30 Oktyabr 2023 10:52
458
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalqımıza qarşı həyata keçirilən belə nifrət cinayətlərinin ən böyüyü 7 rayonun yer üzündən silinməsidir. Əks halda sual olunur: Bir dövlət özününkü saydığı torpaqlarda əsrlərlə yaradılan maddi-mədəni sərvətləri niyə dağıtsın ki?

Teleqraf.com xəbər verir ki, bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc Bakıda keçirilən "Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair hesabat"ın təqdimatında deyib.

O qeyd edib ki, Avropa Şurasının tərifinə görə, nifrət nitqi, dözümsüzlüyə əsaslanan irqi nifrəti, ksenofobiyanı, anti-semitizmi və nifrətin digər formalarını yayan, təhrik, təbliğ edən və ya əsaslandıran bütün ifadə formalarıdır: “Bir millətin digərindən üstünlüyünü iddia edən ari irq iddiasının - faşist ideologiyasının tərkib hissəsi kimi “nifrət nitqi” yalnız tribunlardan, kitablardan, efirdən, mətbu orqanlardan səslənməklə məhdudlaşıb qalmır, sonra dağıdıcı qüvvələrin əlində gerçək qırğın aktlarına, qanlı terror əməllərinə və əbədi savaşlara səbəb olur.

“Nifrət nitqləri və cinayətləri” siyasətə çevrilməklə, dövlət idarəçiliyinin ən yüksək səviyyəsinə daşınmaqla təkcə fərdlərə deyil, bütöv xalqlara və regionlara təhlükə gətirir. On illər ərzində türk məfhumunu “düşmən” sözünün sinonimi kimi tirajlayanlar məişətdən dövlət səviyyəsinə qədər bir-biri ilə o dildə danışıblar.

Əlbəttə, ailə tərbiyəsinin kanonları burada mühüm rol oynayır. Ermənistan baş nazirinin etirafı ictimai leksikonun və siyasi məfkurənin nə qədər zəhərləndiyini göstərir. Paşinyandan sitat: "Mənə “türk Nikol” deyirlər. Lakin mən bunu təhqir saymıram”. Şüurlara əkilən zərərli toxumlar təkcə Türkiyə və Azərbaycana deyil, elə ermənilərin özünə də zərbə vurur”.

Zahid Oruc bildirib ki, qatı nifrət nümunələrindən biri Robert Koçaryanın beynəlxalq kürsüdən səsləndirdiyi ksenofob, irqçi, şovinist “genetik uyğunsuzluq” bəyanatı idi: “Barışıq və əmin-amanlığı dəyərsizləşdirən, millətləri biolojiləşdirən, Avropa ailəsinin üzvü olmaq istəyən səhra komandirinin tayfa təfəkkürü göz qabağındadır. Beynəlxalq ictimaiyyətdə ziyalı, professor kimi tanınan Giorgi Derlunqyan Civilnet platformasında azərbaycanlıları nəzərdə tutaraq, “onlar kəndçi millətidir, təbii artımları üçüncü dünya ölkələrindəki kimidir” açıqlaması alim statusundan uzaqdır, çünki elmdə belə bölgülərə yer yoxdur”.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər