Qarabağda həyata keçirilən antiterror tədbirləri zamanı şəhid olan 6 abşeronlu igidimizin - Arzullayev Murad Təvəkkül oğlunun, Manafov Qiyas Ramil oğlunun, Eyvazov Vüqar Eyvaz oğlunun, Rəhimov Ramil Sücəddin oğlunun, Balabəyli Elcan Vasif oğlunun və Hüseynov Səbuhi Məhbub oğlunun qırx mərasimi və Vətən Müharibəsi zamanı şəhidlik zirvəsinə yüksələn İlyasov Fərid İbad oğlunun 3-cü ildönümü qeyd edilib.
Teleqraf.com xəbər verir ki, anım tədbirində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri, vətən müharibəsi iştirakçıları və rayon içtimaiyyəti iştirak edib.
Mərasim iştirakçıları İkinci Fəxri Xiyabanda şəhidlərimizin məzarlarını ziyarət edib, ruhlarına dualar oxuyublar.
RİH başçısı Abdin Fərzəliyev çıxış edərək bildirib ki, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, uzaqgörənliyi, qətiyyəti sayəsində “Dəmir yumruq” ətrafında sıx birləşən xalqımız Vətən müharibəsində düşməni diz çökdürüb, 30 illik vətən həsrətinə son qoyulub: “Xalqımızın qalib gəldiyi 44 günlük müharibəsindən sonra Ermənistanın kapitulyasiya Aktına imza atmasına baxmayaraq ermənilərin Qarabağda terror fəaliyyətlərini davam etdirmələri antiterror əməliyyatlarının keçirilməsini qaçılmaz edib. Bu əməliyyatlarla terrorçular məhv edilib, bəziləri isə Ermənistana qaçıb Azərbaycanın ərazi bütövlüyünün tam təmin edilib, xalqımız Ali Baş Komandan İlham Əliyevin Xankəndidə və Xocalıda bayrağımızı qaldırmasını iftixar və qürur hissi ilə izləyib”.
Vətən Müharibəsi şəhidi Vidadi Zalovun atası, Abşeron rayon Ağsaqqallar Şurasının sədri Nizami Zalov çıxış edərək uğurlu antiterror əməliyyatının ordumuzun gücünü və istənilən hərbi əməliyyatı icra etmə qabiliyyətini bütün dünyaya göstərdiyini söyləyib.
Vətən Müharibəsi iştirakçısı, polkovnik Məhərrəm Həmidov ermənilərin həm 44 günlük Vətən müharibəsinə qədər, həm də müharibədən sonra həyata keçirdikləri terror fəaliyyətlərindən ətraflı danışaraq şanlı ordumuzun uğurlu antiterror tədbirləri nəticəsində düşmənin təxribatlarının tamamilə qarşısının alındığını və vətənimizin ərazi bütövlüyünün tam şəkildə təmin edildiyini qeyd edib.
Şəhidlərimizin xatirəsinə ehsan süfrələri açılıb, onların ruhlarına dualar oxunub.
O cümlədən abşeronlu Vətən Müharibəsi şəhidlərinin 3-cü il dönümlərinin qeyd olunması davam etdirilib. Rayon rəhbərliyi şəhidlərimiz Ələkbərov Röyal Fərmayıl oğlu, Ələkbərov Əli Ələkbər oğlu, Əlimərdanov Elvin İlham oğlu, Hacıyev Ramid Nəriman oğlu, Hüseynov Rəhim Qədir oğlu, Müslümov Elşən Habil oğlu, Mehdiyev Rəşad Rəhman oğlu, Abbasov Səxavət Rizvan oğlu, Turabov Rüstəm Fərman oğlu, İsgəndərov Anar Vahid oğlu, Xəlilov Ruhin Müzəffər oğlu, Haşımov Fuad Ceyhun oğlu, Vəliyev İlqar Cahid oğlu, Əhmədov Mənsur Mamed oğlunun, Bədəlov Seymur Hüseyn oğlu, Qulamlı Afiq Fərhad oğlu, Vəliyev Elyar Arif oğlu,
Qarazadə Nicat Malik oğlu, Xosrovzadə İlkin Azay oğlu, Paşayev Elsəvər Vaqif oğlu, Əhmədov Emil Bahaddur oğlu, Heydərov Qadir Ədalət oğlu, İbadov Rauf Məhərrəm oğlu, Salmanov Azər Vəfadar oğlunun məzarlarını ziyarət edib, ruhlarına dualar oxunub, şəhidlərimizin ailələri ilə görüşərək onların qayğıları və problemləri ilə maraqlanıb.