Azərbaycanın COP28-də təmsil olunacağı pavilyonda azad edilmiş ərazilərə işğal dövründə vurulan ziyan, son üç il ərzində həmin ərazilərdə görülən quruculuq işlər barədə də məlumat veriləcək.
Teleqraf.com xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov jurnalistlərə müsahibəsində deyib.
"Noyabrın 30-dan etibarən BƏƏ-nin Dubay şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 keçiriləcək. Bu tədbir yüz iyirmidən çox ölkənin müvafiq sahədə fəaliyyət göstərən nazirləri, nazir müavinləri, eyni zamanda, dünyada bu istiqamətdə fəaliyyət göstərən beynəlxalq təşkilatların, həmçinin bu sahəyə maliyyə ayıran donor institutlarının nümayəndələrinin iştirak edəcəyi böyük tədbirdir. Azərbaycan iki həftə ərzində keçiriləcək həmin tədbirdə pavilyonu ilə təmsil olunacaq. Pavilyonun qurulmasına və təchizatına Heydər Əliyev Fondu tərəfindən dəstək göstərilib. Tədbir çərçivəsində Azərbaycan həmin pavilyonda müxtəlif panel sessiyalar keçirməyi planlaşdırır. Sessiyalarda tərəfdaş ölkələrin, beynəlxalq təşkilatların da nümayəndələri iştirak etmək imkanı qazanacaq. Azərbaycanda istər dövlət, istərsə də vətəndaş cəmiyyəti tərəfindən iqlim dəyişmələrinin təsirləri ilə mübarizə istiqamətində hansı işlərin görüldüyü, hökumətin qəbul etdiyi qərarlar, gələcək üçün hansı strategiyaların nəzərdə tutulduğu, eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə son üç il ərzində görülən işlər, həmin ərazilərə işğal dövründə dəymiş ziyanla bağlı da məlumatı beynəlxalq ictimaiyyətə çatdırmaq imkanı olacaq. Həmçinin Prezident İlham Əliyevin həmin əraziləri "yaşıl zona" elan etməsi ilə əlaqədar hökumətin həmin ərazilərdə hansı tədbirləri görməyi planlaşdırdığına dair təqdimatlar keçirmək imkanımız da olacaq", - deyə İctimai Şuranın sədri bildirib.