Ötən gün Bakının Suraxanı rayonunda azyaşlını girov götürən və daha sonra polis tərəfindən zərərsizləşdirilən şəxslə bağlı bəzi təfərrüat məlum olub.
Teleqraf.com "Report"a istinadla xəbər verir ki, hadisə Hövsan qəsəbəsində 76 nömrəli məktəbin yaxınlığında yerləşən binada qeydə alınıb.
Əvvəllər məhkum olunan Xosrov Əhmədov öz azyaşlı övladının boğazına bıçaq dirəyərək onu öldürəcəyini bildirib.
Hadisə yerinə gələn polis əməkdaşları Xosrov Əhmədovu bu əməlindən yayındırmağa çalışıb. Dəfələrlə polisin qanuni tələblərinə və xəbərdarlıqlarına baxmayaraq, X.Əhmədov öz azyaşlı övladını öldürəcəyini bildirib. Polis əməkdaşları azyaşlının həyatını xilas etmək üçün Xosrov Əhmədovu zərərsizləşdirib.
Xosrov Əhmədovun əvvəllər peşəkar idmançı olduğu bildirilib. O, ağırlıqqaldırma üzrə Azərbaycan çempionu olub və bir sıra beynəlxalq yarışlarda iştirak edib.
O, "Beton Xosrov" ləqəbi ilə tanınıb və sosial şəbəkələrdə videogörüntüləri mövcuddur.
X.Əhmədovun bir müddət əvvəl psixoloji problemləri olan əmisinin evini əlindən alaraq, onu küçəyə atdığı da deyilir.