İşğaldan azad olunan Şuşa şəhərində növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə səsvermə keçirilir.
Teleqraf.com xəbər verir ki, şəhərdə 124 saylı Şuşa-Ağdam-Xocalı-Xankəndi seçki dairəsinin 105 saylı seçki məntəqəsi yaradılıb.
Şuşa şəhər 1 saylı tam orta məktəbin binasında yaradılan məntəqə səhər saat 08:00-da açılıb.
Məntəqədə ümumilikdə 1222 seçici qeydiyyatdan keçib.
Səsverməni 13 nəfər yerli müşahidəçilər izləyir.
Məntəqə bütün ləvazimatlarla təchiz edilib. Burada səsvermə kabinəsi quraşdırılıb, məntəqə üzvləri, müşahidəçilər üçün yerlər ayrılıb. Səsvermə otağına səsvermə qutuları, stol, yazı ləvazimatı və gizli səsvermə üçün lazım olan digər zəruri əşyalar qoyulub. Seçki günü səhhətində problem olduğuna görə məntəqəyə gələ bilməyən seçicilərin səsverməsini təşkil etmək üçün səyyar seçki qutusu ayrılıb.