İlbəil Dövlət Sosial Müdafiə Fondunun büdcəsində debitor borcları artır.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Büdcə zərfinin ikinci oxunuşda müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.
O qeyd edib ki, 2 ay ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bağlı 48 şikayət məktubu alıb: "Pensiya, ünvanlı dövlət sosial yardım, şəhid ailələri, qazilərlə bağlı problemlər var. Bu problemləri həll etməliyik. Biz, 80 manat veteran pulunun məbləğinin də artırılması məsələsini qaldırmışdıq, Himalay Məmişov dedi ki, buna baxılır. Necə baxılır, harada baxılır? Necə həll olacaq?”.
Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deputat Vahid Əhmədova cavabında belə deyib:
“Vahid müəllim, sizin qaldırdığınız məsələlər həm komitələrdə, həm də qanun layihəsinin birinci oxunuşu zamanı müzakirə olunub.
Nazir Sahil Babayev də bir saata yaxın danışıb. Düzü bilmirəm siz buradan hansı media orqanının diqqətini çəkmək üçün bu cür danışdınız. Ümumiyyətlə, düşünmürəm sizin belə probleminiz olsun, ölkədə kifayət qədər tanınmış adamsınız. Hesab edirəm ki, diqqət çəkmək üçün bu cür şərhlərə ehtiyac yoxdur".