17 May 18:31
531
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda vətəndaşı aldadaraq külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Asif Əsədullazadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Səməd Məmmədov ifadə verib.

O, təqsirləndirilən şəxsi Azər həkimin vasitəsilə tanıdığını deyib: "Atamın məhkəmə işi gedirdi. Biz ailəlikcə düşünürdük ki atamın məhkəmədə işini Asif Əsədullazadə həll edəcək. Bizə dedi ki, məhkəmədə dostlarım var. Bizə, xüsusilə, bildirdi ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin sabiq sədri, mərhum hakim Mahmud Nəbiyev tanışıdı və elə işimizi də onun vasitəsilə həll edəcək. İlkin olaraq təqsirləndirilən şəxs bizdən 50 min pul istədi. Daha sonra 50 mini qaytardı. Və bizdən 205 min pul istədi. 50 mini qaytarmışdı deyə, etibarımızı qazandı. 205 min manatı borc aldım. İşi həll etmədi və pulu qaytarmadı. Dedi ki, pul yoxdu, amma onun əvəzinə sizə ev və torpaq verə bilərəm".

Növbəti proses mayın 31-də davam edəcək.

İttiham aktında göstərilib ki, təqsirləndirilən şəxs sayılan Asif Əsədullazadə zərərçəkmiş Vüqar Məmmədov Əlxuda oğlunun etibarından sui-istifadə edərək özünün cəmiyyətdə yüksək nüfuza və geniş əlaqələrə malik şəxs olmasına inandırıb.

Bildirib ki, uya müxtəlif dövlət orqanlarında işləyən yüksək vəzifəli tanışlarının köməkliyi və məhkəmələrdə olan əlaqələrindən istifadə edərək zərərçəkmişin əmisi olan Əliyar Məmmədov barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə) maddəsi üzrə baxılan cinayət işini müsbət həll edəcəyi barədə yalan vəd verib.

Beləliklə, Asif Əsədullazadə zərəçəkmişə qarşı 205 000 manat maddi ziyan vurub.

Bununla da Asif Əsədullazadəyə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər