26 Oktyabr 2023 16:31
411
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Yuxarı Qaramanlı kənd sakinləri ilə növbəti səyyar qəbulunu həyata keçirib.

Teleqraf.com xəbər verir ki, vətəndaş qəbulunda Neftçala icra başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak edib.

Öncə ulu öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.

Yuxarı Qaramanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi çıxış edərək Yuxarı Qaramanlı kəndi haqqında görüş iştirakçılarına və qonaqlara geniş məlumat verib.

Çıxış edənlər “Ölkəmizin xarici siyasət quruculuğunda Ümummilli Lider Heydər Əliyev strategiyası” mövzusunda görüş iştirakçılarını məlumatlandırıblar.

Qeyd olunub ki, Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı və uğurlu xarici siyasəti sayəsində Azərbaycan dünya dövlətləri arasında söz sahibinə çevrildi. Bu siyasətin Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla aparılması görüş iştirakçılarına çatdırılıb.

Görüşdə çıxış edən icra başçısı Mirhəsən Seyidov 44 günlük Vətən müharibəsində iştirak edən vətən oğullarının igidliyindən, döyüş yolundan söz açıb. O bildirib ki, sentyabrın 12-dən 13-nə keçən gecə və 10 aprel 2023-cü ildə düşmənin təxribatı zamanı qəhrəmancasına döyüşən hərbçilərimiz ordumuz üçün əhəmiyyətli yüksəkliklər əldə edib. İcra başçısı düşmənin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalan igidlərdən, eləcə də yaralanan hərbçilər haqqında danışıb. O, şəhid ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralı hərbiçilərə tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayıb.

“30 il bundan öncə, 1993-cü ilin iyun ayında xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev müstəqil Azərbaycanın qurucusuna çevrildi. Ulu öndər nəinki ölkəmizdə siyasi sabitlik və təhlükəsizliyin bərqərar olmasına nail oldu, həmçinin rəhbərliyi altında həyatın bütün sahələrində olduğu kimi, Azərbaycanın milli maraqlarına əsaslanan müstəqil xarici siyasət kursunun təməli qoyuldu.

Dövlət müstəqilliyi qazanandan sonra ölkənin qarşısında duran mühüm vəzifələrdən biri milli mənafelərə əsaslanan səmərəli və praqmatik xarici siyasət kursunun müəyyən edilərək həyata keçirilməsi idi. Bu istiqamətdə öncə müstəqil xarici siyasətin təməlində dayanan vətənpərvərlik, Azərbaycanın tarixi yaddaşının bərpası istiqamətində ulu öndər tərəfindən atılan qətiyyətli addımlar milli ruhun canlanmasına xidmət göstərib, özünüdərki və soy-kökə qayıdışı təmin edən tədbirlər əsas rol oynadı. Beynəlxalq təşkilatlarla yanaşı, xarici dövlətlərlə bərabərtərəfli əlaqələrin inkişafı, dünyanın güc mərkəzləri ilə dəqiq və nəticəyə hesablanan, Azərbaycanın dövlət maraqlarının qorunduğu münasibətlər sisteminin formalaşdırılması məhz ulu öndərin təməlini qoyduğu xarici siyasətlə bağlıdır”, - deyə Mirhəsən Seyidov vurğulayıb.

İcra başçısı qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, əsgər və zabitlərimizin, xalqımızın birliyi nəticəsində torpaqlarımız 44 günlük Vətən müharibəsi ilə işğaldan azad olunub. O, işğaldan azad olunan ərazilərdə və Neftçala rayonunda görülən yenidənqurma işləri haqqında görüş iştirakçılarına məlumat verib.

Səyyar qəbulda öncə sakinlər rayonda aparılan abadlıq-quruculuq işlərilə əlaqədar təşəkkürlərini bildiriblər, daxili yolların təmiri, elektrik təsərrüfatının yenilənməsi və digər məsələlərlə əlaqədar təkliflər səsləndiriblər.

Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.

Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, rayon ərazisində aparılan abadlıq- quruculuq işlərinə görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər