Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) hissə və bölmələri ilə “Şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılması” mövzusunda taktiki-xüsusi təlim keçirilib.
Bu barədə Teleqra.com-a Müdafiə Nazirliyindən məlumat verilib.
Təlimlər Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən keçirilib. Təlimdə xüsusi təyinatlılar ərazinin maketi üzərində tapşırıqları dəqiqləşdirib, yüksək dağlıq ərazidə və şiddətli soyuqlarda xizəkli texnikalarla taktiki yerdəyişmə fəaliyyətlərini yerinə yetiriblər.
Döyüş qrupları şəklində şərti düşmənin dayaq məntəqəsinə qəfil pusqu keçirilib, həmlə obyektində və onun cinahlarinda aşkar edilmiş canlı qüvvə məhv edilib, təminat yolları bağlanıb və dəstək üçün gələn digər qüvvələrin məhv edilməsi üzrə tapşırıqlar yerinə yetirilib.
Qarlı-şaxtalı hava şəraitində komandir heyətinin bölmələrin idarə edilməsi üzrə bilik və bacarıqlarının artırılması, döyüş əməliyyatları və xilasetmə tədbirlərinin aparılması, şəxsi heyətin xizək sürmə, eləcə də hərəkətli və hərəkətsiz vəziyyətdə atəşaçma vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə qarşıya qoyulmuş tapşırıqlar yüksək peşəkarlıqla icra olunub.