3 Aprel 15:13
525
12 Punto 14 Punto 16 Punto 18 Punto

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış vəsaitləri dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan "Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçən prosesdə təqsirləndirilən Nuridə Seyidovanın müdafiəçisinin məhkəməyə gəlmədiyi məlum olub.

Hakim bununla bağlı Vəkillər Kollegiyasına müraciət olunacağını deyib: "Biz məhkəmə istintaqını başlaya bilmirik. Hər dəfə Nurida Seyidova məhkəmə iclasını qəsdən pozur".

O da məlum olub ki, təqsirləndirilən şəxs bir müddət əvvəl dövlət hesabına vəkillə təmin olunmasına baxmayaraq müdafiəçidən imtina edib. Vəkil Lətifə Kərimova ilə müqavilə bağlanılıb. Hakim təqsirəndirilən şəxsə başqa vəkillə müqavilə bağlamağı təklif edib.

Prosesdən sonra talassemiyalı xəstələrdən birinin atası ilə təqsirləndirilən şəxslərin yaxınları arasında mübahisə yaranıb. Buna səbəb təqsirləndirilən şəxsin yaxınının xəstə atasına: "Allah bəlanı versin, sən tutdurdun" deməsi olub. Bu, zərərçəkmişin qəzəbinə səbəb olub: "Xəstə körpələrin pullarını yığıblar, indi artistlik edirlər" deyib.

Məhkəmə prosesi aprelin 17-də davam edəcək.

Qeyd edək ki, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra ötən ilin fevralında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər