23 Fevral 09:32
1 123
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mir Cəfər Bağırov repressiya zamanı Azərbaycanın görkəmli ziyalılarının ölüm hökmünün qarşısını ala bilməzdi. Siyahı mərkəzdən gəlirdi. Ona görə Mir Cəfər Bağırov məhkəmədə dedi ki, məni şaqqalayın, məni parçalayın! KQB-də iki erməni işləyirdi: Markaryan, Qriqoryan. Onları da Bağırovla bərabər güllələdilər. O iki erməninin Dağlıq Qarabağa göndərdikləri məktubları tapıldı. Yazırdılar ki, əzizlərimiz, rahat olun, biz onların KQB-sində işləyirik, onların ən seçmə oğullarını tutub güllələyirik. Repressiya vaxtı ən az bizdən güllələnib. Ermənilərdən, gürcülərdən güllənənlərin sayı bizdən çoxdur”.

Bunu saytımıza müsahibəsində filosof-yazıçı Əlisa Nicat deyib. O qeyd edib ki, əgər Mir Cəfər Bağırov gəlməsəydi, Azərbaycan parçalanacaqdı.

“Bağırovun gücünə Azərbaycanın bütövlüyü saxlanıldı. Deyirdi ki, yoldaş Stalin, istəyirsən məni güllələ, amma mən Qarabağı, Naxçıvanı verməyəcəyəm”.

Teleqraf.com həm repressiya siyasətini, həm də Mir Cəfər Bağırovun bu siyasətdəki mövqeyini tarixçilərlə bərabər araşdırıb.

Tarixçi Solmaz Rüstəmova-Tohidi saytımıza açıqlamasında bildirib ki, Azərbaycanda repressiya tarixi çox az öyrənilib: “Rəqəmləri, nəticələri deyirlər, amma analiz edilməyib. Ayrı- ayrı əhali qruplarına qarşı da repressiyalar baş verib. Bunlar da tədqiq olunmayıb. Repressiya ümumittifaq miqyasında aparılan siyasət idi. Ermənilərdən, gürcülərdən güllənənlərin sayının bizdən fərqli olması onunla əlaqəlidir ki, hər respublikanın əhalisinin sayına görə həbs olunmalar və güllələnmələrə limit qoyulmuşdu.

Mircəfər Bağırov şəxsiyyəti birmənalı qiymətləndirilmir. Onun çox mürəkkəb xarakteri olub. Kimlərinsə həbsinə, güllələnməyinə səbəb olsa da, Üzeyir Hacıbəyovu və onun timsalında neçə adamın da xilasında rol oynayıb”.

"Bağırovun yerinə başqası olsaydı da, bu, baş verəcəkdi"

Tarix İnstitutunun icraçı direktoru İlqar Niftəliyev bildirib ki, 1937-1938-ci illərdə Azərbaycan SSR-də həyata keçirilən siyasi repressiyaların qurbanı ilk növbədə rəhbər kadrlar olub:

“Uzun illər Vətən tarixşünaslığında belə bir fikir hakim olub ki, Azərbaycanda 1937-1938-ci illər repressiyalarının əsas səbəbkarı respublikanın o vaxtkı rəhbəri Mir Cəfər Bağırov idi. Halbuki repressiyalar sırf Azərbaycan daxili terror kampaniyası deyildi. Bunu tək Bağırovun adına bağlamaq olmaz. Bağırovun yerinə başqa birisi olsaydı da, bu, baş verəcəkdi. Çünki bu siyasət ümumittifaq səviyyəsində həyata keçirilirdi və ayrı-ayrı respublikalarda öz miqyası, xarakteri və qəddarlıq dərəcəsi ilə fərqlənirdi.

Əsas məqsəd siyasi rejimi daha da möhkəmləndirmək idi. SSRİ-nin beynəlxalq səviyyədə müttəfiqi yox idi. Belə bir şəraitdə Stalin istəyirdi ki, bütün qüvvələri səfərbər eləsin, ölkədə möhkəm rejim yaratsın. O başa düşürdü ki, qarşıda böyük müharibə gözlənilir. Ona görə də arxa cəbhəni möhkəmləndirmək lazım idi. Əvvəldən müxalifətdə olan partiyadaxili şəxslərin hamısı repressiyaya məruz qaldı. Çünki 30-cü illərdə kollektivləşməyə qarşı güclü qiyamlarda təkcə qolçomaqlar, kəndlilər deyil, hətta komsomolçular, kommunistlər də iştirak etmişdi.

Bu, bir növ sovet rəhbərliyini qorxuya salmışdı və bölgələrdə kommunist ideyalarının kifayət qədər kök salmadığı qənaətinə gəlinmişdi. Demək, hakimiyyətdə müxalif qüvvələr vardı və onları aradan götürmək lazımıdı.

Ermənistan və Gürcüstan bizə nisbətən monorespublikalar idi. Gürcülərin sayı 70, ermənilərin sayı 85-87 faiz idi. Ona görə gürcü və ermənilər daha çox repressiyaya məruz qalmışdılar.

Amma 1939-cu ilin yanvarın 1-nə olan məlumata görə Azərbaycan SSRİ-də azərbaycanlıların sayı cəmi 58 faiz idi. Yerdə qalan faizini başqa millətlər təşkil edirdi. Əgər Azərbaycanda 27458 nəfər repressiyaya məruz qalıbsa, onların cəmi 13356-sı azərbaycanlı idi. Ermənistanda isə 9-10 minə yaxın erməni repressiyaya məruz qalıb. Ümumittifaq səviyyəsində götürəndə ermənilər və gürcülərin repressiyaya məruz qalmaları azərbaycanlılara nisbətən daha çox idi. Hər ikisində bu rəqəm 16 min civarındadır.

Respublikalararası müqayisəyə gələndə, bu rəqəm dediyim kimi Ermənistanda 10 minə qədər, Azərbaycanda 13 mindən çox idi. Nəzərə alaq ki, partiya üzvləri, ziyalı təbəqə, rəhbər vəzifələrdə olanlar arasında gürcülər və ermənilər bizə nisbətən daha çox idi”.

"Ən az güllələnənlər azərbaycanlılar olub"

Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı, dosent Zaur Əliyev hesab edir ki, Mir Cəfər Bağırov Azərbaycan dövlətçiliyini saxlayan, onu Krım tatarlarının gününə salmağa qoymayanlardan biri olub.

“Məlumdur ki, SSRİ-nin bütün ərazilərində, o cümlədən Azərbaycanda Fövqəladə Üçlük fəaliyyət göstərirdi. Üçlüyün fəaliyyətində qanunsuzluq, günahsız insanların ölüm hökmü ilə məhvi əsas yer tuturdu. Üçlükdə Qalstyan, Sarkisyan, Petrosyan kimi cəlladların qəbul etdikləri qərarlar heç bir qanuna əsaslanmırdı.

Araşdırmalara əsasən deyə bilərik ki, onlar 14 yaşından 94 yaşına kimi insanları məhv ediblər. Erməni üçlüyü qanunsuz olaraq məqsədyönlü şəkildə dinc respublika əhalisini, partiya liderlərini məhv edirdi. Bunun üçün Fövqəladə Üçlüyün protokollarına baxmaq kifayətdir. Milliyətindən asılı olmayaraq insanlar repressiyalara məruz qaldılar.

Mir Cəfər Bağırovun bu üçlüyə təsir etmək imkanı çox az idi. 5 dekabrda qəbul edilən sənəddə yazılmışdı ki, müttəfiq respublikaların birinci katiblərinin, Nazirlər Sovetinin bu tədbirə müdaxilə ixtiyarı yoxdur. Bəzən deyirlər, Sovet İttifaqında ən çox adam Azərbaycanda güllələnib. Ümumiyyətlə, ən az güllələnənlər azərbaycanlılardır. Hətta ermənidən və gürcüdən də! Bağırov cəhd edib ki, repressiya siyahısına bunlar düşməsin. Əgər siyahıya düşübsə, mütləq güllələnməlidir. Bağırov müdaxilə edə bilməzdi.

Özbəkistanın birinci katibi, Nazirlər Sovetinin sədri müdaxilə elədi, hər ikisini güllələdilər. Bağırov prosesə dolayısıyla müdaxilə edib. Özünü də həbs edəndə deyirdilər ki, bəs sən müsavatçı olmusan".

Zaur Əliyev deyir ki, Mir Cəfər Bağırovun 1954-cü ildə keçirilən məhkəməsindən sonra kitablarda olan şəkillərini, ona aid olan məqalə və yazıları kəsib götürürdülər ki, tarixdən silinsin. O, hesab edir ki, əslində Mir Cəfər Bağırov sovet dövləti və kommunist partiyasının ən böyük düşməni idi: "Yalnız bir faktı deyəcəm, Mir Cəfər Bağırov dövründə Stalinin və Mikoyanın ağır, qorxunc təzyiqlərinə baxmayaraq bir metr Azərbaycan torpağı erməni və gürcülərə verilməyib. Azərbaycanlıların kütləvi halda Orta Asiyaya və Sibirə sürgün edilməsi yalnız Bağırovun müqaviməti nəticəsində baş tutmayıb. Əgər Bağırov olmasaydı çoxları Qazaxıstan çöllərində adsız məzarlıqlarda dəfn edilmiş olardılar. Bağırov Üzeyir Hacıbəyli, Cəfər Cabbarlı, Mirzə Cəlil, Əliağa Vahid və başqalarını güclə himayə edib, toxunulmaz saxlayıb".

"O məktubdan sonra..."

Zaur Əliyevin sözlərinə görə, Mir Cəfər Bağırov AXC fəallarını repressiyalardan uzun müddət qoruya bilib:

"İstintaq sənədlərinə diqqətlə baxsaq görərik ki, Mir Cəfər Bağırovu repressiyalara məruz qoymadan çox xəfiyyəçilikdə, ingilis kəşfiyyatına işləməkdə günahlandırıblar. Halbuki onun bununla bağlı günahı məhkəmə gedişində öz sübutunu tapmayıb. Arxivlərdə Stalinin Bağırova yazdığı bir məktubda görmək olar ki, Mir Cəfər Bağırov niyə belə edib.

Məktubda yazılır: “Niyə bütün SSRİ-də xalq düşmənlərini tapıb üzə çıxarıblar, ancaq Azərbaycanda bu proses çox ləng gedir? Məgər Azərbaycanda xalq düşməni yoxdur? Bəlkə siz onları üzə çıxarmaq istəmirsiniz? Hər həftə siz Moskvaya siyahı göndərməlisiniz. O siyahıda həftə ərzində neçə adamın tutulduğu, neçə adamın dindirildiyi, neçə adamın güllələndiyini yazılmalıdır”.

Yalnız bu məktubdan sonra Bağırov sözügedən proseslərə qoşulmağa məcbur olur.

Bağırovun hakimiyyəti zamanı: Azərbaycan KP MK katiblərinin hamısı, hökumət üzvülərindən 34 nəfərindən 29 nəfəri, Azərbaycan prokurorluq işçilərinin 75%-i, Azərbaycan SSR Baş Prokurorluğunun mərkəzi aparat işcilərinin 49 nəfərindən 30 nəfəri azərbaycanlı ( 5 nəfər erməni olub) olub. Azərbaycan SSR Ali Məhkəməsinin 23 nəfərlik tərkibi isə belə idi: 16 nəfər azərbaycanlı, 5 nəfər rus və yəhudi, 2 nəfər erməni.

Rus qoşunları Təbrizə keçənədək ermənilər belə bir məsələ qaldırır ki, guya Təbrizdə çoxlu erməni yaşayır və Təbrizə göndərilən rus qoşununun içərisində ermənilərə üstünlük verilsin. Bağırov bunu eşidib təyyarə ilə Stalinin qəbuluna uçur gedir və ona bildirir ki, burada bir millət - azərbaycanlılar yaşayıb. Sonradan bunlar ikiyə bölünmüşdür. Onun dedikləri Stalin tərəfindən qəbul olunur. Ermənilərin bu məkrli istəyi və planı pozulur.

Mir Cəfər Bağırov 1956-cı ildə Bakıda “Şəhriyar” klubunda keçirilən məhkəmədə ən ağır cəzaya - ölüm cəzasına məhkum edilir. Lakin güllələnməyib. Bağırov 17 may 1976-cı ildə Rusiyanın Primorsk diyarının Dalnoreçenski şəhərində ölümə məhkum edilənlərin düşərgəsində vəfat edib. Orada da dəfn olunan Bağırovun məzarının nömrəsi 1684-dür.

Düşərgə rəisinin dediklərinə görə, Bağırov sağlam imiş və vəfatından 2 ay əvvələ kimi həbsxanada aşpaz işləyirmiş. Sakit bir qoca imiş, eləcə də dünyadan köçmüşdü".


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər