17 May 18:10
405
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaz-yay fəsilləri xəstəliklərin daha az olduğu vaxtlar hesab olunur. Havaların istiləşməsi, günəşin aktivliyinin artması və insanların daha çox açıq havada vaxt keçirməsi qışda çox yayılan kəskin respirator virus infeksiyaları, yəni yuxarı tənəffüs yolu infeksiyalarının pnevmanik xəstəliklərin azalmasına səbəb olur.

Bunu Teleqraf.com-a açıqlamasında infeksionist Mərdan Əliyev deyib.

Onun sözlərinə görə, qrip, zökəm əlamətləri ilə müşahidə olunan digər yuxarı tənəffüs yolu infeksiyaları artıq rast gəlinmir və yaxud da minimal olur: "Ona görə əsasən yaz fəslində çox xəstəlik müşahidə edilmir. Havaların isti olması ilə əlaqəli daha çox qida zəhərlənmələrinə daha çox rast gəlmək olur. Müəyyən bakterial infeksiyalar da müşahidə oluna bilər. Allergik xəstəliklərin sayı dəfələrlə artır. Çünki bitkilər artıq çiçək açmağa başlayır və bitki tozları çox allergendir. Bu bitki tozlarına qarşı da bir çox insanlarda allergiyalar müşahidə olunur. Bu səbəbdən bu ağacların çiçəklənməsi, bitkilərin çiçək açması ilə əlaqəli allergik reaksiyalar allergiyalar müşahidə edilə bilər".

Mərdan Əliyev bildirib ki, uşaqlarda rast gəlinən qışda başlayan xəstəliklər artıq sönməyə doğru gedir və sönmə dövrü yaz fəslinə təsadüf edir.

İnfeksionist son dövrlər yayğın olan Epştein-Barr virusu - “öpüş” xəstəliyi haqda da danışıb: "Bu, herpes viruslarının bir növüdür. Limfa düyünlərinin böyüməsi, angina və yüksək qızdırma ilə müşahidə olunur. Bu virus daha çox ağız suyunda olur. Kimisə öpərkən ağız suyunda olan virus asanlıqla keçə bilir. Ona görə, bu virusa “öpüş” xəstəliyi deyirlər. Körpələri öpməklə özümüz də bilmədən onları virusa yoluxdurmuş oluruq”.

Mərdan Əliyev onu da vurğulayıb ki, digər tərəfdən xüsusən yaz-yay aylarında bakterial infeksiyalar və zəhərlənmələr daha çox olur: "Bu zəhərlənmələr də qida vasitəsilə olur. Buna görə mütləq şəkildə qidalara diqqət etmək lazımdır. Valideynlər uşaqlarına nə gəldi verirlər. Belə olmaz. Qidalar otaq temperaturunda saxlanmamalıdır. Dönər alarkən diqqətli olmaq lazımdır. Dönərlər daha səliqəli və keyfiyyətli xidmət göstərən yerdən alınmalıdır. Dönərlər düzgün saxlanılmır. Ət səhər qoyulur, axşama qədər qalır. Bakteriyaların inkişaf etməsi nəticəsində bizlər də onu yeyəndə zəhərlənirik".

O, xəstəliklərdən qorunmaq üçün bu qaydalara riayət etməyi tövsiyə edir: "İlk olaraq xəstə biri ilə təmasda olmamaq lazımdır. Xüsusən də tənəffüs yolu infeksiyaları hava, damcı və təmas yolu ilə yoluxur. Əgər şəxsin xəstə olduğunu biliriksə, ondan 1-2 gün təmasda olmamalıyıq. Yaz-yay aylarında bağırsaq infeksiyaları olur. Bunlar da çirkli əllər vasitəsilə yoluxa bilir. Əllərin düzgün yumağı çox adam bilmir. Əl yumaq şərt deyil. Bəzi insanlar elə bilir ki, əllərini yuyur, amma əllər düzgün yuyulmursa, yəni yalandan isladıb sonra qurulamağın mənası yoxdur. Ən əsas əllər təmiz qaydada sabunla yuyulmalıdır. Bunlara riayət etməklə xəstəlikdən qorunmaq mümkündür”.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər