23 May 13:04
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Ali Məhkəməsi və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov 2024-cü il 22-24 may tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin Məhkəmə-Hüquq Şuraları sədrlərinin II Toplantısında iştirak edir.

Teleqraf.com-un xəbərinə görə, konfransda çıxış edən İnam Kərimov bildirib ki, türkdilli dövlətlərlə qarşılıqlı təcrübə mübadiləsinin daha da gücləndirilməsi ölkəmiz üçün əsas prioritetlərdən biridir. Hazırda dünyada gedən regionallaşma mühiti dövlətlərarası əlaqələrin dərinləşməsini və region ölkələrinin inteqrasiyasını şərtləndirir.

Qeyd edilib ki, bu gün hüquq sistemləri bir çox qlobal və yerli çağırışlarla üz-üzədir. Bu çağırışlar ədalət mühakiməsinin həyata keçirilməsində müasir kommunikasiya texnologiyaları, süni intellektin və digər mütərəqqi təcrübələrin daha da dərindən tətbiq edilməsidir. Azərbaycanda da elektronlaşma, müasir texnologiyaların istifadəsi sahəsində son illər əsaslı irəliləyişin əldə olunduğu vurğulanıb. Bildirilib ki, qarşılıqlı görüşlər hakim korpusunun yetişdirilməsinə, ədalət mühakiməsinin səmərəliliyinin daha da artırılmasına öz töhfəsini verəcək.

Konfransda, həmçinin Məhkəmə-Hüquq Şurasının fəaliyyəti barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, müxtəlif inkişaf mərhələlərindən keçən Şuranın formalaşdırılması qaydaları 2023-cü ildən daha da təkmilləşdirilib. Beynəlxalq təşkilatların tövsiyələri və mütərəqqi təcrübələr nəzərə alınmaqla qanunvericiliyə mühüm dəyişikliklər edilib.

Toplantıda Türkiyənin Hakimlər və Prokurorlar Şurasının baş katibi Atilla Öztürk, TDT-nin Baş katibi Kubanıçbek Ömüraliyev, Türkiyənin ədliyyə naziri, Hakimlər və Prokurorlar Şurasının İdarə Heyətinin sədri Yılmaz Tunç çıxış edərək türkdilli ölkələr arasında hər sahə üzrə olduğu kimi, məhkəmə-hüquq orqanlarının əməkdaşlığının da inkişafının əhəmiyyətini qeyd edib, bu baxımdan keçirilən tədbirlərin zəruriliyini vurğulayıblar. Bildirilib ki, bu toplantılar vasitəsilə türkdilli ölkələrin sahə üzrə fəaliyyəti dəyərləndirilir, gələcək birgə işlərlə bağlı ortaq qərarlar qəbul edilir.

Tədbirdə, həmçinin Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin Məhkəmə-Hüquq Şuraları sədrlərinin növbəti toplantısının gələn il Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilib.


Müəllif: Teleqraf.com