26 May 11:07
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 fevral tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına (ARVK) ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, Kollegiyaya yeni üzvlərin qəbul edilməsi üçün şərait yaradılması tövsiyə olunub.

Teleqraf.com xəbər verir ki, vəkilliyə sənəd qəbulunun daimi əsaslarla aparıldığını nəzərə alaraq, Kollegiya ilə Dövlət İmtahan Mərkəzi (DİM) arasında əldə olunan razılığa əsasən mayın 26-da ARVK və Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası (NMRVK) üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanının yazılı test mərhələsi keçirilir.

İmtahan saat 10:00-dan başlayaraq 3 saat ərzindəelektronlaşdırılmış qaydada DİM-in Elektron İmtahanlar Korpusunda keçirilir.

DİM və ARVK-nın birgə əməkdaşlığı çərçivəsində təşkil olunan imtahanda iştirak üçün 600 nəfər vəkilliyə namizəd müraciət edib. Bu da elektronlaşdırılımış qaydada keçirilən test imtahanlarında ən yüksək göstəricidir.

İmtahanda namizədlərə hüququn müxtəlif sahələrinə aid hər biri 1 balla qiymətləndirilməklə 100 test sualı təqdim olunur. Nəticələr imtahandan dərhal sonra kompüter mərkəzində elan olunacaq və bu barədə Kollegiyanın rəsmi internet səhifəsində (www.barassociation.az) məlumat veriləcək.

İmtahanın şəffaflığının təmin edilməsi məqsədilə bir çox yerli,dövlət və qeyri-hökumət təşkilatlarından müşahidəçilər dəvət olunub, media nümayəndələrinin iştirakı təmin edilib.

Statistik məlumatlara gəldikdə isə qeyd olunmalıdır ki, regionlar üzrə namizədlərin təmsil olunma nisbəti Bakı şəhəri üzrə 61,7 faiz, respublikanın digər regionları üzrə isə 38,3faizdir. Say nisbəti baxımından imtahanda Azərbaycanın əksər regionları təmsil olunur, bu isə öz növbəsində gələcəkdə regionlarda vəkil çatışmazlığının nisbətən aradan qaldırılmasına imkan verəcək. Namizədlərin 15 faizi xarici, 85 faizi yerli ali təhsil müəssisələrində təhsil alıblar ki, bu siyahıda ilk yeri 50 faiz ilə Bakı Dövlət Universiteti tutur. Yaş kateqoriyası baxımından 40 yaşadək olan namizədlər ümumi namizədlərin 67 faizini təşkil edir. Qadın namizədlər 28 faiz, kişi namizədlər isə 72 faizdir.

Qeyd edək ki, NMRVK-nın imtahanda iştirak edən namizədləri 3,8 faiz təşkil edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər