Bir neçə gün küçədə gecələyən professor Fazil Qaraoğlunun durumu gündəmə əlavə məsələləri də gətirdi. Sözsüz ki, ictimai dəstək və digər amillər problemin yoluna qoyulmasında həlledici rol oynadı. Alimə ayrı-ayrı şəxslər, qurumlar yardım göstərdi. Burada diqqətçəkən məqamlardan biri də övladların ağır duruma düşən ataya biganə yanaşması oldu. Mövcud qanunvericilikdə övladın valideynə hansı halda aliment ödəməsi, ona qulluq etməsi halları ilə bağlı məsələ bu səbəbdən ictimai müzakirələrə səbəb oldu.
Mövzu ilə bağlı Teleqraf.com-a danışan hüquqşünas Sahib Məmmədov övladların valideynə qulluq etmək, aliment ödmək vəzifəsinin qanunla tənzimləndiyini bildirib:
“Aliment almaq hüququ uşaqlara, valideynlərə, nənə və babaya da şamil edilir. Bu, Ailə Məcəlləsi ilə tənzimlənir. Əgər övlad təminatsız valideynini könüllü olaraq saxlamırsa, baxmırsa, bu zaman məhkəmə qərarı ilə ona aliment təyin edilə bilər”.
Sahib Məmmədov qeyd edib ki, valideyn atalıq və ya analıq hüququndan məhrum edilməyibsə, bu hal tətbiq olunur:
“Şəxsin özünün əmək qabiliyyəti varsa, ahıllıq yaşına çatmayıbsa, o, qanunvericiliyə görə özünü təmin etməlidir. Burada onun işləməsi üçün heç bir məhdudiyyət yoxdur. Dövlətin də vətəndaş qarşısında öhdəliyi mövcuddur. "Sosial xidmət haqqında" qanuna görə, çətin həyat şəraitində olan insanlara dövlət kömək etmək üçün üzərinə öhdəlik götürüb. Çətin həyat şəraitinə düşmə anlayışı da qanunvericiliklə təsbit olunub. Ahıl insanın ona qulluq edən hər hansı bir yaxını olmasa, dövlət onun sığınacağa yerləşdirilməsini təmin edir. Bu, valideynlərini itirmiş uşaqlara da şamil olunur”.
Hüquqşunas evi olub özünə qulluq edə bilməyən qocalara da dövlət tərəfindən xidmət göstərildiyini bildirib: “Dövlətin öhdəlikləri bu halda yaranır. Əslində dövlətin istisna hallar xaric elə bir öhdəliyi mövcud deyil. Alim, şair, artist və ya başqa peşənin sahibi özünü təmin edə bilməyibsə, yaxud digər səbəblərdən çətin şəraitə düşübsə, dövlətin bu şəxslər qarşısında öhdəliyi yoxdur”.
Vəkil Əsabəli Mustafayev də deyib ki, qanunvericilikdə və praktikada övladın valideyninə baxmaq, ona aliment ödəmək hüququ var:
“Yaşlı valideynlər övladlarından onların saxlanılmasını tələb edə bilər. Qanunda qeyd edilib ki, əmək qabiliyyəti, yaşayış üçün lazımi maddi vəsaiti olmayan valideynləri onların övladları saxlamağa borcludur. Hazırda bu hal üzrə davam edən məhkəmə prosesləri var. Misal üçün, hazırda belə valideynlərdən biri uşaqlarını aliment tələbi ilə məhkəməyə verib. Bu, hüquqi və mənəvi cəhətdən qəbul edilmiş haldır. Övladların da burada borc məsələsi mənəvi amil kimi qoyulur. Valideynlik hüququndan məhrum olmuş şəxslərdən başqa digərlərinin bu amildən istifadə etməsi qanunidir”.
Əsabəli Mustafayev bildirib ki, mövzu bu günlərdə küçəyə atılmış alimlə bağlı aktuallaşdı:
“Həmin alimin övladları müəyyənləşdirilməli, onlara qarşı ictimai qınaq təşkil olunmalıdır. Bu, digərləri üçün də dərs olar. Eyni zamanda alimin təminatsız qalması da suallar yaradır. Onun uzun illər boyu işədiyi, çalışdığı sahələrdə xidmətlərinə görə təminatının olması da vacib şərtdir”.