Bu gündən ali təhsil müəssisələrinin bakalavr səviyyəsinə qəbul üçün ixtisas seçimi başlayır. Hesab edilir ki, builki qəbul imtahanlarında yüksək bal toplayanların sayında olan artım qəbul balına ciddi təsir göstərəcək.
Teleqraf.com-a danışan təhsil eksperti Kamran Əsədov deyir ki, ötən illə müqayisədə bu il ballarda ciddi artım müşahidə olunur:
“Birinci ixtisas qrupunda 500-dən çox bal toplayan abituriyetlərin sayı daha çoxdur. Ciddi artımı 3-cü ixtisas qrupunda da görə bilərik. Üçüncü ixtisas qrupundakı TC alt qrupunda yüksək bal toplayanların sayı ötən illə müqayisədə kifayət qədər artıb. Dördüncü ixtisas qrupunuda da 500- 600 bal toplayan abituriyentlərin sayı keçən illə müqayisədə çoxdur. Bu o deməkdir ki, builki statistik göstəricilərə əsasən ötən illə müqayisədə ballarda ciddi şəkildə artım müşahidə olunub. I, II və III qruplarda gərgin müsabiqə vəziyyəti olacaq”.
Ekspert bildirir ki, abituriyentlərə 15 ixtisası seçmək tövsiyə olunur:
“Onlar ixtisas seçərkən təkcə bu il nəşr olunan jurnallarla baxmamalıdırlar. Ötən illərin plan yerlərinə, keçid ballarına da nəzər salmalıdırlar.Təəssüf ki, abituriyentlər keçən ilki balla seçim etdiklərinə görə yanlışlıqla qəbul ola bilmirlər. Elekron ərizlərində iki-üç yer seçirlər. 15 yeri mütləq doldursunlar, əks halda qəbul olmamaq ehtimalları var".