27 Yanvar 2015 10:00
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 2-5 tarixlərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) təşəbbüsü ilə Bakıda “Makroiqtisadi siyasət və onun məşğulluq siyasətinə təsirinin təhlili” mövzusunda beynəlxalq seminar keçiriləcək.

ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, tədbirdə ayrı-ayrı hökumət və qeyri-hökumət qurumlarının, sosial tərəfdaşların, Beynəlxalq Əmək Təşkilatının (BƏT), ayrı-ayrı ölkələrin nümayəndələri iştirak edəcək.

Seminarda məqsəd makroiqtisadi siyasətlərin əmək bazarına təsiri, bu siyasətlərin məşğulluq strategiyaları və əmək bazarına uyğunluğu, gənclərin məşğulluğunun təşviqi, sosial və əmək bazarı siyasətinin yerinə yetirilməsi və s. məsələlərin, eləcə də demoqrafik, sosial və əmək bazarı tendensiyalarının ətraflı təhlil edilməsi, bu sahələrdə işgüzar potensialın artırılması və bilik mübadiləsinin təmin olunmasıdır. Ölkələrdə həyata keçirilən məşğulluq proqramları və onların nəticələrinin ətraflı müzakirə olunacağı tədbirdə mövzularla bağlı qrup formatında interaktiv müzakirələrin aparılması və mövcud təcrübələrin təhlili əsasında gənclərin məşğulluğunun təşviqi üzrə ekspert tövsiyələrinin verilməsi nəzərdə tutulur.

Seminarın sonunda Azərbaycanın aktiv məşğulluq proqramları, o cümlədən gənclər üçün fəal əmək bazarı proqramlarının hazırlanması və icrası, əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin tətbiqi və s. ilə bağlı təcrübəsi təqdim ediləcək, BƏT-in və digər xarici ekspertlərin şərhləri dinləniləcək.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər