26 İyul 21:12
4 296
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı bu ilin noyabrında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi edəcək.

Bəs COP nədir?

COP (Conference of the Parties) Tərəfləri Konfransını ifadə edir. Dünya ölkələri qlobal temperatur artımının qarşısını almaq, iqlim dəyişikliyinin təsirini azaltmaq üçün beynəlxalq əməkdaşlıq formalaşdırmaq məqsədi ilə 1992-ci ildə Rio-de-Janeyroda bir araya gəldilər. İqlim dəyişikliyi müzakirələrində kritik önəmə sahib Birləşmiş Millətlər Çərçivə Sözləşməsi ortaya çıxdı.

COP-un ilk toplantısı 1995-ci ildə Berlində keçirildi. COP hər ilin müəyyən bir ayında dünya liderlərinin iştirakı ilə keçirilən konfransdır. İqlim böhranı və su qıtlığı kimi qlobal problemlərin həlli yollarını tapmaq və bu problemlərlə mübarizə üçün gələcək strateji planların hazırlanması məqsədi daşıyır.

Tərəflər konvensiyaya üzv olan 198 ölkədən ibarətdir. Katibliyi Almaniyanın Bonn şəhərində yerləşir. COP Paris Sazişinin məqsədlərinə nail olmaq üçün hər il dünyanın aparıcı ölkələrində keçirilən tarixi bir görüşdür.

COP hansı ölkələrdə keçirilib?

COP1 ilk dəfə 1995-ci ildə Berlin şəhərində keçirilib. Bu zamana qədər COP-a Almaniya (5 dəfə) , İsveçrə, Yaponiya, Argentina (2 dəfə), Niderland, Mərakeş, Hindistan, İtaliya, Kanada, Kenya, İndoneziya, Polşa (2 dəfə) Danimarka, Meksika, Сənubi Sudan, Qətər, Peru, Fransa, İspaniya, Birləşmiş Krallıq, Misir və Birləşmiş Ərəb Əmirliyi ev sahibliyi edib.

Sonuncu COP28 Dubay şəhərində baş tutub. COP30-un isə Brazilyada keçirilməsi nəzərdə tutulur.

COP-da hansı nəticələr əldə edilib?

COP-larda qlobal səviyyədə çox önəmli qərarlar alınır, müzakirələr aparılır.

Konfransda qəbul olunan qərarların necə həyata keçiriləcəyi ilə bağlı yol xəritələri hazırlanır. 2015-ci ildə Fransada keçirilən COP21-də Paris İqlim Sazişi imzalandı. Bu razılaşma, iqlim böhranının qarşısını almaq üçün qlobal orta səth temperaturunun artımını 2 dərəcə ilə məhdudlaşdırmaq və mümkünsə 1,5 dərəcədən aşağı saxlamaq məqsədi daşıyırdı.

Qlobal miqyasda baş verən iqlim dəyişikliklərinin ətraf mühitə olan neqativ təsirlərinin getdikcə intensivləşməsi sazişi zəruri edən səbəb idi.

COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyəti...

Hesab edilir ki, COP29-un Azərbaycan üçün müxtəlif sahələrdə faydaları olacaq. COP29 Azərbaycanın istixana qazı emissiyalarını azaltmaq üzrə öhdəliklərini yerinə yetirməsinə kömək edəcək. Bu isə ölkənin ekoloji vəziyyətini yaxşılaşdıracaq, havanın keyfiyyətini artıracaq. Nəticədə iqlim dəyişikliyinin təsirlərini azaltmağa kömək olacaq.

Azərbaycan istixana qazı emissiyalarını 2050-ci ilə qədər 40% azaltmağı məqsəd qoyub. Bu da Paris Sazişinə uyğun olaraq qlobal iqlim məqsədlərinə töhfə verəcək.

COP29 konfransının Azərbaycan iqtisadiyyatına da müsbət təsirləri gözlənilir. Bu konfrans nəticəsində turizm sektoru canlanacaq. Tədbir yeni investisiyaların və texnologiyaların cəlb olunmasına şərait yaradacaq, yaşıl enerjinin inkişafını təşviq edəcək. Ölkənin beynəlxalq əlaqələri, diplomatiyadakı mövqeyi daha da möhkəmlənəcək.

COP29-un Azərbaycan üçün nəticələri necə olacaq?

Azərbaycana qlobal diqqətin yönəldilməsi regionun üzləşdiyi xüsusi ekoloji problemlər haqqında məlumatlılığı artıracaq.

Su qıtlığı, biomüxtəlifliyin itirilməsi kimi problemləri ön plana çıxarmaqla, COP29 bunların həlli üçün resursların ayrılmasını artıra bilər.

COP29 işğaldan azad edilən ərazilərdəki ekoloji problemlər üçün də vacibdir. İşğaldan azad olunmuş ərazilərimizdə bərpa işləri həyata keçirilir və bu işlər həm də COP29 Azərbaycanın öhdəliklərinə uyğun şəkildə aparılır.

COP29-un Azərbaycanda keçirilməsi, ölkəmizin iqlim dəyişikliyi ilə mübarizədə qlobal səviyyədə fəallığını və bu sahədəki öhdəliklərini nümayiş etdirmək üçün bir fürsətdir.

COP29-un əhəmiyyəti ilə bağlı Teleqraf.com-a danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov bildirir ki, Azərbaycan bu tədbirin yük­sək səviyyədə reallaşması üçün bütün resurslarını səfərbər edir:

“COP29-a hazırlıq prosesi davam edir. Əvvəlcə onu demək lazımdır ki, konfransın Bakıda keçirilməsi bey­nəlxalq aləmdə ölkəmizə olan etimadın göstəricisidir. 30 il işğal altında olan torpaqlarımızda Ermənistan böyük ziyan vurub. COP29-da bu zərərin aradan qaldırılma­sı üçün imkanlar olacaq. Azərbaycanın ekologiyanın mühafizəsi üçün beynəlxalq konven­siyalara qoşularaq üzərinə düşən öhdə­likləri uğurla yerinə yetirir. COP-un məqsədlərindən biri də karbon qazının miqdarını sənayeləşdirmədən əvvəlki dövrdə olduğu kimi, 1,5 dərə­cə selsi ilə məhdudlaşdırmaqdır.

Amin Məmmədov ölkədə “Yaşıl enerji” növlərinin yaradılması istiqamə­tində önəmli layihələrin həyata keçirildiyini diqqətə çatdırır:

“COP29-da beynəlxalq ictimaiyyətin indiyə qədər gördüyü işlər, bundan sonra görəcəkləri işlər, qarşıdakı strategiyalar müzakirə olunacaq. Azərbaycanın indiyə qədər qarşılaşdığı ekoloji problemləri beynəlxalq ictimaiətin diqqətinə çatdıracağıq.

Qarabağdakı ekoterroru bura gələn beynəlxalq təşkilatın nümayəndələrinə məlumat vermək imkanımız olacaq. COP29-da, əsasən, üç məsələ müzakirə olunacaq. Bu məsələlər atmosferə buraxılan karbon emissiyalarının azaldılması, adaptasiya və maliyyədir. COP-29-un Azərbaycanda keçirilməsi “yaşıl enerji”yə olan fəallığı bir qədər də artırıb”.

İqtisadçı Elman Sadıqovun Teleqraf.com-a açıqlamasında COP29-un iqtisadiyyat üçün nələr vəd etdiyindən danışıb:

“COP29-un Azərbaycan üçün birbaşa və dolayı iqtisadi əhəmiyyətləri var. Ekoloji məsələlərdən əlavə, cəmiyyətin yanaşmasını müsbət mənada dəyişəcək. Təkcə ölkəmizdə deyil, dünyada bu məsələyə yanaşmanın dəyişməsi önəmlidir.

BMT yığıncaqlarından sonra COP ən çox ölkələrin çox qoşulduğu tədbirdir. Bu tədbirdə bir çox ölkələrin yüksək rütbəli dövlət xadimləri, baş nazirləri iştirak edirlər.

COP29-un bir önəmi də o olacaq ki, tədbirdə siyasətçilərlə yanaşı, iqtisadçılar, ekoloqlar, alimlər iştirak edəcəklər. Bunun müsbət tərəfi ondan ibarətdir ki, onlar fikirlərini, narahatlıqlarını dövlət rəsmilərinə çatdıracaqlar. Tədbir rəsmi və qeyri-rəsmi bölgülərlə keçiriləcək, müzakirə panelləri olacaq.

COP-un dünya iqtisadiyyatı üçün böyük əhəmiyyəti var. Dünyada iqtisadiyyat, ictimai məsələlər, texnoloji risklər arasında ekoloji risklər ən üst planda görünür. Əgər biz ölklərdən onlar üçün 5 ən böyük riskin nə olduğunu soruşsaq, orada əsas risk ətraf mühit və ekologiya problemləri yer alacaq. Bura quraqlıq, su qıtlığı, səhralaşma, hava çirkliliyi və sair daxildir.

Ekoloji məsələlər birbaşa iqtisadiyyata təsir edir. Bu şəkildə davam edərsə, ölkələrdə kənd təsərrüfatında hansı itkilərin olacağı hesablanmağa başlanılıb. Hansı ölkələrdə kataklizmlərın daha ciddi fəsad verəcəyi, hansı ölkələrin iqtisadiyyatına daha çox zərər yetirəcəyi araşdırılır.

İqlim dəyişikliyi ölkələrin iqtisadi imkanlarının dəyərləndirilməsində hesablanan və nəzərə alınan risklərdən birinə çevrilib. Bütün bunların araşdırlırıb hesablanması COP tədbirlərində baş verir”.

İqtisadçı deyir ki, məhz bu cür ciddi məsələlərin müzakirəsi səbəbdən COP29-da bütün dünyanın diqqəti Bakıya yönələcək:

“Bölgələrdə də bir çox tədbirlər keçiriləcək. Orada görülən işlər bütün dünyanın diqqətinə çatdırılacaq. İqlim dəyişikliyinin müxtəlif ölkərinin iqtisadiyyatına təsirləri ölçüləcək. Azərbaycan da bundan sonrakı dövrdə bu problemi konkret olaraq ölçməyə başlayacaq, tədbirlər görəcək. Yaşıllıqların qorunması, su ehtiyatları, torpaqdan, yağış suyundan daha səmərəli istifadə məsələləri də ön plana çıxacaq.

COP29 bütün insanların həyatına, sağlamlığına təsir edən faktorları ortaya qoyacaq. Məlum olduğu kimi, ekoloji problemlərin ən böyük təsiri səhiyyəyədir. Çünki bu zaman dərmanlara tələb artır. Bunun özü də iqtisadi itkidir. Bir ölkədə nə qədər çox xəstə olarsa, o ölkə daha çox dərman idxal etməyə və daha çox valyuta xərcləməyə məcburdur. Bu da iqtisadi itki deməkdir.

COP ölkənin turzimi üçün çox uğurlu olacaq. Biz COP29-dan turist cəlbi üçün istifadə etməliyik. Bu istiqamətdə ciddi təhlillər aparılmalıdır".

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti üzrə hazırlanıb.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər