27 May 15:22
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

26 may 1918-ci ildə Gürcüstan Cənubi Qafqaz Seymindən çıxaraq özünün müstəqilliyini elan edib. Bu hadisədən iki gün sonra Azərbaycan da 6 maddədən ibarət İstiqlal Bəyannaməsini qəbul edərək müsəlman şərqində ilk respublikanın əsasını qoyub.

Qonşu dövlətin mühüm dövlət xadimlərindən biri Parisdə qətlə yetirilən Noy Ramişvili olub. O, 1881-ci ildə Kutaisidə doğulub. 1894-1900-cü illərdə Kutaisi Ruhani Seminariyasında təhsil alıb. 1902-ci ildə Sosial Demokrat Fəhlə Partiyasına qoşulub, tezliklə menşeviklərin tanınmış simasına çevrilib. Bu fəaliyyətinə görə qəbul olduğu universitetdən qovulub, dəfələrlə təqiblərə məruz qalıb. 1905-ci il inqilabı dövründə aktiv çalışıb, buna görə həbs olunub. 1907-ci ildə Londonda keçirilən qurultayda Tiflis menşeviklərinin təmsilçisi kimi iştirak edib, mərkəzi komitənin üzvü seçilib. 1908-1910-cu illərdə Almaniyada yaşayıb, orada alman sosial demokratları ilə tanış olub. 1910-cu ildə Gürcüstana qayıdıb, lakin həbs edilərək Rostova sürgün olunub. 1913-cü ildə yenidən Tiflisə qayıdan Ramişvili Fevral inqilabından sonra Gürcüstan Milli Şurasının üzvü seçilib, 22 aprel 1918-ci ildə üç xalqın yaratdığı Cənubi Qafqaz Federativ Respublikasının daxili işlər naziri təyin edilib. O, Osmanlı ilə aparılan Batum müzakirələrində Gürcüstan heyətinin rəhbəri olub. 26 may 1918-ci ildə elan edilən Gürcüstan müvəqqəti hökumətinin ilk Baş naziri seçilib. Daha sonra onu Noy Jordaniya əvəzləyib. Yeni qurulan kabinetlərdə Ramişvili daxili işlər, təhsil və hərbiyyə naziri kimi vəzifələr daşıyıb. 1921-ci ildə Rusiyanın Gürcüstanı işğal etməsindən sonra Fransaya mühacirət edib. Prometey hərəkatına qoşulan Ramişvili mühacirətdə Qafqaz Konfederasiyası tərəfdarlarından olub. Aktiv fəaliyyətinə görə 7 dekabr 1930-cu ildə Parisdə NKVD agenti tərəfindən öldürülüb. Orada Leuville məzarlığında dəfn olunub, ailəsi isə bolşeviklərin zülmünə məruz qalıb.

Noy Ramişvilinin dəfnində Prometey hərəkatında onunla birgə çalışan Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadə də iştirak edib, nitq söyləyib.

Həmin nitqin mətnini təqdim edirik:

“Düşmən qurşunu böyük bir adamı, hörmətli bir hürriyyət mücahidini öldürdü. Noy Ramişvilinin həyatına nəhayət verdi!

Bu əsəfli hadisə münasibətilə qonşularınız baş verən müsibətin ağırlığını haqqı ilə dərk edirlər. Bu, onlar üçün milli bir matəmdir.

Fəqət bu milli matəm təkcə gürcüləri deyil, eyni zamanda biz azərbaycanlıları və bütün Qafqaz vətənsevərlərini dəxi mütəəssir etməkdədir.

Bütün mühacirəti sarsıdan bu qara xəbərin Gürcüstanla bərabər, bütün Qafqazda dəxi eyni hüzn və təssürlə əks-səda doğuracağı şübhəsizdir.

Düşmən sevinə bilər. Atdığı qurşun hədəfinə dəymişdir. Ramişvili vurulmuşdur. Fəqət çox da sevinməsin – çünki öldürülən sadəcə maddi Ramişvilidir. Bir də mənəvi Ramişvili vardır ki, o öldürülə bilməz. O yaşayır! Əvət, heç bir xəyanət, heç bir qüvvət, heç bir qurşun ictimai və tarixi haqq və həqiqətə söykənən bir fikri öldürməz! Mərhum məhz belə bir fikrin xidmətçisi idi. Milli istiqlal, fikri-bəşərin istiqbalına hakim olacağı gerçək demokratiya fikirləri silsiləsində çox mühüm bir halqadır.

Həqiqi bir mücahid və inqilabçı sifətilə Noy Ramişvili əlində bayrağı ilə ölümünü dərk etdi. Ta ölüncəyə qədər uca tutduğu bu bayraq üzərində bu sözlər yazılmışdı: “Gürcüstan istiqlalı!”

Bu şüar ki, idealist Ramişvilinin həyatdakı yeganə məqsədini təşkil edirdi. Fəqət bir gürcü inqilabçısının bu idealizmini o, eyni zamanda bir dövlət adamının realizmi ilə ahəngdar bir surətdə birləşdirə bilmişdi. O anlayırdı ki, qüvvətli düşmənə qarşı kiçik Gürcüstan təkbaşına qarşı çıxa bilməzdi. Qafqaz millətlərinin müştərək mənfəət və müqəddərata malik olduqlarını o gözəl şəkildə dərk edirdi.

Gürcüstanın xilasını o, bütün Qafqazın xilası ilə birlikdə təsəvvür edirdi. Müstəqil Qafqaz Konfederasiyası fikrinin bütün əhəmiyyət və aktuallığını qəbul etmişdi. O, eyni zamanda məhkum millətlər arasındakı ittifaqa böyük əhəmiyyət verirdi. Qafqazı, Ukraynanı, Türküstan ilə sair milli cümhuriyyətləri işğal altında tutan düşmənə qarşı bu millətlərin bir cəbhə halında olmalarındakı faydanı haqqı ilə dərk edirdi.

(Tabuta xitabla)

Əziz dostum, sən şanlı vəzifə başında ikən öldürüldün. Xain düşmən səni nəfsini qüdsi bir əlaqə ilə vəqf etdiyin böyük işdən ayırdı. Bu açıq məzarının başında əhd edir, bərabər gördüyümüz müştərək işi sonuna qədər aparacağımıza sənə söz veririk. Nəfsini vəqf etdiyin böyük qayələrə bağlı qalacağımıza əmin ola bilərsən!

Əvət, əfəndilər, böyük qayələrin zəfərini təmin üçün böyük də qurbanlar vermək lazımdır. Qurbanlarımız çoxdur. Onların saysız-hesabsız məzarları Solovkinin buzlu çöllərini, Qafqazın dağlarını, dərələrini, mühacirətin yaşadığı yad məmləkətləri doldurmuşdur. Bu qurbanlar silsiləsindən böyük bir mücahidin daha qapanmamış bu məzarı başında əhd edəlim! Mücahidin qüdsi hisslərlə mənimsəmiş olduğu qayələri gerçəkləşdirməkdən daha qiymətli hansı intiqam növü təsəvvür edilə bilər? Ona qoyulacaq ən yaxşı abidə ancaq müstəqil Gürcüstan ilə müstəqil Qafqaz Konfederasiyası fikrinin həqiqət olacağıdır. Paris torpaqlarına əmanət etməkdə olduğumuz vücudunun qurtulmuş vətənə nəqlini həyatda qalan bizlər təmin etməliyik.

Ramişvili hürriyyət və istiqlal üçün cəhd edən bir millətin əzm və iradəsini öz nəfsində təmsil edən bir şəxsiyyət idi. O, milli bir mücahid idi. Bu mücahid ölsə də, onu doğan xalq ölmədi, həyata keçirməklə məşğul olduğu milli iradə dəxi ölməmişdir. Bu iradə müzəffər olmalıdır və olacaqdır!

Əvət, əziz qonşularımız! Sizə gələn müsibət bizə gələn müsibətdir. Biz müştərək bir matəmdəyik. Ramişviliyə sizinlə birgə ağlayırıq. Böyük mücadiləni sizinlə birlikdə davam etdirəcək və müştərək qayələrin zəfərini birlikdə təsid edəcəyik! O qayələr ki, mərhum onların qurbanı olmuşdur! Ona bizdən əbədi hörmətlə!”.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər