetik məsələlərin həlli xüsusi öməm daşıyır. Belə ki, neqativ enerjinin (Şa) mühitdən çıxarılması üçün Fen-Şuy təliminə görə:

- mühitdə sınıq əşyalar saxlamırlar;

- mühitdə iti alət və künclər ya heç olmamalı, ya da az olmalıdır;

- sevgi zonalarında, məsələn, yataq otağında su predmetləri, məsələn, akvariumlar yerləşdirilməməlidir. Çinlilərə görə, bu qarşılıqlı məhəbbəti yuyub apara bilər;

- yataq otağında massiv mebel yerləşdirilməməlidir. Onların pozitiv enerjiyə mane olduğu güman edilir.

İnteryer dizaynda Fen-Şuy fəlsəfəsinin tətbiqini biz olduğumuz, gəzdiyimiz bütün yerlərdə - oteldə, mollarda, restoranlarda, hətta, zavodlarda belə gördük. Beləliklə, restoranda bizi valeh edən Fen-Şuy harmoniyası bizi fərqli bir sivilizasiyaya düşdüyümüzə inandırdı.

Sonrakı günlərdə fərqli restoranlarda gördüyümüz fərqli yeməklər bizi sözün əsl mənasında şok etdi. Çinlilərin yemək mədəniyyətinə xüsusi önəm vermələrinin bir tarixi kökləri olduğunu bilirdim. Hardasa oxumuşdum ki, hələ Şan sülaləsinin qurucusu öz aşpazını baş nazir təyin edibmiş (Putin-Priqojin tandemi yadıma düşdü).

Qədimdə Çində kulinariya xüsusi qanunlarla tənzimlənirmiş. Məsələn, imperator həm mal, həm donuz, həm qoyun əti yediyi halda, nazirlər ancaq qoyun əti yeyə bilərdilər. Hələ Şan sülaləsi dövründə turşu qoyma, ət marinatlaması, duzlama və sair kimi məsələləri bilirdilər. Qədim türklərdən qoyun ətinə marağı götürmüş, onun qızardılması və saxsı qablarda bişirmə texnikasını mənimsəyib tətbiq etmişdilər.

Çin mətbəxi, yuxarıda qeyd etdiyimiz kimi çox rəngarəng və zəngindir. Şirin Kanton mətbəxi, daha çox vegeteriyan yeməklərlə səciyyəvi olan Anxoy, ətirli və şirin Fuzyan, yağlı Xunan, qeyri-adi Şandun, acı və yağlı Sıçyan, adətən göl balıqlarından və turşuya qoyulmuş dəniz məhsullarından ibarət Cezyan mətbəxləri həm tərkibi, həm hazırlanması, həm də dad xüsusiyyətləri ilə fərqli mətbəxlərdir.

Çində 56 millət yaşayır, onların 90%-dən çoxu Hanlar və ya Xanlardır (Çin). Xanlardan başqa, Çində Çjuanqlar, Mançurlar, Huilər, Monqollar, Uyğurlar, Miaolar və Tibetlilər də yaşayırlar. Bu xalqların da öz milli mətbəxləri var ki, onlar da ümumi Çin qida mədəniyyətinə öz rənglərini qatırlar.

Ümumçin mədəniyyətində uyğur və tibetlilərin xüsusi yeri var. Tibet, fərqli xüsusiyyətləri Tibet dili və Tibet Buddizmi olan mədəni və dini icmadır. Uyğurlar - Şərqi Türküstanın, indi Çin Xalq Respublikasının Sincan-Uyğur Muxtar Vilayətinin türk yerli xalqıdır. Dinlərinə görə, onlar sünni müsəlmanlardır. Uyğur dili türk dilləri qrupuna daxildir.

Oturduqda anda ilk diqqətimi çəkən masanın konstruksiyası oldu. Yan-yana qoyulmuş masaların üst kənarlarına elektrik plitəsi montaj olunmuşdu. İlk görən adam üçün bu bir dizayn elementi təəssüratı bağışlaya bilər, amma daha sonra bildik ki, bu əsl sobadır. İçərisinə yəqin ki, bulyon tökülmüş qazan soba üzərinə qoyuldu. Onu biz özümüz dövrəyə qoşduq və artıq 3 dəqiqə keçməmiş qaynamağa başladı.

Ənənəvi Çin taxta çubuq çəngəlləri gözdən qaçmadı. Yemək əsnasında belə başa düşdük ki, süfrəyə düzdükləri bıçaq çəngəllərin heç bir mənası yoxdur və o sırf bizə görə imiş. Beləliklə süfrəyə çox nazik doğranmış çiy mal, qoyun ətləri, dalınca balıq yeməyi, ördək əti və sair gəldi. Yeri gəlmişkən ördək əti çinlilərin ən sevimli yeməklərindən biridir. Sonrakı məclislərimizdə onun hətta dondurulmuş qanını da bizə təklif etdilər.

Beləliklə, ətimizi bişirməyə başladıq. Nazik doğranmış ət parçalarını qaynayan suya əlavə etməyə başladıq. 3 dəqiqədən sonra ümumi qazana hərə öz çubuğunu salıb yeməyə başladı. Hələ bişməz deyə tərəddüt etsəm də, əti ağzıma qoyduğumda onun asanlıqla çeynəndiyini hiss etdim. İlk dəfə bir xeyli gülüş doğuran çubuqla yemək əməliyyatına başladıq. Su qaynayıb buxarlandıqca qazana bulyon əlavə olunurdu. Eyni qazanda balıq və digər yeməkləri də bişirib yedik. Maraqlı idi ki, süfrəyə çörək verilmədi və bu bütün sonrakı günlərdə də eyni ilə davam etdi.

Bu yemək mədəniyyətində məni özünə çəkən ən mühüm məqam ondan ibarət idi ki, hamı məhz yemək prosedürasıyla məşğul idi. Çinlilərdə belə bir atalar sözü var: Danışıq düyü bişirməz. Düyü bişirməyi danışa-danışa etməyin isə öz ləzzəti olduğunun şahidi olduq. Hər kəs yemək hazırlama prosesinə qatıldığından bizdə olduğu kimi nə siyasi söhbətlərə, nə qadınların müzakirəsinə, nə qeybətə vaxt olmadı. Sonda buzlu şirə içib qalxdıq.

Otelimiz məşhur “Şeraton by 4 point” otellər qrupundan 5 ulduzlu otel idi. Elə ilk andaca möhtəşəm eksteryer və interyer dizayn diqqətimizi çəkdi.

Otağımızda olan televizor 30 kanalı tuturdu və onların hamısı Çin kanalları idi. Çində olduğumuz müddətdə bir dəfə də hay-küylü televiziya verilişini görmədim.

Növbəti gün otel restoranında səhər yeməyi də zəngin milli mətbəx təamları ilə olduğum digər ölkələrdəkindən daha fərqli və ekzotik idi.

Səhəri gün müzakirələrdən sonra xüsusi proqramla və məqsədlə təxminən 200 km aralıda yerləşən bir şəhərə yola düşdük. Yol boyu sanki bütün Çini sarmış kimi görünən yaşıllıq, meşə zolaqları, sonu görünməyən qarğıdalı plantasiyaları, geniş və mükəmməl texniki imkanları, işarələrinin bolluğu ilə fərqlənən yollar valeh etdi. Təbii ki, nə o gün, nə də sonrakı günlər Çin polisi gözümüzə dəymədi. Yol boyu keçdiyimiz şəhərlər əsasən modern memarlığı ilə fərqlənirdi. 30-40 mərtəbəli yığma dəmir-beton konstruksiyalardan tikilmiş binalar çox səliqəli görünürdü. Onlar arasındakı məsafələrin çoxluğu, abadlıq, bütün bu işlərə ciddi dövlət nəzarətinin olduğundan xəbər verirdi.

Orta Azərbaycanlın həmişə maraqlandığı qiymətlərə gəlincə, Çində həm evlərin, həm geyim və qida məhsullarının qiyməti Azərbaycanla müqayisədə yüksək olduğunu öyrəndik. Məsələn, öyrəndik ki, Pekində mənzilin 1 m2-nin qiyməti 7000-8000 manat təşkil edir. Maaşlar isə orta hesabla yaxındır.

Ən heyrətəgətirici məqamlardan biri Çində çox geniş yayılmış yüngül nəqliyyat vasitələrindən ən müxtəlif məqsədlər üçün istifadə olunması idi. Heyrətamiz geniş prospektlər, yollar sanki boş kimi görünürdü. Motosikletlərdə, velosipedlərdə, akkumlyator və eyni zamanda ayaqla pedal hərəkətə gətirilən mexanizmlərlə hərəkət etməyə üstünlük verilən Çinin, məsələn, Guan kimi milyonçu şəhərində toplu daşıma gözümüzə dəymədi. Var dedilər, amma görmədik.

Bununla belə, yol boyu keçdiyimiz qəsəbələrdə heç də hər şeyin yuxarıda qeyd etdiyim kimi yüksək səviyyədə olduğunu demirdi. İnsanların üzlərində yorğunluq, məyusluq, natamamlıq gözümüzdən yayınmırdı.

Nəhayət, biz hədəflədiyimiz müəssisəyə yetişdik. Açığı gözlədiyim yüksək texniki nailiyyətləri görmədik. Müəssisədə adi texniki təhlükəsizlik qaydaları çox zəif təşkil olunmuşdu. Yəni yeni, parlaq bir şey görmədim.

Səfərdən gec qayıtdıq. Bizim saatla axşam saat 5-də Çin saatıyla isə 9-da artıq oteldəyik. Yuyunub otelətrafı ərazini gəzməyə çıxdıq. Möhtəşəm mənzərə, hər tərəfi müxtəlif dizayn elementləri ilə dizayn olunmuş göl - park heyrətamiz gözəl idi. Xüsusilə qeyd edim ki, bu vaxtlarda Çində küçələrdə az adam gözə dəyirdi.

Çinin sosialist ruhu insanların həyat tərzində çox aydın təzahür etməkdədir. Bir az haşiyə çıxıb onu qeyd edim ki, bəlkə də başqa ictimai-siyasi formasiyada Çin boyda əhalini başqa cür idarə etmək mümkün olmazdı. Onsuz yeməkdə xüsusi kompleksi olmayan Çinlilər bir-birilərin basıb yeyərdilər...

Bu dəfəki şəhərimiz də təxminən 300 km məsafədə yerləşirdi. Yolboyu müxtəlif mövzularda söhbət etdik. Onların ibadətləri, xüsusilə, ibadət yerləri ilə maraqlandıq. Yarızarafat, yarıciddi “biz kommunist partiyasına inanırıq”, - dedilər. İbadətgahlar isə əsasən bölgələrdə qalıbmış.

Səhərisi gün də demək olar ki, eyni ssenari ilə səyahətə çıxdıq. Bu dəfə müzakirəmizdən sonra Lifang adlı şəhərə yollandıq. Lifanga çatdığımızda görüş üçün vaxtımız qaldığından bir restoranda oturduq. Və ilk dəfə robotlar bizə qulluq etdilər. Yanlış anlamadınız, bəli, məhz robotlar. Sifarişimizi gətirdilər, ödənişimizi qəbul etdilər və qalığımızı qaytardılar.

Yaxınlıqdakı bankların birində dollarımızı yuana dəyişmək istədik və sözün əsl mənasında burjua olduğumuzu anladıq. Bizə məşhur məsəldə deyildigi kimi, “proletar burjuaya baxan kimi” baxırdılar. Bir sıra mürəkkəb prosedurdan sonra, nəhayət, cüzi miqdarda, həmin banka ayrılan kvotaya uyğun şəkildə pul dəyişə bildik.

Bir dostum məndən ağlasığmaz bir xahiş etmişdi, qurbağa konservası alıb gətirməyi istəmişdi və söz vermişdi ki, onu mənim yanımda yeyəcək. Heç nə tapmadım. Smart saat və gödəkçə bahalı idi, dedilər ki, qurbağa konservası daha çox Tailandda satılır.

Gecə Çin yolları daha gözəl görünür. Saat yarımlıq yolumuz leysan yağışlarıyla müşayiət olundu. Bəlkə də on gündü ki, çimməyən taksi sürücüsündən gələn ürək bulandıran qoxu olmasaydı deyərdim ki, geri dönüşümüz də gedişimiz kimi möhtəşəm oldu.

Sonda Çinə işgüzar səfərimizlə bağlı gəldiyim nəticələri, müxtəlif təbəqədən olan soydaşlarımız üçün maraqlı ola biləcəyini nəzərə alaraq, hörmətli oxucularımızla bölüşmək istərdim:

1."Elm Çində də olsa, onun dalınca gedin".Məhəmməd Əleyhissəlamın bu məşhur kəlamı sözün əsl və hərfi mənasında bu gün olduqca aktualdır. Çin bu gün həyatın bütün sahələrində yön göstərici, dəb gətirici bir sivilizasiyadır.

2.Çinin sürətlə inkişaf edən rəqəmsal texnologiyaların tətbiqi məsələləri bu gün olduqca vacibdir. İş adamlarımız bu təcrübəni sürətlə öyrənib ölkəmizdə tətbiqinə tələsməlidilər.

3.Çin memarlıq və dizayn üslubu, Çin şəhərsalma mədəniyyəti, infrastruktur qurma təcrübəsi ciddi və ətraflı şəkildə tədqiq olunub proqressiv məqamlarından istifadə olunmalıdır.

4.Çinin nəqliyyat sisteminin ekoloji üstünlüyü, xüsusilə yüngül, karbon emissiyasını tamamilə aradan qaldıran nəqliyyat vasitələrindən geniş istifadə ənənəsini ölkəmizdə yaymaqda fayda var. İş adamlarımız belə mexanizmlərin istehsalını təşkil etməli, ölkəmizdə gələcəyin ekoloji təmiz və sağlamlığa xidmət edən nəqliyyat-daşıma, hərəkət sisteminin əsası qoyulmalıdır.

5.Çin mətbəx və qidalanma mədəniyyətinin müsbət və müasir tələbləri nəzərə alan tərəflərini öyrənməli, fast-foodun Çin versiyası təcrübəsindən faydalanmalıyıq.

Müxtəlif xəstəlikləri yaradan və inkişaf etdirən ağır yeməklərdən, xüsusilə, qızartma ət, kartof, çörək kimi ağır qida rasionundan imtina, yod və digər mikroelementlərlə zəngin dəniz məhsullarının tətbiqini təmin edən müasir mətbəx təsərrüfatının yaradılması işi, sağlam nəsil yetişdirmə baxımından önəmli oduğundan hətta dövlət səviyyəsində belə təşviq olunmalıdır.

6.Çini sürətlə irəli aparan mobil texnologiyaların istehsal və tətbiqi sahəsində dövlət səviyyəsində ciddi tədbirlərin alınmasına ehtiyac var. Bu, kiçik və orta sahibkarlığın inkişafına ciddi töhfə verə bilər.


Müəllif: Yasin Xəlilov

Oxşar xəbərlər