2 Aprel 16:23
2 780
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Müsavat Partiyasının Məclis sədri, BDU-nun filologiya fakültəsinin dosenti Nüşabə Sadıxlı ilə müsahibəni təqdim edir.

- Məlumatlara görə, Müsavat Partiyasının sabiq rəhbəri İsa Qəmbərin yenidən başqanlığa namizəd olması təklifi sizdən gəlib və Divan üzvləri tərəfindən dəstəklənib...

- Bu təklif təkcə Divan üzvləri yox, bütün müsavatçıların istəyidir. Müraciətlər vardı, İsa bəylə görüşəndə də müsavatçılar istəklərini bildiriblər. Qurultayın keçirilməsinə hələ vaxt qaldığı üçün İsa Qəmbər konkret cavab verməyib.

- Nüşabə xanım, müsavatçılar hazırkı başqan Arif Hacılıdan narazıdırlarmı ki, İsa Qəmbərin geri qayıtmasını istəyirlər?

- Müsavatın nizamnaməsində başqan yalnız iki müddətə seçilə bilər. Arif bəy artıq iki dəfə başqan seçilib, yenidən namizədliyini irəli sürə bilməz. Arif bəy Müsavat Partiyasını ayaqda saxlamağı bacaran ləyaqətli siyasətçilərdən biri oldu. Başqanlıq müddəti bitdiyi üçün yenisi seçilməlidir. Düşünürük ki, yeni başqan kimi İsa bəyin qayıtması daha düzgündür.

- Bəs bu təklifə İsa Qəmbərin reaksiyası necə oldu?

- İsa bəy hələ qərarını açıqlamayıb. Düşünürəm ki, yəqin müsavatçıların istəyi və rəyini nəzərə alacaq.

- Müsavat Partiyası niyə keçmiş başqanı geri qaytarmaq fikrindədir, başqa namizədlər yoxdur?

- Partiyada başqanlığa namizədlər kifayət qədərdir. Əslində Arif bəyin də, İsa bəyin də istəyi o idi ki, partiyaya gənclərdən və yaxud xanımlardan kimsə rəhbərlik etsin. Yəni bir dəyişiklik olsun. Hazırda çox ciddi dönəmdə olduğumuz üçün mənə elə gəlir ki, eksperimentə ehtiyac yoxdur. Ona görə istərdik ki, başqan İsa bəy olsun. Qarşıdan məsul dövr gəlir. Bu səbəbdən çox istərdik ki, partiyaya təcrübəli, mükəmməl siyasətçi rəhbərlik etsin.

- Yeri gəlmişkən uzun illər Müsavatdasınız, siz özünüz də başqan ola bilərsiniz...

- Universitetdə çalışdığım üçün vaxt baxımından başqan olmağım alınmaz. Başqan gərək bütün gücü ilə partiyada çalışsın.

- Arif Hacılının başqan seçildiyi qurultayda gərginlik yaşanmışdı, ciddi qopmalar olmuş, xeyli üzvlər istefa vermişdi. Gedənlərin partiyaya qayıdacağı gözlənilirmi?

- Bu haqda heç bir şey deyə bilmərəm. Gedənlərin bir qismi Arif bəyin vaxtında Müsavata qayıtdı. Bundan sonra da yəqin qayıdanlar olacaq. Başqa hara gedəcəklər ki? Azərbaycan müxalifətinin ana partiyası elə Müsavatdır.


Müəllif: Əsəd Məmmədəliyev