Qruplar üzrə qəbul imtahanları artıq tamamilə yekunlaşıb. Ötən gün Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə 7 iyul 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.
Ekspertlər hesab edir ki, bu il 400-500 arası bal toplayanlar üçün ixtisas seçimi riskli olacaq. Abituriyentlər arasında rəqabətın qızğın keçəcəyi gözlənilir.
Nəticələrə əsasən hansı ixtisasların keçid balı arta bilər?
Teleqraf.com-a danışan təhsil eksperti Elçin Əfəndi nəticələrin yüksək olmasının ixtisaslar üzrə formalaşan keçid ballarına təsir edə biləcəyini deyir:
“Plan yerlərinin artmasına baxmayaraq, ixtisasların keçid ballarında müəyyən artım mümkündür. Xüsusən buraxlış imtahanı əsasında qəbulu aparılan istiqamətlər. Bura 5-ci ixtisas qrupu, 11 illik bazadan kolleclərə qəbul nəzərdə tutulur. Bu istiqamətlərdə ehtimal ki, buraxlış imtahanının nəticələri ballarda artıma səbəb olacaq. Pestijli ixtisaslar və plan yeri az olan ali təhsil müəssisələrində mövcud olan keçid ballarında da artım gözlənilir”.
Ekspert hesab edir ki, əsasən hüquqşünaslıq, tibb, stomatologiya, dövlət və ictimai münasibətlər, biotexnologiya, maliyyə, beynəlxalq ticarət kimi prestijli ixtisaslarda ballarda artım olacaq:
“Digər ixtisasların isə bəzilərində düşmə, bəzilərində isə əvvəlki illərdə formalaşan ballara yaxin ballar formalaşa bilər".