Fövqəladə Hallar Nazirliyi tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Bakı şəhərinin tikinti kompleksinin inkişafında Heydər Əliyev faktoru (1969-2003-cü illər)” mövzusunda tədbir keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbirdə fövqəladə hallar nazirinin müavinləri Ragim Lətifov və Tapdıq Əmiraslanov, Nazirliyin əməkdaşları, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov və Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə, Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Sonra tədbir iştirakçıları Ümummilli Liderin Bakı şəhərinin tikinti kompleksinin inkişafındakı rolunu əks etdirən sərgi ilə tanış olublar.
Daha sonra tədbiri açıq elan edən fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov çıxışında bildirib ki, müstəqil Azərbaycan dövlətinin qurulması və qısa müddətdə sürətli inkişaf yoluna çıxması bilavasitə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin xalqımız qarşısında müstəsna xidmətləri çoxəsrlik dövlətçilik tariximizə qızıl hərflərlə yazılıb. Nazir müavini qeyd edib ki, bütün digər sahələrdə olduğu kimi, tikinti sektorunun inkişafı, bu sahədə ən müasir texnologiya və yanaşmaların tətbiqi məsələləri daim Dahi Rəhbərin diqqətində olub. Məhz Ulu Öndərin ölkəyə rəhbərlik etdiyi dövrlərdə istər Bakı şəhərində, istərsə də ölkəmizin digər bölgələrində unikal obyektlər tikilib istifadəyə verilib.
Ümummilli Liderin titanik fəaliyyətindən danışan T.Əmiraslanov Ulu Öndərin əsasını qoyduğu və ölkəmizin dünyanın ən qüdrətli dövlətlərindən birinə çevrilməsi məqsədi daşıyan mütərəqqi siyasi xəttinin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qürur hissilə dilə gətirib.
Tədbirdə çıxış edən FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov Ümummilli Liderin müdrik uzaqgörənliklə işləyib hazırladığı Azərbaycanın inkişaf strategiyasından danışıb. O, qeyd edib ki, bu strategiya ölkəmizi onilliklər boyu dayanıqlı inkişaf yoluna çıxararaq onun qüdrətli dövlətə çevrilməsi üçün möhkəm əsaslar yaradıb. C.Xanlarov ölkəmizdə inşaat sektorunun inkişafı, o cümlədən Bakı şəhərinin simasının müasirləşdirilməsi sahəsində Ulu Öndərin unudulmaz xidmətlərindən danışıb.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatınin sədri Azər Süleymanov və digər çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının xilaskarı kimi şərəfli, lakin çətin missiyanı böyük əzmlə yerinə yetirdiyini vurğulayıb, ölkəmizin hərtərəfli inkişafı, o cümlədən Bakı şəhərinin tikinti kompleksinin inkişafı sahəsində göstərdiyi əvəzsiz xidmətlərdən bəhs ediblər. Cıxışlarda Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycanın dünya dövlətləri arasında nüfuzlu ölkəyə çevrilməsi qürurla qeyd edilib.
Tədbirin yekununda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.