23 May 16:43
375
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yadımdadır ki, əvvəllər TÜRK-AV-ın yaradılması, onun fəaliyyəti və iştirak etdiyimiz toplantılarda bir çox planlarımız vardı. Lakin müəyyən səbəblərə görə həmin planları həyata keçirə bilmədik”.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırov mayın 23-də Türkiyənin paytaxtı Ankara şəhərində Türkiyə Barolar Birliyinin və ARVK-nın birgə təşkilatçılığı ilə keçirilən Türk dünyası Vəkillər kollegiyalarının zirvə görüşündə çıxışı zamanı deyib.

“TÜRK-AV çox geniş bir format idi. Burada tək türk dilində danışan ölkələr deyildi, başqa dövlətlər də iştirak edirdi. Təbii ki, bu cür təşkilatın yaradılması asan deyildi, çətinliklər də yaranırdı. Ancaq çox sevinirəm ki, Türkiyə Barolar Birliyinin prezidenti dəyərli Erinç bəylə birgə apardığımız razılıq əsasında bugünkü zirvə toplantısı baş tutdu. İlk dəfə olaraq bütün Türk dünyasının Vəkillər kollegiyalarının rəhbərləri bu görüşə qoşuldu. Fürsətdən istifadə edib bütün həmkarlarıma öz adımdan, Azərbaycan vəkil korpusu adından dərin minnətdarlığımı bildirirəm. Böyük uğurumuz isə türkmənistanlı həmkarlarımızın da ilk dəfə görüşə qatılmasıdır. Məlum olduğu kimi, bizi birləşdirən bir çox dəyərlər var. Bu gün həm tarixi, həm mədəni, həm də iqtisadi dəyərlər bizi birləşdirir. Nəzərə almaq lazımdır ki, bugünkü həyat Türk dövlətlərin bizdən başqa dostlarının olmadığını sübut edir. Bu, bir reallıqdır. Azərbaycan Respublikası olaraq, biz bunun dəfələrlə şahidi olmuşuq. Bilirsiz ki, uzun illər ərzində Azərbaycan torpaqları işğal altında idi. Torpaqlarımızın 20 faizi Ermənistan tərəfindən işğal olunmuşdu, bir milyona yaxın qaçqın və məcburi köçkünlərimiz öz ata-baba yurdlarından didərgin düşmüşdülər. BMT-nin çıxardığı qətnamələr icra olunmurdu. Vətən müharibəsi zamanı ərazilərimizi düşməndən azad etdik. Hazırda Azərbaycan xalqı qalib və qürurlu xalq kimi tanınır. Bunların hamısı asan yolla olmadı, biz çox əziyyətlər çəkdik, İnsanlarımızın haqları pozuldu. Ancaq bizə ən böyük dəstək göstərən kim oldu? Əlbəttə, Türkiyə dövləti! Biz isə bunu heç vaxt unutmayacağıq. Bu, bizim tariximizdə əbədi olaraq qalacaq. Dostluğumuz sözdə yox, əməldə öz təsdiqini tapdı.

Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dediyi kimi, “Azərbaycanın kədəri Türkiyənin kədəridir, Azərbaycanın sevinci Türkiyənin sevincidir”. Təbii ki, Azərbaycan üçün də bu belədir. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin söylədiyi kimi, biz “bir millət, iki dövlət”ik. Ancaq artıq biləsiz ki, bu düstur daha da genişlənir. Belə ki, 2009-cu ildə Azərbaycanın Naxçıvan şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yaradıldı. 2021-ci ildən etibarən isə bu Şura Türk Dövlətləri Təşkilatına çevirilmişdir. Artıq bu inteqrasiya prosesləri, birlik daha da güclənib, təşkilat formalaşıb. Bütün Türk Respublikaların dövlət başçıları bu təşkilatda keçirilən tədbirlərdə iştirak edir. Hazırda əməkdaşlıq bütün sahələrdə davam edir. Təbii ki, vəkillik sahəsi də kənarda qala bilməzdi. Biz vəkillər cəmiyyətlərimiz üçün çox önəmliyik. Bizim peşə olmadan ədalət mühakiməsi, insan haqlarının qorunması, hüquqi dövlətin qurulması qeyri-mümkündür. Təbii ki, bizim iş birliyimiz, bu görüş, apardığımız müzakirələrimiz, qəbul etdiyimiz qərarlar nəticə etibarı ilə yalnız və yalnız bir hədəfə, bir amaca, bir məqsədə xidmət edir”, - Anar Bağırov bildirib.


Müəllif: Teleqraf.com