1943-cü il noyabrın 6-da Berlində “Kayserof” mehmanxanasında Əbdürrəhman Fətəlibəylinin təşkilatçılığı ilə Milli Azərbaycan Qurultayı keçirilib. Qurultay saat 10-da 300 nəfər azərbaycanlının iştirakı ilə baş tutub. Qurultayın Berlin nümayəndələrindən Məhəmməd Tuğayın təklifi ilə tədbiri 1920-ci il Gəncə üsyanının rəhbərlərindən Cahangir bəy Kazımbəyli açıb. Cahangir bəydən sonra Abbas bəy Atamalıbəyov çıxış edib. Ardınca mayor Fətəlibəylinin 1 saat 10 dəqiqəlik çıxışı dinlənilib. O, genişhəcmli çıxışında Azərbaycan Cümhuriyyəti tarixindən, ruslarla olan mübarizədən, Qafqaz birliyi məsələlərindən bəhs edib. Qurultayda Azərbaycan Milli Birlik Məclisi formalaşdırılıb. Nitqinin sonunda Fətəlibəyli Azərbaycan Milli Birlik Məclisinin vəzifələrini bu şəkildə izah edib: Bolşevizmin məhvi və müttəhid Qafqaza daxil olan müstəqil Azərbaycan dövlətinin bərpası; Bütün Qafqaz xalqları və böyük Almaniya ilə dostluqda bolşeviklərsiz və istismarçılarsız yeni Azərbaycan yaratmaq.
6 noyabr axşamı qurultayda legioner andı içilib.
Milli Azərbaycan Qurultayı 6-8 noyabr günlərində baş tutub. 7 noyabrda Fətəlibəyli yüksək alman zabitləri ilə birgə şəhid əsgər abidəsinə çələng qoyub. Ogünkü tədbirdə alman zabitləri, müfti Əmin əl-Hüseyn iştirak edib. Azərbaycan legionunun alman komandanı oberst leytenant Böhmenin çıxışından sonra Fətəlibəyli rus dilində nitq söyləyib. Tədbirdə həmçinin Fuad Əmircan, polkovnik İsrafil bəy , Baş molla Axundov, İdil-Ural Tatar Milli Komitəsinin başçısı Əbdürrəhman Şəfi Elmas, Türküstan Milli Komitəsinin prezidenti Vəli Kayyumxan, Şimali Qafqaz Milli Komitəsinin sədri Əhmədnəbi Maqoma və zabitlər çıxış ediblər. Qurultayın yekununda Azərbaycan Milli Birlik Məclisinin siyasi proqramı qəbul edilib. Məclis Azərbaycan legionunun bütün hissə və bölmələrindən, eləcə də siyasi mühacir təşkilatlarının nümayəndələrindən seçilmiş 50 nəfərdən ibarət idi. Qurultay barədə Cabbar İbrahimoğlunun redaktorluğunda 1944-cü ildə “Birinci Azərbaycan Birlik Qurultayı” adlı broşür çap olunub. Azərbaycan Milli Birlik Məclisi təsis edildikdən sonra onun Parisdə və Varşava şəhərlərində şöbələri fəaliyyətə başlayıb.
Milli Birlik Məclisi ruslarla savaşan azərbaycanlı hərbçilər üçün milli ordenlər də təsis edib. Onlardan ən önəmlisi “Boz Qurt ” ordeni idi. Bu ordenin təsis edilməsi ilə bağlı qurumun rəsmi orqanı olan “Milli Birlik” dərgisinin 6-cı sayında “Boz Qurt” adlı yazı dərc olunub. Məcmuənin məsul redaktoru olan C. Gursunun (legioner Cəlil İskəndər) imzası ilə çıxan məqalədə yazılıb:
“Bu, bir türk əfsanəsidir. Əski, çox əski çağlarda düşmənlərlə mübarizədə yaşıl yaylalarını tərk etməyə məcbur olan dədələrimiz hər tərəfi dağlarla çevrilmiş çüxur bir ovada yaşar, ovçuluq və maldarlıqla keçinərlərmiş. Əvvəlləri sayca az olan bu camaat yaşadığı yeri tərk etmək ehtiyacını o qədər də hiss etməzdi. Qəbilə və onun sürüləri artdıqca məkanı dəyişdirmək, yeni əlverişli yerlərə çıxmaq, türk ağalığının sahəsini genişləndirmək ehtiyacı hiss edilməyə başlandı. Bu maddi ehtiyaclarla birlikdə bir də dədə-babalarının türk qəhrəmanlığı haqqındakı nağıllarından ürəkləri alovlanmış və türklüyün adını dar ovadan çıxarıb yenidən dünyaya yaymaq cavanlar üçün önünə keçilməz bir istək olmuşdu. Fəqət bu qapalı sahədən bir dürlü çıxış yolu bulmaq mümkün olmurdu.
Qurtuluş yolu tapmaq uzandıqca dədələrimizin də buradan çıxmaq, millətin güc və bacarığını başqa meydanlarda nümayiş etdirib türk nüfuzunu artırmaq təşəbbüsləri çoxalmaqda idi.
Soyuqların bitib yazın başladığı 22 mart gəlmişdi. Qəbilə adamlarının qızğın yaz işləri ilə məşğul olduqları bir gündü. Haradansa boz rəngli bir qurt gəldi. Bu keçilməz yerlərə indiyə qədər görülməmiş qurtun haradan gəldiyi hər kəsi düşündürməyə başladı. Ellikcə onu izlədilər. Qurd yürüdü, heç kəsin bilmədiyi bir mağaraya girdi və oradakı dar bir keçiddən başqa bir dünyaya çıxdı. Xalq dəmirçi gətirdi. Böyük bir atəş yaxdılar. Keçidi genişləndirdilər. Hamı açılan yoldan Boz Qurdun izi ilə yeni, geniş dünyaya çıxdılar.
Boz Qurd türk xalqına işıqlı dünya, hökmranlıq üçün geniş sahələr açdı. O zaman şamanist olan dədələrimiz Boz Qurtu müqəddəs sandı. O gündən türk bayraqlarına Boz Qurdun simvolu olan bir Qurd başı rəsm edildi.
Ta son zamanlara qədər qurt türk xalqının müqəddəs bildiyi bir heyvan olmuşdur. Türk xalqlarının bir çoxları (məsəla: Türkiyə türkləri, Orta Asiya türkləri) hələ bu gün belə milli nişan olaraq qurt başını iftixarla rəsm etməkdədirlər. Qurdun türklərcə müqəddəs heyvan olduğu Azərbaycanın ən qədim xalq nağıllarından olan Dədə Qorqud nağıllarında da təsbit edilməkdədir.
Azərbaycan Milli Birlik Məclisinin “Boz Qurd” adında orden təsis etməsinin səbəbi beləliklə aydınlaşmış olur. Boz Qurd Türk qurtuluşunun, Türk istiqlalının və Türk ağalığının simvoludur”.
(Müəllif məşhur “Ergenekon dastanı”nı ixtisarla yazıb).
Dərginin bu sayında “Boz Qurd” ordeninə layiq görülən bir azərbaycanlı haqqında da məlumat verilib. “İstiqlal yolunda bir şəhid daha” adlı yazıda şəxsin fotoşəkli də dərc olunub. Məqalədə yazılıb:
“Azərbaycan Milli Birlik Məclisinin fərmanı üzrə “Boz Qurd” ordenilə təltif edilmiş feldvebel Əsədov Vətənimizin istiqlalı yolunda mübarək canını şəhid verən minlərcə qəhrəmanlarımızdan biridir. Digərləri kimi onu da istiqlal mücahidləri heç bir zaman unutmayacaqlar. Çünki o və onlar ən müqəddəs iş uğrunda son vəzifələrini yapmış, Milli Birlik Məclisi qarşısında namus və şərəf üzərinə içdikləri anda son dəqiqəyə qədər sadiq qalaraq şəhid olmuşlar.
Qısa, pək qısa, lakin çox şərəfli bir həyat yolu keçən feldvebel Əsədov 1915-ci ildə Azərbaycanın Sabirabad şəhərində anadan doğulmuşdur. Gözlərini sovet şəraitində dünyaya açan o, heç bir ağ gün görmədi. Oxumaq üçün girdiyi gah bu, gah da o məktəbdən varlı oğlusan deyə qovuldu... Ailəsi və yaxın qohumlarının səsi alınaraq sürgünlərə göndərildi.
O çox vaxt işsiz, ac-yalavac gəzdi. Bununla bərabər, qəlbində insanları sinif adına müxtəlif qruplara, düşmən cəbhələrə ayıran sovet quruluşuna sönməz nifrət bəslədi, bu quruluşa düşmən kəsildi.
Əsədov vətənini çapıb-talayan, onun ən yaxşı övladlarını Sibir sürgünlərinə yollayan Sovet quruluşuna düşmənçiliyini sözdən-işə keçirmək üçün alman-sovet müharibəsindən istifadə etdi.
Müharibənin ilk günlərindən əsl dostu almanlar tərəfə keçərək vətəninin azadlığı uğrunda mübarizəyə qoşuldu. Bu mübarizə çöllərində o, öz millətinə yaraşan bir çox qəhrəmanlıqlar göstərdi. Daima əsgərlərinə nümunə oldu. Öz qoçaqlığı ilə azəri türklərinin şərəfli adını bir daha yüksəltdi.
Könlündə ancaq Vətən və millət sevgisinə yer vermiş olan Əsədov bu sevgi uğrunda şəhid oldu. Bütün istiqlal şəhidlərimiz kimi onu da daima sevgi və sayğı ilə anacağıq. Müzəffər olaraq yurda döndüyümüz gün azad vətən torpaqlarında bütün şəhidlərimizə olduğu kimi onun da müqəddəs xatirəsi qarşısında diz çökəcəyik”.
Təəssüf ki, “Boz Qurd” ordenini alan digər şəxslər və ordenin təsviri ilə bağlı məlumat əldə edə bilmədik.