ABŞ-da səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Nyu-Yorkda BMT-nin baş katibi Ban-Ki-Moon ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, görüşdə Azərbaycan-BMT münasibətləri, BMT sisteminə daxil olan təşkilatlar, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Birləşmiş Millətlərin Dünya Turizm Təşkilatı (UNWTO), BMT-nin İnkişaf Proqramı (UNDP) ilə əməkdaşlıq perspektivləri müzakirə olunub.
Nazir Ban-Ki-Moona Azərbaycanın qlobal sülh və dialoqa töhfə verən təşəbbüsləri barədə məlumat verərək onu cari ilin 18-19 may tarixində Bakıda keçiriləcək 3-cü Dünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.
Görüşdə ölkə Prezidentinin uğurlu siyasəti nəticəsində Azərbaycanın regionda həyata keçirilən bütün vacib layihələrin aparıcı ölkəsi olduğu qeyd edilib.
Ölkəmizdə müxtəlif mədəniyyət və dinlərin birgə yaşama ənənələrinin tarixən bərqərar olduğu və hazırda bu ənənələrin nümunə kimi beynəlxalq səviyyədə təbliğ edildiyi vurğulanıb.
Baş katib Ban-Ki-Moon Azərbaycanın 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi dünyada sülhə və əməkdaşlığa töhfə verdiyini, xüsusilə Prezident İlham Əliyevin Şuranın iclasına peşəkarlıqla sədrlik etməsinin onda xoş təəssürat yaratdığını qeyd edib.
Ban-Ki-Moon 2016-cı ildə Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının Forumunda iştirak edəcəyini bildirib.
İLHAMƏ