Son günlər əhali arasında infeksiya yayılıb. Bildirilir ki, qarın boşluğunda ağrılar, yüksək hərarət, uzun müddət davam edən qusma və ishal əlamətləri ilə xəstəxanalara müraciət edənlərin sayı artıb.
Teleqraf.com-a danışan infeksionist Sədiqə Əliyeva deyir ki, rotaviruslar əsasən hava-damcı yolu ilə yayılır:
“Rotavirusa xüsusən uşaqlar arasında rast gəlinir. 4-24 ay arası uşaqlarda infeksiya olduqca ağır fəsadlara gətirir. Səbəb isə bu yaş qrupundakı uşaqların həm immunitet sistemlərinin daha zəif olması, həm də ishal və qusma ilə müşayiət olunan maye itkisinin daha böyük problemə yol açmasıdır.
Rotavirus infeksiyasına bağırsaq qripi də deyirlər. Xəstəlik qusma, ishal və yüksək hərarətlə müşayiət olunur.
Bu, 5-7 gün ərzində sonlanan getdikcə normallaşan bir prosesdir. Heç bir fəsad buraxmadan insanlar 7 gün ərzində sağalırlar. Bu xəstəlik əsasən ciddi problem yaratmadan öz-özünə sağalan xəstəlik qrupudur. Xüsusən yay ayı olduğunu nəzərə alaraq maye balansı qorunmalıdır”.
Həkim deyir ki, bu virusa qarşı antibiotik müalicəsi yanlışdır:
“Virusa qarşı istifadə edilə biləcək antibiotik və ya antiviral müalicə yoxdur. Hərarət 38-40 dərəcəyə qədər qalxır. Xüsusən körpə uşaqlarda çox ağır keçir. İshal, qusma olur, onların bədənində su-duz mübadiləsi itir. Uşaqlarda qusma, ishal baş verdikdə, su, maye itkisi çox olanda valideynlər həkimə müraciət etməlidirlər, çünki xəstəliyin orta və ağır dərəcəsində orqanizmdə itirilən maye damar yoluna müdaxilə edilməklə bərpa olunur.
Xəstəliyin yüngül dərəcəsində isə dərman preparatları ilə dəstəkləyici müalicə aparılır. Rotavirusu infeksiyasının spesifik müalicəsi yoxdur. Virusa qarşı antibiotik müalicəsi təsirsiz olur”.