Azərbaycanda heyvan bazarında qiymətlərdə ara-sıra artımlar müşahidə olunur. Son günlər, xüsusilə də xırdabuynuzlu heyvanların qiymətində kəskin artım hiss olunur. Belə ki, ət dükanlarında quzu ətinin qiyməti 20-25 manat arasında dəyişir.
Bəs qiymətin belə qalxmasının səbəbi nədir?
Teleqraf.com xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı ekspert Rəşad Həsənov Publika.az-a açıqlama verib.
O qeyd edib ki, böyük ehtimalla, sözügedən qiymət artımı Qurban bayramının yaxınlaşması ilə əlaqəlidir:
“Çünki bu dövrdə birdən-birə kütləvi şəkildə tələb artır. Qurban bayramının hər il 10 gün yaxınlaşması burada əsas faktorlardan biridir. Ona görə ki, zaman yaxınlaşdıqca heyvanların, xüsusilə də xırdabuynuzlu heyvanların çəki alma müddəti azalır. Belə olduğu halda daha az çəki ilə bazara təklif olunurlar. İstehsalçılar da bu vəziyyəti dəyərləndirirlər. Həmin vəziyyətə uyğun bazara fərqli qiymətlər təklif edirlər. Qurban bayramından sonra qiymətlərin təkrar qismən ucuzlaşacağının şahidi olacağıq. Çünki bayramda kütləvi şəkildə ət istehlakı müşahidə olunur. Daha sonra isə bu, bazarda tələb durğunluğuna gətirib çıxarır.
Eyni zamanda, ondan sonrakı dövrdə də tələbin intensivliyi aşağı düşür. Bu da qiymətləri qismən də olsa optimallaşdırır. Ümumiyyətlə, son illərdə aqrar sektorda heyvandarlığın inkişaf və məhsuldarlıq göstəriciləri zəifləməkdədir. Orta və uzunmüddətli dövrdə aqrar siyasət müvafiq istiqamətin inkişaf imkanlarını artırılmasına yönəlməlidir. Xüsusilə örüş yerlərinin əkin sahələri kimi istifadə edilməsi heyvandarlığın inkişafı üçün müəyyən çətinliklər yaradır. Bütün bunlar isə bazara neqativ təsir göstərir”.