Türkiyədə rus ədəbiyyatının tərcüməçisi kimi şöhrət qazanan Qafar Güney 1895-ci ildə İrəvanda doğulub. Atasının adı Abdullah, anasının adı Bahar olub. Çar Rusiyasının dağılmasından sonra bölgədə yaranan anarxiya dövründə erməni zülmünə məruz qalan bir çox insan kimi Qafar bəy də Türkiyəyə köçüb.
O, İstanbul, Balıkəsir və Ankara şəhərlərində müəllimlik edib, Ankara Universitetinin Dil, Tarix, Coğrafiya fakültəsində rus dilindən dərs deyib.
29 aprel 1939-cu ildə hakim Cümhuriyyət Xalq Partiyasının təşkilatçılığı ilə Ankara Xalq Evində Qafar Güney “Ədəbi tərcümə” mövzusunda mühazirə oxuyub. O, çıxışında tərcümənin əhəmiyyətindən danışıb, şəkil, üslub, ahəng və ifadə baxımından əsərin əslindən tərcüməsinin şərt olduğunu izah edib. Qafar bəyin bu çıxışının mətni Ankarada çıxan “Varlık” jurnalında dərc olunub. Qafar bəy mühazirə oxuduğu məqaləsində Türkiyədə Qərb ədəbiyyatının tərcümə edilməsi hərəkatını bəyənsə də, mühüm əsərlərin qısa bir zamanda meydana çıxmasını sərt şəkildə tənqid edib: “Ədəbi tərcümə əslinin bütün xüsusiyyətlərini, bütün rəngini, havasını, ritm və ahəngini, xülasə, əsəri olduğu kimi bizə gətirən tərcümədir... Heç bir ədəbi əsər ikinci bir dildən tərcümə edilməməlidir. Əgər edilibsə, o tərcümədə müəllifin həqiqi sənətini axtarmaq beyhudədir”.
Rus dilindən etdiyi tərcümələri sayəsində Qafar bəy bu sahədə tanınıb, müxtəlif dövlət qurumları və jurnallarla əməkdaşlıq edib. O, Türkiyənin Təhsil Nazirliyinin 1940-ci ildə qurduğu “Tərcümə Heyəti”ndə və “Tərcümə” jurnalında yer alıb, Bunin, Qorki, Lermontov, Puşkin, Turgenev kimi rus ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərini türk dilinə çevirib. 1940-cı ildə Güneyin tərcümə etdiyi əsərlərdən ibarət “Seçilmiş rus hekayələri” kitabı çap olunub. Bu illərdə o, Çexovun “Vanya dayı” (1944), “Təklif” (1958), Leonid Andreyevin “Ömrümüzün günləri” (1948) əsərlərini tərcümə edib.
Qafar bəyin Ankara Universitetindəki tələbələrindən Sami N. Özerdim onun haqqında yazdığı məqaləsində tərcümələrlə bağlı bir xatirəsindən bəhs edib: “O illərdə Ankarada ziyalılar “Özen” adlı kafedə görüşürdülər. Bir gün Güney burada əlini masaya çırparaq “tezliklə dünyaya səslənəcəyəm!” deyincə N. Subaşı “Nədir, yoxsa radioda spiker olacaqsan?” deyə sual etmişdi. Amma Qafar Güneyin gizli gücü sonradan ortaya çıxmışdı. Tərcümə etdiyi rus hekayələri qalın bir kitab şəklində çap olununca onun bu gizli qabiliyyəti üzə çıxmışdı. Tərcümələri dilinə, anlatma tərzinə görə çox bəyənilmişdi”.
Özerdim xatirəsində Qafar bəyin qapalı bir insan olduğunu, fakültədən ayrıldıqdan sonra ağır vəziyyətdə yaşadığını, rus dilindən tərcümələrinə görə casus damğasından qorxduğunu, tanıdıqlarından maddi yardım istədiyini də yazıb.
Tələbələrindən M. Türker Acaroğlu onunla bağlı yazdığı xatirəsində Qafar bəyin bioqrafiyasının dəqiqləşdirilməsi baxımından mühüm bilgilər verib: “... Əsl adı Əbdülqafar Güney olan mərhum 1930-cu illərdə (səhv etmirəmsə, 1933-1934-cü illər aralığında) yeni binaya köçən Balıkesir Necatibey Oğlan Müəllim Məktəbində türk dili müəllimimiz idi. O illərdə Yaşar Nabi Nayırın Ankarada çıxardığı “Varlık” dərgisinin ilk dönəmində rus dilindən çevirdiyi hekayələri A. Gaffar Güney imzası ilə dərc edər, hər kəs də onu elə çağırardı. Ancaq 1934-cü ildə çıxan soyad qanununa görə Çıtanak soyadını aldığını düşünürəm. Çünki o illərdə Balıkesirdə doğulan tək övladı Bumin Gaffar Çıtanak adını daşıyırdı. Daha sonra həmin uşaq Fikrət Hakan adı ilə məşhur film və teatr aktyoru oldu. Hündürboylu, qarabuğdayı, dalğalı saçları ilə xeyli yaraşıqlı dəliqanlı olan müəllimimizin şirin, yumşaq bir səsi vardı. Bizə “Varlık”da çıxan tərcümə etdiyi rus hekayələrini oxuyardı. Bunların heç birində “tərcümə qoxusu” yoxdu. Sanki bunları özü yenidən yazırdı... Müəllimimiz qafqazlı idi. Rus dilini orada oxuyub öyrənmişdi. Azərbaycan və ya Dağıstan türklərindən olduğunu düşünürəm. Ancaq bir dəfə də olsun, o ölkələrin adını yanımızda çəkmədi, bəlkə də, çəkmək istəmədi. Hekayələrini çevirib Türkiyədə tanıtdığı rus yazıçıları arasında İvan Alekseyeviç Bunin (1870-1953) də vardı. İnqilab illərində Fransaya gedib Parisə yerləşən (1920-ci il) Bunin uzun illər “vətənsiz” yaşadı. 1933-cü ildə rus yazıçıları arasında Nobel ədəbiyyat mükafatını ilk dəfə o almışdı. Ertəsi gün müəllimimiz dərsə girdiyi zaman bu xəbəri bizə coşqu və sevinclə verdi:
“Baxın, mən onun dəyərini əvvəlcədən başa düşmüşdüm. “Varlık”da bir neçə hekayəsini dərc etmişdim. İndən belə kiçik hekayələrini deyil, böyük əsərlərini dilimizə qazandıracağam”. Hər halda vəd etdiyi bu gözəl işin həyata keçməsinə ömrü yetmədi. Bir gün müəllimimizin kor bağırsaqdan əməliyyat olmaq üçün Məmləkət xəstəxanasında yatdığını eşitdik. Qısa bir müddət sonra yaxşılaşıb dərslərinə yenidən başladı. Xəstəxanada tanış olub sevdiyi bir tibb bacısı ilə evləndi. Fikret Hakanın anası o qadındır”.
Qafar bəyin evləndiyi tibb bacısının adı Fatma Belkıs olub. Fikret Hakan 23 aprel 1934-cü ildə doğulub.
Acaroğlu xatirəsində Qafar bəyin Ankara Universitetində işə qəbul edilməsinin tarixini də yazıb: “Qafar müəllim artıq rus dilindən etdiyi tərcümələrlə çox tanınmışdı. O il Atatürkün əmri ilə Ankarada quruluş hazırlıqları baş tutan dil, tarix və coğrafiya fakültəsində rus dili və ədəbiyyatı bölməsinə lektor olaraq təyin edildi. Balıkesir vağzalında ailəni Ankaraya yola salmağa getdiyimiz zaman çəkdirdiyimiz fotoşəkildə Qafar müəllim, hörmətli xanımı və sevgili oğlu Bumin (qucaqda ikən) vardı. Uzun illər sonra (deyəsən, 1970-lərdə) Bodrumda bir plyajda qarşılaşdığımız Fikrət Hakana bu xatirəmi danışdım. “O şəkli mənə hədiyyə edərsinizmi?” deyə soruşdu. Bundan zövq alacağımı dedim. Bir kağıza İstanbuldakı ev ünvanını yazıb verdi. İstanbula qayıdan kimi göndərdim. Amma o ünvana gedib-getmədiyini bu gün də öyrənə bilməmişəm”.
M. Türker Acaroğlu xatirəsində 1950-ci illərdə keçmiş müəllimini çox ağır vəziyyətdə gördüyünü də yazıb: “Bir gün Ankara vağzalının meydanında üstü-başı yırtıq, ayaqqabıları köhnə və deşilmiş, saçı-saqqalı bir-birinə qarışmış, qorxunc görünüşlü bir “dilənçi” yanıma gəlib pul istədi. Üzünə diqqətlə baxdığım zaman onun müəllimim Qafar Güney olduğunu dəhşət və ağrı içində gördüm. Kaş ki bu halını heç görməz olaydım. 1950-ci ildən sonra Demokrat Partiya iqtidarının sənaye naziri Səməd Ağaoğlunun onu bir xəstəxanaya yatırtdığını, amma oradan da qaçdığını eşitdim. Nə zaman, harada, necə öldüyünü, harada dəfn olunduğunu bilmirəm. Ağaoğlunun onunla yaxından maraqlanmasına görə, əcəba, Qafar Güneyin azərbaycanlı olması qənaətinə vara bilərikmi?”.
Acaroğlunun çıxartdığı nəticə doğru idi. Əhməd bəyin oğlu Səməd Ağaoğlu Qafar bəyi tanıyırdı. Səməd bəy “İlk köşə” adlı əsərində Yusuf Akçuranın vəfatından sonra dövlətə vəsiyyət etdiyi kitabxanasındakı kitabların, sənədlərin siyahısının tutulmasının Qafar bəyə tapşırıldığını qeyd edib. Hətta Türker Acaroğlu da Səməd bəyin yazdığı “Müəllim Qafur” adlı əsərin Qafar Güneyin həyatı ilə bağlı olduğunu bildirib. Əsərdəki hadisələr, demək olar ki, Qafar Güneyin həyatı ilə üst-üstə düşür.
Ağaoğlu “İlk köşə”də Qafar bəy haqqında belə yazıb: “Şirin, bir az qalın səsi, bir az da fərqli şivəsi qarabuğdayı üzünü daha da sevimli edirdi. Amma baxışları həmişə kədərli idi. Az danışardı. Söhbət üçün də tapdığı mövzu həmişə uşaqlıq illərinin xatirələri idi”.
Təəssüf ki, dövrünün ən mühüm tərcüməçilərindən olan Qafar Güneyin niyə səfil həyata məruz qalması ilə bağlı əlimizdə dəqiq faktlar yoxdur. Rus dilini mükəmməl bildiyinə görə ona kommunist damğasının vurulduğunu, buna görə istintaqa cəlb edildiyini, həmçinin qarşılıqsız eşq yaşadığını yazanlar da vardır.
Başqa bir tələbəsi Halil Soyuer isə Qafar bəyin ev sahibi Sabri Dönməzdən öyrəndiyi bilgiləri xatirələrində bu şəkildə qeyd edib: “Arada Fikrət adında bir oğlan uşağı evə gələrdi. “Bu, mənim oğlumdur” deyərdi. İlk arvadından imiş. Sonra bir gün bir adamla evə gəldilər. O adam evdəki kitablarını sandıqlara doldurub apardı. Qafar müəllim, deyəsən, kitablarını bu adama satıbmış. Bəzi axşamlar ona biz yemək verərdik, bəzi axşamlar özü çöldən yemək gətirərdi. İllər keçdi, evə gəlmədi. Səhv xatırlamıramsa, 1950-ci il seçkilərindən sonra idi. Evə gəlmirdi. Harada, nə edirdi bilmirdik. Axtardıq, soruşduq, tanıyan olmadı. Biz də 3-4 ay otağını bağlı saxladıq. Gördük ki, gələn-gedən yoxdur, onsuz da içəridə bir yatağı ilə döşəyi vardı, onları da çölə çıxarıb otağını boşaltdıq. Əşyalarını illərlə qoruduq, amma Qafar müəllim bir daha gəlmədi”.
Məşhur türk yazıçısı, şairi, dramaturqu Melih Cevdet Anday xatirələrinin “Bir neçə yaxşı insan” adlı hissəsində Qafar Güney haqqında da yazıb: “Rus ədəbiyyatından etdiyi tərcümələri ilə tanınan Qafar Güney o zamanlar dil, tarix, coğrafiya fakültəsində rus dili lektoru idi. Bu sahədə çalışanların ən qabiliyyətlisi, məncə o idi. Az, amma keyfiyyətli nəşrlər ortaya qoydu. Onu özü kimi rus dilindən əsərlər tərcümə edən Erol Güney ilə qohum sayanlar var, amma doğru deyil. İkisi də Rusiyadan köçmüşdülər. Amma Qafar Güney, zənn edirəm ki, Krım türklərindən idi, Erol isə ukraynalı yəhudi ailədəndi. Qafar Güneylə tez-tez qarşılaşırdıq. Xüsusilə, Yaşar Nabi Nayırın evindəki cümə axşamı yığıncaqlarında. Geyiminə diqqət göstərən, gülərüz, şirindil, yaraşıqlı bir adam idi. Sonra necə oldu bilmirəm. Qafar Güney işini-gücünü buraxıb ayaqyalın, sinəsi açıq, əlində bir dəyənək ilə küçələrə düşdü. Keçmiş dostlarını artıq tanımır, ya da özünü görməzliyə vururdu. Biz də onunla qarşılaşdığımız zaman üzüntüdən başımızı aşağı salırdıq. Qalatasaray liseyindən onu tanıyan (Qafar əvvəlcə o liseydə müəllim köməkçisi imiş) bir dostu bir gün Ulus meydanında yanına gedir. Niyyəti ona pul köməyi etməkmiş. Amma Qafar Güneyə pul təklif etmək necə çətinmiş! Söhbəti uzatmış, həyatın çətinliyindən bəhs etmiş, hər kəsin sıxıntı içində olduğunu filan söyləmiş. O an Qafar onun sözünü kəsərək “tez ol, uzatma, nə qədər verəcəksənsə, ver” demiş. Mən də onu bir gün Postahane caddəsində bir araba atının gözünə barmağını uzadıb çəkərkən görmüşdüm. Qafar Güneyin sonunu bilənimiz olmadı”.
Qafar bəy çevrəsinə doğulduğu yer haqqında bəhs etmədiyi üçün Anday da səhvən onu Krım türkü zənn edib. Oğlu Fikrət Hakanın atasının İrəvanda doğulduğunu təsdiqləyib. Güney haqqında məqalə yazan dosent Efnan Dervişoğlu da onun İrəvanda anadan olduğunu yazıb. Tədqiqatçı Cumhur Turan Qafar bəyin Vedibasarın Şıxlar kəndindən olduğunu bildirib, İrəvan seminariyasını bitirdiyini ehtimal edib.
Qafar Güney 1955-ci ildə Ankarada vəfat edib. Oğlu Fikrət Hakan 1999-cu ildə atasının rus ədəbiyyatından tərcümə etdiyi hekayələri “Klassik rus hekayəsinin baş əsərləri” başlığı ilə yenidən toplayaraq çap edib. Fikrət bəyin özü də Bumin Gaffar Güney imzası ilə “Tellak Ali” adlı hekayələr kitabı çıxarıb, əsərini atasına ithaf edib. Hakan 11 iyul 2017-ci ildə İstanbulda vəfat edib, Zincirliquyu məzarlığında dəfn olunub.