Xəbər verdiyimiz kimi, qəbul imtahanında 657 bal toplayan Fidan İbişova Qarabağ Universitetini seçəcəyini açıqlayıb.
Fidan İbişova seçimi ilə bağlı Teleqraf.com-a danışıb.
O bildirib ki, universitetin Hüquq fakültəsini seçməyi qərara alıb:
“Füzuli rayonu Qayıdış qəsəbəsində anadan olmuşam. Əslən Aşağı Seyidəhmədli kəndindənəm. 7 nömrəli tam orta məktəbin məzunuyam. 3-cü qrupa hazırlaşıb, imtahanda 657 bal topladım. Qarabağ Universitetinin Hüquq fakültəsini seçməyi qərara aldım.
Universitetin dekanı yüksək bal toplayan tələbələrlə görüş keçirmişdi. Orada universitet haqqında bizə ətraflı məlumat verdilər. Qərara gəldim ki, Qarabağ Universitetin seçim. Özüm bu barədə universitetə məlumat verdim. Qarabağlı olmağım və Qarabağ Universtitetinin verdiyi fürsətlər oranı seçməyimdə çox böyük rol oynadı”.
Fidan vurğulayır ki, o, şəhidlərimizin ruhlarının şad olması üçün Qarabağ Universitetində oxuyub işləməyi düşünür:
“Bu, dəqiq qərarımdır. İxtisas seçimi zamanı ilk Qarabağ Universitetini yazacam. Universitetdə tələbə yataqxanasında qalmaq istəyərəm. Orada magistr oxumağı da planlaşdırıram. Öz sahəm üzrə ölkəmdə təhsil alıb işləməyi, vətənimə xidmət etməyi düşünürəm. Qarabağ Universitetinin mənim üçün çox prestijli olacağına inanıram. Bu seçimimə görə hər kəs çox sevindi. Yaxınlarım qərarıma çox qürurlandı”.