28 Noyabr 2023 09:05
1 328
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uşaq inkişaf mərkəzinin rəhbəri, disleksiya üzrə mütəxəssis Təranə Möhsünova Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Təranə xanım, disleksiyanın yaranma səbəbləri nədir?

- Disleksiyanın yaranmasının əslində üç səbəbi var, amma hazırda əsasən ikisinin üzərində daha çox dayanırlar. Birincisi, genetik faktordur, nəsildəki bir gendə disleksiya və ya bunun əlaməti varsa, uşağa keçmə ehtimalı yüksəkdir. Bəzi mənbələrdə belə qeyd edilir ki, atada sadəcə əlamət varsa, uşaqda diaqnoz kimi özünü büruzə verə bilər.

Digər faktor sosial faktordur, doğuş zamanı aşağı çəkidə doğulma, pataloji sarılıq keçirmə və ananın hamilə vaxtı travma alması ilə bağlıdır. Eyni zamanda ata və ananın cinsi əlaqədən əvvəl narkotik və ağır alkoqoldan istifadə etməsi nəticəsində disleksiya yaranır. Üçüncü səbəb beyinlə əlaqəlidir.

- Disleksiyanın əsas əlamətləri nələrdir?

- Disleksiya gec danışma ilə başlayır. Leksiya dillə bağlı problemdir, dediyim kimi ilk dəfə loqopediyada bunu görürük. Uşaq doğuşdan bəri danışmada gecikir, 2 yaşına çatır danışmır, 3 yaşında danışmır. Amma bu o demək deyil ki, hər disleksiyalı uşaq gec danışır. Bu, sadəcə əsas əlamətlərdən biridir.

Ondan sonra tələffüzdə problem başlayır. İnsanları istəməmək, tək qalmaq istəyi disleksiya əlamətidir. Disleksiyalı uşağa edə bilmədiyi bir şeyi etdirmək istəyəndə qızdırması qalxır, davamlı şəkildə qusur. Bu halda uşağın bəhanələri artır, stolun altına girir, elə olub saatlarla çıxarara bilməmişik, temperaturunun 39 dərəcəyə qalxdığını görmüşük. Bunların hər biri əlamətdir.

Elə disleksiyalı uşaq var ki, yazısı, oxusu, hesablaması yaxşıdır, lakin velosiped sürə, rəqs edə, xarici dil öyrənə bilmir. Elələri də var ki, gözəl rəsm çəkir, musiqi duyumları çox yüksəkdir, mahnılar bəstələyir, şeirlər deyir, amma mətni üzdən oxuya bilmir, ləngiyir. Disleksiya özünü bir neçə tərəfdə, əsasən sosial bacarıqlarda göstərir. Bəzi insanlar asosialdır.

- Bəs özünüz disleksiya ilə nə zaman tanış oldunuz?

- Disleksiya neyro inkişaf pozuntusudur. Biz adətən disleksiya və dislaliyanı loqopediyanın tərkibində görmüşük. Bakıda bir seminar keçirilirdi, psixologiya işi ilə məşğul olduğumdan mən də qatıldım. Həmin seminardan sonra həyatım demək olar dəyişdi. Özümdə əlamətlər gördüm, yoxlandım və məndə də disleksiya diaqnozu çıxdı.

Ondan sonra disleksiyalı uşaqlarla yavaş-yavaş illərlə peşəkar səviyyədə məşğul olmağa başladım. Bir sıra ölkələrin, əsasən İngiltərənin əsas təlimlərində iştirak etmişəm.

- Həmin təlimlərə onlayn şəkildə qoşulmuşdunuz?

- Bəli. İngilitərədəki təlimlərə qədər bir sıra təlimlərdə iştirak etmişdim. Amma disleksiyanın kökü barədə heç bir təlimdə ətraflı məlumat ala bilməmişdim. Disleksiyalı uşaqla əslində necə işləməli olduğumuzu həmin təlim vasitəsilə öyrəndim. ABŞ və Finlandiyanın təlimlərinə də qatılmışam. Əsas işim aurizm spektr pozuntusu (ASP) ilə bağlı idi, sinfimə bir uşaq gəlmişdi.

Daha doğrusu, ikinci sinifdən həmin sinfə dərs deməyə başlamışdım, sinfə daxil olanda gördüm ki, bu uşağı heç kim istəmir, müəllim özünə, valideynlər uşaqlarına yaraşdırmayıb.

Bir çox autizmli uşaqlar fikirlərini düzgün ifadə edə bilmirlər deyə narazılıqlarını ya ağlamaq, ya da gülməklə bəlli edirlər. Həmin uşaq həddən çox ağlayırdı. O zaman özümə söz verdim ki, o uşağı cəmiyyətə qazandıracağam. Qazandırdım, buna gücüm çatdı. Hesab edirəm ki, müəllim uşağı sevirsə, sinifdəki uşaqlar da, valideynlər də sevəcək.

Valideynlər yığılıb deyirsə gəlin, ərizə yazaq, yığılıb imzalayaq həmin uşağı sinifdən çıxaraq, bilin ki, bu işdə müəllimin əli var. Yəni müəllim şərait yaradır, sevmir, gözümçıxdıya salır.

- Adi məktəbdəki sinifdə autizmli uşaq tədris alırdı?

- Elədir, amma ağır dərəcəli autizm spektr pozuntusu olan uşaq idi. O zaman bu qədər peşəkar deyildim, mərkəzim, işçilərim yox idi və bu qədər təlimlərdə iştirak etməmişdim. Sadəcə işimi sevirdim və bu uşaqlarla işləmək istəyirdim. Qeyri-peşəkar, amma vicdanlı şəkildə işləmişdim. O uşaq məni tanıtdırdı, çarxı döndürdü.

Heç unutmaram, yağışdan çox qorxurdu, yağış yağanda bilirdim ki, həmin uşaq kriz keçirəcək, əziyyət çəkəcəm. Eyni şeylə dırnaqlarını kəsəndə rastlaşırdım. Ana və atası da daxil olmaqla hər kəs onun dırnaqlarını kəsməkdə çətinlik çəkirdilər. İbtidai sinifdə tədris aldığı müddətdə o uşağın əl və ayaq dırnaqlarını mən kəsmişdim.

- Məktəb şəraitində?

- Bəli, bir gün yağış yağırdı, əlindən tutub çölə çıxardım. Yağışın altında onun dırnaqlarını kəsdim. Həm yağış, həm də dırnaq kəsmək qorxusu vardı, o qorxuları yenmək lazım idi. Əsla zorla olmadı, deyə-deyə, gülə-gülə edirdim. O ağlayırdı, dayanmadan danışırdım, gülərüz, mehriban səs tonu ilə onu dilə tuturdum, deyirdim sinfə gedəcəyik, hər şey yaxşı olacaq.

Biz dırnaqtutma prosesinə başlayanda bütün məktəb bilirdi, gözdən yaş gəlmirdi, səs salırdı, isterika çıxarırdı, dayanmadan reklam mətnləri sadalayırdı. Bu, passiv exolaliyadır. Mən bizim kadrlarımızı İnstaqramda səhifəmdə paylaşdım və insanlar tərəfindən maraq qarşılandı, səhifəmin izləyicilərinin sayı artdı.

- Dediniz, təlimdə iştirak etdikdən sonra aydın oldu ki, özünüzdə də disleksiya əlamətləri var, bəs problemi tam aradan qaldırmaq mümkündürmü?

- Disleksiya dillə bağlı oxuma problemidir. Disleksiya müəyyən sahələrdə - oxu, yazı, hesablamada özünü göstərir. Diaqnoz dəyişmir. Amma təcrübədən görmüşük ki, dərəcələr dəyişir. Yüngül, orta və ağır dərəcəli disleksiya var. Ağır dərəcəli disleksiyalı uşağı yüngül dərəcəyə gətirib çıxarmışıq, amma uşağa baxanda əlamətlər hiss olunur.

- Hansı əlamətləri görəndə valideyn disleksiyadan şübhələnməlidir?

- Gec danışma, uşaq kimi danışma, özünü düzgün ifadə edə bilməmə, sözləri səhv tələffüz etmə, sağı-solu qarışdırma, diqqət dağınıqlığı, eşitdikləri və gördüklərini xatırlamada, şeir öyrənmədə çətinlik, barmaq ucunda gəzmə, qaydalara tabe olmama disleksiya əlamətləridir.

Eyni zamanda disleksiyalı uşaqlarda yanaşı davranış pozuntuları müşahidə edirik: bir işi sona çatdırmada hövsələsizlik, hər şeydən tez bezmək, özgüvəndə ciddi problem, səsli oxudan imtina, velosiped sürə bilməməmək, hərfləri, rəqəmləri öyrənmədə çətinlik...

Valideynlər övladının yazısını daha çox məktəb dövründə izləyir, görür 3 rəqəmini “e” hərfi, 6 rəqəmini “ə” hərfi kimi yazır. Yaxud övladının sağdan-sola, soldan-sağa qarışdırıb oxuduğunu müşahidə edir. Valideyn bu oxu ilə şübhələnib yola çıxır. Oxunaqsız yazı disqrafiya əlamətləridir. Uşağa nə qədər qayda öyrədirsən, tabe olmur, yenə də eyni şeyləri edir, güclü istəksizlik olur, uzun mətn görəndə ağlayır, hər şey edir ki, bircə oxumasın. Oxuyan zaman uydurur, aşırı həssas olur, anlamadığı bir şeyi əzbərləmək istəmir. Yazıda və oxuda qarışıqlıq kimi hesablama da qarışdırır, vurmanın yerinə çıxma edir, bir sözlə öyrənmə alt-üst olur.

Biz hazırda valideynləri kitab və sosial mediada paylaşımlar vasitəsilə maarifləndirməyə çalışırıq. Haradan tədbirlə bağlı dəvət gəlirsə, imtina etmirəm, hamısına gedirəm. Elə rayon yoxdur ki, “yox” cavabı verim, hamısında ödənişsiz iştirak edirəm. Məqsədim odur ki, disleksiya barədə insanları məlumatlandıra bilək.

8 oktaybr dünyada qəbul olunmuş Beynəlxalq Disleksiya Fərqindəlik günüdür, hər il Azərbaycanda həmin günlə bağlı tədbiri mən keçirirəm, həm maddi, həm də mənəvi yükü özüm çəkirəm. Tədbirə dəvət etdiyimiz natiqlərdən biri mütləq disleksiyalı şəxs olur. İstəyirəm analar qorxmasın, bilsinlər ki, bu, xəstəlik deyil. Konsultasiyaya gələn analara ilk növbədə deyirəm ki, mənim özümdə də disleksiya var.

- Autizm, daun da xəstəlik deyil, sindromdur, bəs disleksiya?

- Disleksiya da xəstəlik deyil, öyrənmə pozuntusudur. Bütün elmi məqalə və mənbələrdə onun xəstəlik olmadığı vurğulanır. Necə ki biz musiqi bəstələyə və ya mahnı oxuya bilməyənə xəstə demiriksə, yaza bilməyənə də heç kəs xəstə deyə bilməz. Bizim cəmiyyətdə düşünürük ki, hamı oxuyub-yazmalıdır. ABŞ, İngiltərədə məsələyə fərqli yanaşılır, oxumaq və yazmaq şərt deyil.

