Vaşinqton şəhərində ABŞ-nin nüfuzlu Corc Vaşinqton Universitetində tanınmış alman alimi Dr. Mixael Reinhard Hessin müəllifi olduğu “Şuşa irsi: Azərbaycanın mədəniyyət paytaxtının tarixi və inkişafı” və “Qarabağ XIII əsrdən 1920-ci ilədək. Azərbaycan tarixini vərəqləyərkən” kitablarının təqdimatı keçirilib.
Azərbaycan Respublikasının ABŞ-dəki Səfirliyindən Teleqraf.com-a verilən xəbərə görə, tədbir Zəfər bayramı ərəfəsində Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı Səfirliyi, Corc Vaşinqton Universitetinin Azərbaycan Tələbə Assosiasiyası və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.
Ətraflı
Tədbirdə Corc Vaşinqton Universitetinin və digər ali təhsil müəssisələrinin müəllim və tələbələri, Vaşinqton şəhərində fəaliyyət göstərən diplomatik nümayəndəliklərin təmsilçiləri, lobbi təşkilatları, düşüncə mərkəzləri, media və qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də ABŞ-də yaşayan soydaşlarımız iştirak edib.
Tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının ABŞ-də fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim tədbir iştirakçılarını salamlayaraq tədbirin təşkilatçılarına təşəkkürünü ifadə etmiş, Azərbaycan tarixi və mədəniyyətinə dair dəyərli kitabların təqdimatı üçün Berlindən Vaşinqtona səfər edən alman alimi Dr. M. Hessə öz dərin minnətdarlığını bildirmişdir. Səfir Azərbaycanın işğaldan azad olunmuş ərazilərində, o cümlədən Şuşada ölkəmiz tərəfindən həyata keçirilən böyük bərpa və yenidənqurma işlərinə toxunaraq, tədbirin keçirildiyi bir vaxtda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şuşa irsinin bərpası və yenidənqurma işləri ilə bağlı tədbirlərdə iştirak etmək məqsədilə Şuşaya səfər etdiyini vurğulayıb. Azərbaycanın Qarabağ bölgəsinin, ələlxüsus Şuşanın ölkəmizin zəngin tarixi və mədəni irsində xüsusi yerə malik olduğunu və bu əsrarəngiz gözəlliyə malik diyarın Azərbaycan mədəniyyətinin beşiyi olduğunu qeyd edib. ABŞ-də ilk dəfə təqdimatı keçirilən bu kitabların ölkəmizin tarix və mədəniyyətinin öyrənilməsi, eləcə də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyəti vurğulanıb.
Tədbirdə çıxış edən Dr. M. Hess müəllifi olduğu hər iki kitab barədə tədbir iştirakçılarına ətraflı məlumat vermiş, Azərbaycanın Qarabağ bölgəsinin və Şuşanın zəngin tarix və mədəniyyətindən bəhs etmişdir. Şuşada yaşayıb yaratmış tarixi şəxsiyyətlərin, xüsusilə Molla Pənah Vaqif, Xurşidbanu Natəvan, Əbdürrəhim bəy Haqverdiyev və Üzeyir Hacıbəyovun Azərbaycan ədəbiyyat və mədəniyyət tarixində xüsusi yerə malik olduğunu qeyd edib. Müəllif elmi-tədqiqat əsərləri olan təqdimatı keçirilən kitabların Azərbaycan tarixi və mədəniyyəti barədə, xüsusilə ingilisdilli qərb auditoriyasına xitab etdiyini bildirmişdir. Vurğulanmışdır ki, “Şuşa irsi: Azərbaycanın mədəniyyət paytaxtının tarixi və inkişafı” adlı kitab Şuşa irsinə dair ingilis dilində yazılmış ilk elmi monoqrafiyadır.
Corc Vaşinqton Universitetinin Təhsil və İnsan İnkişafı Məktəbinin dekanı, prof. Maykl Foyer tədbirdə çıxış etmişdir. O, ölkəmizin zəngin tarixi və mədəni irsə malik olduğunu qeyd edib. Prof. Foyer, həmçinin onun təmsil etdiyi universitetlə ölkəmiz arasında olan təhsil əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini ifadə etmiş və Corc Vaşinqton Universitetinin Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə birgə həyata keçirdiyi proqramı məmnunluqla qeyd edib.
Tədbirdə çıxış edən Corc Vaşinqton Universitetinin proqram direktoru Sevinc Məmmədova barəsində kitab təqdimatı keçirilən Qarabağın və Şuşanın ölkəmizin füsunkar gözəlliyə malik guşələrindən olduğunu ifadə edib və Azərbaycanın mədəniyyət beşiyi olan Şuşanın hər bir azərbaycanlı üçün olduqca dəyərli və əziz olduğunu qeyd edib.
Tədbirin bədii hissəsində milli instrumental musiqi nümunələrimiz ifa edilmiş və AR Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış “Şuşanın mədəni inciləri” adlı foto-sərgi nümayiş etdirilib. İfa edilmiş milli instrumental musiqilərimiz və nümayiş etdirilmiş foto-sərgi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Tədbirin sonunda milli mətbəximizin ləziz təamlarının təqdim olunduğu qəbul keçirilib.