29 Yanvar 2015 14:03
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, yanvarın 26-28 tarixlərində Qabon Respublikasının iqtisadiyyat, investisiyaların təşviqi və planlaşdırma naziri yanında nazir-deleqat xanım Marie-Julie Bilogo-Bi-Nzendongun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub.

Teleqraf.com-un məlumatına görə, yanvarın 26-da nümayəndə heyətinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin rəhbərliyi ilə görüşü keçirilib. Görüşdə hər iki ölkənin gömrük xidmətləri arasında sıx əməkdaşlıq əlaqələrinin yaradılması üçün bütün imkanlardan maksimum yararlanmağın vacibliyi vurğulanmış və bu məqsədlə yaxın perspektivdə müvafiq saziş layihəsinin imzalanacağı bildirilib.

Görüşdən sonra qonaqlar Dövlət Gömrük Komitəsində gömrük xidmətinin müasirləşdirilməsi layihələri ilə tanış olublar. Yanvarın 27-də nümayəndə heyəti Dövlət Gömrük Komitəsinin Mərkəzi Hospitalı, Kinoloji Mərkəzi, “Azərterminalkompleks” Birliyi, Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Regional Tədris Mərkəzi, eləcə də bu təşkilatın Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinə baş çəkib.

Yanvarın 28-də isə qonaqlar Bakı Baş Gömrük İdarəsi, “İpək Yolu” tük terminalı və Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertizası İdarəsinin fəaliyyətilə yaxından tanış olublar. Bununla da Qabon nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb.

Onu da bildirək ki, Qabon Respublikasının iqtisadiyyat, investisiyaların təşviqi və planlaşdırma naziri yanında nazir-deleqat xanım Marie-Julie Bilogo-Bi-Nzendongun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri Qabonun kütləvi informasiya vasitələrində də işıqlandırılıb.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər