21 May 10:23
313
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 20-də Bakı Dövlət Universitetində (BDU) Hüquq fakültəsi Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə "CareerLaw" layihəsi çərçivəsində Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırovun "Müasir Azərbaycanda vəkillik institutu: yeni çağırışlar" mövzusunda BDU-nun hüquqşünaslıq ixtisası üzrə təhsil alan bakalavr və magistrlarla ilk görüşü keçirilib.

Teleqraf.com xəbər verir ki, görüşü giriş sözü ilə açan BDU-nun Hüquq fakültəsinin dekanı Zaur Əliyev tədbirin əhəmiyyətini vurğulayıb, fakültənin ARVK ilə əməkdaşlığının, Kollegiyanın peşəkar hüquqşünas kadrların formalaşmasına yardımçı olduğunu bildirib.

Mərasimdə çıxış edən ARVK-nın sədri Anar Bağırov iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb, tələbələrlə təcrübələrini bölüşüb, o cümlədən rəhbərlik etdiyi qurumun tarixi, fəaliyyəti, son illər görülən işlər barədə ətraflı məlumat verib.

Son dövrlər BDU da daxil olmaqla Kollegiya ilə hüquq fakültələri olan bütün universitetlər arasında memorandumların imzalandığını söyləyən sədr xeyli faydalı əməkdaşlıqların əldə olunduğunu dilə gətirib.

Anar Bağırov ARVK tərəfindən bir çox faydalı layihələrin həyata keçirildiyini, son illərdə vəkilliyə üz tutan hüquqşünasların əsasən gənclərdən ibarət olduğunu, onların vəkilliyə yeni nəfəs gətirdiklərini və bu istiqamətdə gənclərlə əməkdaşlığa çox böyük önəm verildiyini diqqətə çatdırıb.

Vəkillər Kollegiyasının Akademiyasının təsis edildiyinə toxunan sədr burada kifayət qədər hüquq alimlərinin fəaliyyət göstərdiyini, Akademiyanın hüquqşünas tələbələrin hazırlanmasında ali təhsil müəssisələrinə yardımçı ola biləcəyinə ümid etdiyini vurğulayıb.

Eyni zamanda Anar Bağırov ARVK-nın hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatı olduğunu, Kollegiyanın dəstəyi ilə hər il təşkil edilən yay və qış hüquq məktəblərinə 300-dən çox tələbənin qatıldığını, yüzlərlə tələbənin vəkil qurumlarında təcrübə keçdiyini, o cümlədən tələbələrə fərdi təqaüdlərin verildiyini və hüquq fakültələrinin layihələrinə sponsorluq edildiyini bildirib, habelə hüquqşünas tələbə təşkilatları ilə uğurlu əməkdaşlıq əlaqələrinin qurulmasından danışıb.

Sonra BDU-nun Cinayət prosesi kafedrasının müdiri, Kollegiyanın üzvü, hüquq elmləri doktoru (h.e.d.), professor Firuzə Abbasova, BDU-nun Əmək və ekologiya hüququ kafedrasının müdiri, ARVK-nın üzvü, h.e.d., professor Alış Qasımov, BDU-nun “İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrasının müdiri, Vəkillərin İxtisas Komissiyasının sədri, h.e.d. Turqay Hüseynov çıxış edərək son illər Kollegiyanın fəaliyyətindən, getdikcə artan nüfuzundan, qarşılıqlı əməkdaşlığın perspektivlərindən, cəmiyyətdə vəkilliyin rolundan, onların yenilənməsindən, gəncləşməsindən, müasirləşməsindən və təkmilləşməsindən danışıb, habelə vəkillik sahəsində aparılan islahatları yüksək qiymətləndirdiklərini ifadə ediblər.

Həmçinin görüşdə BDU-nun Hüquq fakültəsi TGT-nin sədri Veysəl Mirzəzadə çıxışında “Career law” layihəsinin ilkin buraxılışına göstərdiyi dəstək üçün ARVK-nın sədri Anar Bağırova minnətdarlığını bildirib, tədbir iştirakçılarını layihə barədə məlumatlandırıb, habelə layihənin məqsədləri və gələcək fəaliyyət istiqamətləri barədə fikirlərini bölüşüb. “Career Law” layihəsinin hüquq sferasında peşəkar hüquqşünaslarla tələbələr arasında əlaqələrin gücləndirmək olduğunu deyən TGT sədri onlara gələcək karyeralarında dəstək göstərmək məqsədi daşımasını vurğulayıb.

Daha sonra Anar Bağırov Hüquq fakültəsinə tədris auditoriyasında istifadə üçün tribuna, TGT-nin sədrinə isə ARVK-nın fəaliyyətinə aid nəşrlər və vəkilliyin rəmzini əks etdirən xatirə lövhəsini hədiyyə edib. Eyni zamanda Kollegiyanın sədri Anar Bağırov BDU-nun Hüquq fakültəsinin təşkilatçılığı ilə keçirilən “Respublika Hüquq Olimpiyadası”na və “Career Law” layihəsinə dəstəyinə görə təşəkkürnamə ilə təltif olunub.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb, bir sıra təkliflər irəli sürülüb.

Tələbələr bu cür tədbirlərin onların nəzəri biliklərinin və praktiki bacarıqlarının artırılmasına mühüm töhfə olduğunu ifadə ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər