Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən SOCAR-ın Karbamid zavodunda “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib.
Teleqraf.com xəbər verir ki, məşqin keçirilməsində məqsəd mülki müdafiə tədbirlər planının reallığının yoxlanılması, məşqə cəlb olunan heyətin mülki müdafiə sahəsində biliyinin artırılması və bu sahədə əməli vərdişlərin aşılanması olub.
Tədbirdə FHN-in Sumqayıt Regional Mərkəzinin əməkdaşları, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt Bölməsinin nümayəndələri, müəssisənin rəhbər və işçi heyəti iştirak ediblər.
Məşq zamanı heyətin fövqəladə hal barədə xəbərdar edilməsi, toplanması, habelə yaranmış ekstremal vəziyyətin nəticələrinin aradan qaldırılması və ümumi idarəetmənin təşkili üzrə fəaliyyətləri qiymətləndirilib, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib. Uğurla reallaşdırılan məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.