3 İyul 14:31
1 069
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər insanlar qızdırma və halsızlıqla müşayiət olunan xəstəlikdən şikayətlər edirlər. Bunun səbəbi naməlum virusla əlaqələndirilir. Həmçinin qonşu ölkə olan İranda çoxsaylı fəsad törədən və ölümlə nəticələnən təhlükəli dang qızdırması yayılıb. Əyalətlərdə 138 nəfərin bu xəstəliyə yoluxduğunu və bir neçə nəfərin həyatını itirdiyi bildirilir. Dang qızdırması Azərbaycanda yayıla bilərmi?

Teleqraf.com-açıqlama verən infeksionist Mərdan Əliyev deyir ki, yay aylarında insanlar arasında adi qrip virusuna və yuxarı tənəffüs yollarının iltihabı proseslərinə tez-tez rast gəlinir:

“Bu aylarda insan bədənində vitaminlərə ehtiyac yüksəldiyinə görə immun sistemi bir qədər zəifləyir. B isə müəyyən xəstəliklərə yoluxma hallarını sürətləndirir. Bədənin vitamin və minerallara tələbatını ödəmək lazımdır. Dünyada yüzlərlə virus var. Bu virusların bəziləri çox təhlükəlidir. Bəziləri isə çox ciddi sayılmır. Hazırda baş verən xəstəliklərin çoxu angina, faringit, sinusitlərdir. Bunlar bakterial infeksiyalardır. Soyuq qidalardan, soyuq sulardan istifadə nəticəsində yaranır. Əsas simptomları qızdırma, öskürək, boğaz ağrısı, burun axıntısı, gözlərin qızarmasıdır.

Yuxarı tənəffüs yollarında kəskin respirator infeksiyalar törədən xeyli viruslar da var. Hər biri istənilən əlverişli vaxtda fəallaşa bilir”.

Həkim vurğulayır ki, İranda yayılan dang qızdırması xəstəliyi təhlükəli sayılır:

“Bunlar hemoradik qızdırmalar qrupuna daxil olan endemik viruslardır. Əsasən Afrikada, Amerikada rast gəlinir. Daha çox ağcaqanadlar vasitəsilə yoluxur. Viruslar ağcaqanadların ağız suyunda olur, insanın dərisinə, oradan da qanına daxil olub xəstəlik törədir. Virusun əlamətləri yüksək temperatur, bədəndə ağrı, dəri səpkiləridir.

Endemik virusların bəziləri daha öldürücüdür, bəziləri daha az. Dang qızdırması daha yüngülüdür, ancaq ölüm halları da müşahidə edilə bilir. Azərbaycanda bu zamana qədər bu viruslar müşahidə edilməyib.

Qeyd olunan xəstəlik tropik ölkələrə xasdır. Əvvəllər bu virusların coğrafi miqyası az idi. Müəyyən ölkədə görülürdü. Artıq daha çox yayılmağa başlayıb, İranda da müşahidə olunur. Dünyanın bir-birinə inteqrasiya etməsi yoluxucu xəstəliklərin artmasına gətirib çıxarır”.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər