Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Samux rayonunun Qarayeri qəsəbəsində fəaliyyət göstərən “Qara-Çanaq” alkoqollu içkilərin istehsalı müəssisəsində yoxlama aparıblar.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, yoxlama zamanı müəssisədə sanitariya norma və qaydalarının, gigiyena normativlərinin, qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.
Müəssisədə suyun və digər xam maddələrin istehsalda normativlərə uyğun olmadan istifadə edildiyi, şüşə butulkaların fərqli miqdarda doldurulduğu və üzərindəki etiketlənmədə Azərbaycan dilində məlumatların olmadığı, eyni zamanda alkoqollu içkilərin istehsalı zamanı əsassız olaraq təbii bal, cökə çiçəyi və şüyüd meyvəsinin cövhərindən istifadə edilməsi ilə bağlı qeydlərin olmasına baxmayaraq istehsal ardıcıllığının və həmin proseslərin təşkili üçün şəraitin olmadığı məlum olub.
Müəssisədə istehsal edilən “Moskovski Capital” nişanlı araqdan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Sınaq nəticələrinə əsasən nümunələrdə uyğunsuzluqlar aşkar edilib.
Aşkar olunmuş faktlarla bağlı sahibkar barəsində inzibati qaydada tədbir görülüb, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.