“Sabahkı hava meteohəssas insanlar üçün əlverişsiz olacaq”, “Meteohəssas insanlar üçün təhlükə” , “Meteohəssas insanlara xəbərdarlıq” başlıqlı xəbərdarlıqlarla tez-tez qarşılaşırıq. Hesab edilir ki, belə insanların hava şəraitinə fərqli reaksiya göstərməsinə səbəb havada təsiredici amillərin olmasıdır. Bu da əsasən atmosfer təzyiqinin dəyişkənliyi, temperaturun kəskin yüksəlməsi, yaxud enməsi zamanı müşahidə olunur. Məsələn, yağıntı çox olanda ürək və revmatik problemi olanlar narahatlıq keçirir. Şimal küləkləri əsəndə havada oksigenin artması nəticəsində tənəffüs almaq rahatlaşır.
Teleqraf.com-a danışan terapevt Sübhan Hacıyev havanın kəskin dəyişikliyinin meteohəssas insanların səhhətinə təsir etdiyini deyir:
“Bu zaman təzyiq düşür və ya qalxır. Ürəyin döyüntüsü artır, halsızlıq olur. Dəyişik havalar əsasən meteohəssas adamlar üçün təhlükəlidir. Meteohəssas insanlar müəyyən fonda qan təzyiqinin hemodinamik göstəricilərin dəyişməsi ilə özünü göstərən xəstələrdir. Onlarda birdən-birə qan təzyiqi qalxıb enir, nəbzi tezləşir, ürək fəaliyyətində dəyişiklik olur.
Bu cür meteohəssas insanlarda təbiət hadisələri müəyyən iz buraxır. Qan təzyiqindən, bronxial astmadan əziyyət çəkən, şəkərli diabetli xəstələr bu hadisələrdən əvvəl mütləq həkimlə məsləhətləşməli və müvafiq primitiv tədbirlər görməlidirlər.
Həmin dövrdə meteohəssas insanlar ev şəraitində, həkim məsləhətinə əməl etsələr daha yaxşı olar. Bəzi hipertonik krizlər, bronxial asma boğulmaları, qanda şəkərin miqdarının yüksəlməsi və digər xoşagəlməz hadisələr bu zamanlar baş verir”.
Mövzu ilə bağlı Teleqraf.com-a danışan meteoroloq Cavidan Əliyev isə fərqli düşünür:
“Meteohəssaslıq deyilən bir diaqnoz yoxdur. Yalnız müəyyən qrup insanlardan söhbət gedir ki, dünyada onların sayı çox azdır. Çox zaman ürək-damar xəstəlikləri olan adamlarda, yaşlı insanlarda müşahidə olunur. Ola bilər, cavan nəsildə də olsun, ancaq çox az hallarda. Ona görə də bu, xəstəlik kimi qeydə alınmayıb.
Hava şəraiti insanın psixo-emosional vəziyyətində təsir edə bilir. Məsələn, havanın çox tutqun olması insanda depresiyya hallarını çoxalda bilər. Maqnit qasırğasının ən pik həddə, yəni 9-a çatması da müəyyən risk yarada bilər. Amma buna çox az hallarda rast gəlinir.
Bir çox hallarda baş ağrıları psixoloji olaraq artır. “Bu gün hava pisdir, meteohəssas insanlar üçün təhlükəlidir”- şişirdilmiş məlumatlardır. Elə bu xəbərlərdən sonra insanlarda baş ağrıları güclənir. Bizim oqranizmimiz atmosfer təzyiqinin tərəddüdlərinə öyrəşib. Çünki bizim daxilimizdəki hava ilə çöldəki hava həmişə tənzimlənir”.