24 May 19:26
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

“11 ildir ailəli olan bir qadın mənə zəng vurub deyir ki, çox adi bir məsələdən ərinin ürəyinə şübhə düşüb. Ətrafda danışılanlar psixoloji zəif, fikri sabit olmayan adamlarda o hissi gücləndirir. Əminlik hissinin olmaması şübhələrə gətirib çıxarır ki, bu da ailənin dağılmasına səbəb olur. Ailəsinə qarşı sadiq olan qadın ərinin şübhələnməsini özünə qarşı təhqir hesab edir. Və qadın üç uşaqla boşanmaq istəyir”.

Bunu Teleqraf.com-a “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.

Son illərin statistik göstəriciləri Azərbaycanda nikahların sayı azalıb, boşanmaların sayının isə artdığını deyir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə hesabatında da bu məsələ vurğulanır və bildirilir ki, ötən il 54 200 nikah bağlanıb, 21 688 sayda boşanma qeydə alınıb.

Mehriban Zeynalova qeyd edib ki, boşanmaların artmasının əsas səbəblərindən biri ailədaxili şiddət olsa da ətrafda baş verən hadisələr, seksual münasibətlərdəki problemlər, cəmiyyətdə qadının xəyanətkar obraz kimi təqdim edilməsi ailə münasibətlərinə mütləq mənada təsir göstərir.

“Gənclər evlənmir, boşanmalar çoxalır”

“Qadınlarla bağlı bu cür şübhələrin yayılması adi bir hal deyil. Ona görə də biz həmişə deyirik ki, başlıqlara daha həssas yanaşın. Ola bilsin, materialın içindəki əhvalat başqa ölkənin qadınına aiddir, amma bütün hallarda qadının qabardılması şüurlatına təsir edir.

Biz nədənsə buna çox biganə yanaşırıq və düşünürük ki, bu xüsusi qadınlar üçündür, amma bunun bütün qadınlara aidiyyəti var. Nəticədə isə hamının dad çəkdiyi belə mənzərə yaranır: gənclər evlənmir, boşanmalar çoxalır” - Mehriban Zeynalova vurğulayır.

Onun fikrincə, son zamanlar əksər ailələrdə cütlüklər bir-birindən xəyanətə görə şübhələnir və boşanır.

Sosial Tədqiqatlar Mərkəzinin (STM) “Müasir Azərbaycan ailəsi” mövzusunda hazırladığı analitik – hesabatında bildirilir ki, ölkəmizdə respondentlərin yarıdan çoxu boşanmanın əsas səbəbi kimi narkomaniya və alkoqolizmi önə çəkiblər. İkinci amil kimi isə ailədaxili şiddət, zorakılıq problemi qeyd olunub. Növbəti pillələrdə xarakter uyğunsuzluğu və nikahdankənar münasibət cavabları yer alıb.

Sorğuda ailəni boşanma qərarından saxlayan ən əsas səbəb kimi azyaşlı uşaqların olması göstərilib.

Mehriban Zeynalovanın sözlərinə görə, şiddətin kökündə adətən narkomaniya və alkoqolizm dayanır. Təəssüf hiss ilə əlavə edir ki, ailə məcəlləsində ailələrə dəstək məsələləri əksini tapmayıb:

“Həmin məcəllədə ailələrə dəstəklə bağlı bir kəlmə də söz yoxdur. Əvvəllər buna ehtiyac da yox idi, çünki ailə icma şəklindəydi, qohumlar bir-birinə dəstək verirdi, qayğısına qalırdı, uşaqların böyüməsində nənə-baba iştirakçı olurdu. İndi ailədaxili münasibətlər belə olmadığına görə mütləq dəstəyə ehtiyac var. Bu dəstək olsa ailələr daha dayanıqlı olar”.

“Boşanan tərəflərlə iş aparılmalıdır”

“Boşanma ilə bağlı müraciət edən ailə fərdlərinə fikirlərinin dəqiqləşməsi üçün üç ay müddət təyin edilib. Bu müddətdə ehtimal olunur ki, onlar fikirlərindən dönərlər. Amma sual verirəm, ailənin yenidən bərpa olunması üçün həmin üç ayda kim həmin ailə ilə iş görür? Axı dəstək lazımdır və mütləqdir. Tərəflərlə psixoloji, sosial iş aparılmalıdır, iş yerləri yoxdursa onları işlə təmin etmək, uşaqlarla bağlı problemləri varsa onu həll edərək yoluna qoymaq olar”- deyə birlik sədri bildirib.

“Yalnış ünsiyyət qurulur və sona qədər davam etmir”

Klinik-psixoloq Ruhiyyə Rüstəmova hesab edir ki, bir çox gənc işsizlikdən əziyyət çəkir, iqtisadi durumları yaxşı deyil, evləri yoxdur:

“Düşünürlər ki, ailə məsuliyyətdir və sabah doğulacaq uşağın xərclərini qarşılaya biləcəklərmi? İqtisadi cəhətdən təmin edilməmək qorxusu onları ailə qurmaqdan çəkindirir. Bir çox gənclərdə isə ünsiyyət zəifliyini müşahidə etmək olar. Sosial şəbəkələr üzərində yanlış ünsiyyətlər qurulur və sona qədər davam etmir. Əvvəllər dərnəklər mövcud idi, tez-tez uşaqlar orada bir araya gəlirdilər. İndi hər kəs fərdi komüterin qarşısında oturur, bütün məlumatları oradan alır. Dərslərini belə onlayn şəkildə həll etməyi daha üstün tuturlar. İnsanlar özlərinə qapalı haldadırlar, şəxsi, mənəvi dəyərlərini aşkarlaya bilmədikləri üçün nikah qurmurlar”.

Nikahların sayını necə artıraq?

Psixoloq hesab edir ki, nikahların sayını artırmaq üçün gənclər üçün şərait yaradılmalıdır:

“Alkoqolizmə, narkomaniyaya qurşanan insan kimdir? İşsiz, cəmiyyətə faydası dəyməyən və özünü orda tapa bilməyən birisi. Yəni özünü unutmaq üçün zərərli vərdişlərə əl atıb. Gəncin düzgün həyat tərzi sürmək üçün şəraiti olmalıdır, özünü sübut etmək üçün işlə təmin edilməlidir.

İpoteka şərtləri o qədər çətindir ki, gənclər bunun öhdəsindən gələ bilmirlər. Gənc ailələr üçün işlə təmin edilmə layihələri olsaydı, bu, məsələyə çox effektiv təsir göstərərdi”.


Müəllif: Nərmin Muradova