Bəli, oxumaq işimizi rahatlaşdırır, dünyagörüşümüzü artırır, amma buna məcbur deyilik. Amerikada “Text help” deyilən avadanlıq sırf disleksiyalı şəxslər üçün yaradılıb. Şəxs səsli şəkildə danışır, aparat yazıya köçürür, yaxud mətndə səhvə yol vermisənsə, avadanlıq aşkara çıxarır, düzəldir. Təəssüf ki, cəmiyyətimizdə uşağın yaşaya biləcəyi ən böyük travma yaşanılır, onların problemi görməzdən gəlinir. Üstəgəl bir də oxumur, tənbəl damğası yapışdırılır. Xüsusi vurğulamaq istəyirəm ki, disleksiya xəstəlik deyil, onun dərmanı yoxdur, sadəcə düzgün metod tətbiq edilməlidir, beləliklə irəli getmək olar.

- Diaqnoz uşaqlarda əsasən neçə yaşında qoyulur?

- Disleksiya diaqnozunu uşaq psixiatrı qoyur. Disleksiyada belə bir özəllik var: nə 6 yaşdır, nə 7... Diaqnoz altı yaş altı ayında qoyulur.

- Səbəbi nədir?

- Disleksiya gec danışıma ilə başlayır, oxuda sonuncu mərhələsidir. Oxu, yəni məktəb mərhələsinə çatmayana qədər diaqnoz qoyulmur.

- Bu problemin həllində hansı metodlardan istifadə edilir?

- Adətən beynəlxalq metodlardan istifadə edilir. Çünki disleksiyanın mərkəzi Amerikadır. Disleksiya üzrə müxtəlif strategiyalar yaradılıb, amma təsdiq olunanı az saydadır. Pilot layihə təqdim edilir, amma qəbul olunmur. Çünki işə yaramır, yaxud az faizi işə yarayır. Kimsə yazdığı kitabda hansısa metodu qeyd edibsə, bu, o demək deyil ki, təsdiq olunub. Amma bəzi təsdiq olunmuş xüsusi strategiyalar var, mən əsasən həmin strategiyalardan istifadə edirəm. Paralel olaraq bu illər ərzində qazandığım təcrübəni tətbiq edirəm. Tələbələrimə də deyirəm ki, işlədiyimiz uşağın nəticəsinin yaxşı olmasını istəyiriksə, həmin uşağı tanımalıyıq.

Bizim problemimiz tanımamaqdır. Məsələn, üzdən köçürməyə dair yaxşı metod varsa, uşağın üzdən köçürmə ilə bağlı problemi olmasa da o tətbiq edilirsə, bu, yanlışdır. O mənada uşağı tanımalıyıq, disleksiya uşaqda hansı tərəfdə özünü göstərirsə, boşluğu doldurmalıyıq.

Hazır proqramı bütün disleksiyalı uşaqlar üzərində tətbiq edəriksə, nəticə də almarıq. Ona görə də disleksiyalı uşağı yoxlayıb tanıyandan sonra o istiqamətdə getməlisən. Mən metodlarımla məşhurlaşmışam. Hecada barmaq metodum var, heç yerdən götürməmişəm, beynəlxalq da deyil, iki dərsə uşağın heca problemini düzəldirəm. Eləcə də vurma, bölmə, çıxma və sair...

Onu da qeyd edim ki, disleksiya özü ilə bərabər çox yaxşı yaradıcılıq gətirir. Mənim rəsm qabiliyyətim yoxdur, musiqi duyumum elə yaxşı deyil, bir məsələ verin, baxıb deyəcəyəm ki, bu hesablama uşağı hansı yöndən inkişaf etdirəcək. Soruşsanız, haradan öyrənmisiniz, buna verəcək cavabım yoxdur. Düşünürəm ki, Allahın bəxş etdiyi, disleksiyanın verdiyi istedaddır.

- Oxuyub-anlamanın təməli nədir?

- Oxuyub-anlamanın təməli oxudur. Valideynlər adətən deyir ki, mən məsələnin şərtini başa salıram, həll edir, amma özü oxuyub anlamır. Uşağın oxusunu yoxlayırıq, görürük ki, bütün sözləri düz oxuyur, amma intonasiya yoxdur, yəni şüurlu oxu deyil, yaxud söz ehtiyatı azdır. Oxu ona robotik, mərhələsiz öyrədilib. “T-o-p” - bu, fərqindəlik mərhələsidir. Uşaqda heca mərhələsi tamamlanmayıbsa, avtomatik şəkildə uşağın oxuyub-anlamasına təsir göstərəcək. Düzgün heca düzgün oxuyub-anlamanın təməlini təşkil edir.

- Autizmli uşaqlar kimi disleksiyalı şəxslər də riyaziyyat, sənət sahəsində daha bacarıqlı, üstün zəkaya sahibdirlər?

- Aşağı zəka varsa, disleksiya sayıla bilməz. Disleksiya zəkasızlıqla əlaqəli problem deyil.

- Təranə xanım, “Disleksiya” adlı kitabınız necə ərsəyə gəldi?

- Orta məktəbdə müəllim işləyirəm, Elm və Təhsil Nazirliyinin xətti ilə disleksiya ilə bağlı qrant qazanmışdım. Bu çərçivədə beş məktəbdə disleksiya üzrə müəllimlərə təlim keçdim, ilk dəfə ölkəmizdə disleksiya üzrə vəsait hazırladıq. Qrant çərçivəsində hazırlandığı üçün satışa verə bilmədik.

2020-ci ildə isə çalışmalardan ibarət vəsait çıxardıq. Tələbələrimə vəsait və kitab üzrə dəstək oldum, gördüm ki, çoxu mənim çıxardığım disleksiya çalışmalarının davamıdır, müəyyən istisnalarla ciddi fərq yox idi, Azərbaycanda nəzəriyyə olmadığına dair boşluğu tutdum. Valideynin əlinə alıb oxuyacağı kitab yox idi ki, oxuyub bilsin disleksiya nədir. Kitaba çox böyük ehtiyac vardı.

Bu kitab illərin zəhmətidir, birinci hissədə disleksiya barədə ətraflı məlumatlar yer alıb, öyrənmə pozuntusu ilə bağlı ABŞ və İngiltərənin mənbələrinə istinadlarla izahlar vermişəm, sonra isə çalışmalar bölməsi başlayır. Hamısı beynəlxalq və təsdiq olunmuş strategiyalar üzərində qurulub. Kitabla işlədiyimiz uşaqda irəliləyiş görürük, çünki ardıcıllıq var.

- Sosial mediada paylaşımlarınızda Kanadaya getmək istədiyinizi qeyd edirsiniz, səfər planı disleksiya ilə bağlıdır?

- Kanadada disleksiya üzrə çox böyük mərkəzlər var. Azərbaycanda heç vaxt ağır disleksiyalı uşaq görməmişəm. Çünki ağır disleksiyalı uşaq üçün mərkəzə və ya pedaqoqa müraciət edilmir, orada isə dispanserdə yatırılır. Kanadada disleksiya mərkəzlərində və xəstəxanalarında ağır disleksiyalı uşaqlar müalicə olunur.

Ağır disleksiyalı uşaq görə bilim deyə Kanadaya getmək istəyirəm. Həyat yoldaşımla Kanadaya müraciət etmişdik. Bəzi beynəlxalq sertifikatlar iki-üç illik təlimlərdən sonra verilir, ağır tələbləri olur. Keçdiyim kursların sertifikatlarını göndərdik, Kanadadan köməkçi müəllim kimi dəvət gəldi. Məktəbdə dördüncü sinfim var, onları məzun etməliyəm, eyni zamanda Kanadada vəziyyəti gərək dərindən öyrənim, sonra getmək barədə düşünə bilərəm.

Xarici ölkələrdə yaşayan rəfiqələrim də fikrimi dəyişdilər, məsləhət bildilər ki, getmə, sənin burada azərbaycanlı uşaqlara ehtiyacın var, böyük boşluğu doldurursan, tələbə yetişdirirsən, uzun yolun var, hələ onu getməlisən. Pespektivdə təlimlər almağa davam edərək, iki illik təhsil alıb ölkəmizə qayıtmağı planlayıram.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər