18 Mart 11:44
1 375
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un suallarını Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Bu il Ramazan ayı Novruz bayramına təsadüf edir. Novruzda bayram şirniyyatlarının bol olduğunu nəzərə alsaq, insanlar qidalanmada nəyə diqqət etməlidir?

- Allah Ramazanımızı xeyirli, dualarımızı qəbul eləsin. Bu, təkcə bu ilin hadisəsi deyil. Ramazanın Novruz bayramı ilə qarşılaşmasını mən öncələr də görmüşəm. İnsanlar ixtiyarlıdır. Biz deyə bilmərik ki, sən bunu ye, bunu yemə, orqanizmlər fərqlidir. Nəyi yeyib nəyi yeməyəcəyimizi mütəxəssislər, tibbi savadı olanlar deyə bilər. İnsanlar həkimlərə, diyetoloqlara üz tutub orqanizminin nəyə həssas olduğunu bildirir, həkim də öz tövsiyələrini verir.

Ümumiyyətlə, hər Ramazanda milli mətbəximizə məxsus xörəklər bişirilir. Buna firnini misal çəkə bilərik. Eləcə də duru yeməklər daha xeyirlidir. Bəzi adamlar qızartma yeməklərə, kababa meyilli olur. Bu isə mədəni zədələyə bilər. Ona görə də, Ramazan ayında yediklərimizə maksimum şəkildə diqqət etməliyik ki, bizə narahatlıq yaratmasın.

Bayramda bir çox milli şirniyyatlar bişirilir. Şirniyyatlara, adətən, uşaq və cavanlar meyil edir. Orta yaşlı və yaşlı insanlar çox meyil salmamalıdır. Əsasən mədə xəstəliyi və şəkəri olan insanlar buna diqqət etməlidir.

- Son zamanlarda diabet xəstələrinin sayı get-gedə artır. Kimin oruc tutub, kimin tutmaması ilə bağlı təsnifat aparılıbmı? Xəstələr oruc tutub-tutmayacağı ilə bağlı kimdən məsləhət almalıdır?

- Xəstəlik varsa, mütləq həkimə üz tutulmalıdır. Düzdür, dinimiz insanın özü-özünün həkimi olduğunu deyir. Məsələn, dinimiz hamilə qadının və ya süd verən ananın oruc tutmasına icazə verir. Amma onun orqanizmi zəifdirsə, həkim bunu tövsiyə etmir. Orqanizmində hər hansı problemi olmayan analar rahatlıqla oruc tutaraq övladına süd verə bilir. Yenə də həkimlə məsləhətləşmək lazımdır.

Bu, şəkər xəstələrinə də aiddir. Elə xəstə var ki, günün müxtəlif saatlarında dərman içməlidir, elə xəstə də var ki, insulin qəbul edir. Əgər həkim icazə vermirsə, oruc tutmasınlar. Dinimiz o insanları bağışlayır. Bəzi yaşlılar ac qalanda halı pisləşir, hətta ölüm riski belə olur. Bu şəxslər də oruc tutmamalıdır.

Bəs oruc tutmayan insanlar nə etməlidir? Dinimiz buyurur ki, imkanı olan şəxslər oruc tuta bilmirsə, aylıq 100-200 manat ayıraraq aclara, kasıblara yemək alaraq onlara kömək edə bilər. Buna fidyə deyilir.

İnsanlara tövsiyəm odur ki, Ramazanda bacardıqları qədər çox dua etsinlər, namaz qılsınlar, xalq üçün, doğmaları üçün dua etsinlər. Ölkəmizdə sabitlik və sülh olsun. Ramazan paylaşma ayıdır, imkanlı şəxslər kasıblara əl tutsunlar. Ramazan ayının ən gözəl addımları bunlardan ibarətdir.

- Namaz qılmayan şəxs oruc tuta bilərmi? Həmin şəxsin orucu qəbul olunur?

- Oruc tutmaq və namaz qılmaq hər ikisi ibadətdir. Zəkat, xüms verməyin özü də ibadətdir. Bir adam namaz qılmır deyə zəkat verməsin? Xeyr, zəkatın öz yeri, namazın öz yeri var. Oruc tutmağa başlayan insan gələcəkdə namaz qılmağa da başlayar. Maddi imkanı olduqda zəkat, xüms də verər. Bunların hamısı özlüyündə ayrı-ayrı ibadətlərdir. Heç kəsin “Namaz qılmırsan, oruc niyə tutursan?” deməyə haqqı yoxdur.

Heç kim Allah tərəfindən mələk kimi ayrılmayıb ki, Allahın əmrini kiməsə hökm kimi desin. Bunu deməyə haqqımız yoxdur. Bir adam Ramazan ayında Allaha sığınıb, niyyət edib, oruc tutursa, gərək biz də ona dəstək olaq. Namazla orucun bir yerdə olması daha gözəldir. Çünki namaz bütün ibadətlərin başında dayanır. Bir adam həm oruc tutub həm də namaz qılırsa, onun ibadətinin gözəlliyinin tayı-bərabəri yoxdur.


Müəllif: Nigar Qəhrəmanlı