18 Avqust 21:42
1 020
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən əsrin birinci yarısında İrəvan bölgəsindən Türkiyəyə köç edən ailələrdən biri də Nəbi uşağı Şöllü-Mehmandarlılardır. Bu ailənin başçılarından biri olan Tahir Mehmandarlı 1918-ci ildə İrəvanda doğulub. Atasının adı Kərim, anasının adı Zeynəb olub. Türkiyəyə gəldikdən sonra Qars vilayətinin İğdır qəzasının Parçeniz nahiyəsinin Karaağaç məhəlləsində qeydiyyata düşüb. Türkiyəyə gələndə əqrəbalarının bir qismi Akyüz soyadından istifadə edib.

Tahir bəy İrəvanda gimnaziya təhsili alıb, daha sonra orta təhsilini Türkiyədə davam etdirib. 1939-cu il iyul ayının 23-də Ərzurumda lisey təhsilini başa vurub. 23 aprel 1941-ci ildə hərbi xidmətdə ehtiyat zabit məktəbini uğurla bitirdiyinə dair sənəd alıb. 1944-cü ildə hərbi xidmətini piyada teymən (leytenant) olaraq başa vurub. İstanbul Universitetinin Hüquq Fakültəsinə daxil olan Tahir bəy 1948-ci ildə orta dərəcə ilə məzun olub. 1951-ci ildə qarslı bir ailənin qızı Fəridə xanımla ailə həyatı qurub, 4 övladı dünyaya gəlib: Şəfəq, Yaqut, Umud və Bulud.

Tahir bəy uzun illər müxtəlif yerlərdə (Qars, Rəşadiyə, Hanak, Ağrıda) hakim olaraq çalışıb. Ən son Konyanın Çumra ilçəsində cəza hakimi olub. 1977-ci il aprel ayının 3-də Çumrada infarktdan vəfat edib. Ölümü ilə bağlı “Azərbaycan Kültür Dərnəyi”nin rəsmi orqanı olan “Azərbaycan” jurnalında Feyzi Aküzümün məqaləsi dərc olunub. Həyat yoldaşı Fəridə xanım isə 1982-ci ildə dünyadan köçüb.
Bu yazıda Tahir bəyin oğlu Bulud bəydən bəhs edəcəyik.

Bulud Mehmandarlı 22 yanvar 1959-cu ildə Ağrıda doğulub. Əvvəlcə Ağrıda oxuyub. Liseyi Konya Çumra ilçəsində bitirib. Sonra Orta Doğu Texniki Universitetində kamu yönətimi bölümündə oxuyub. Bulud bəyin qardaşı Umud bəy qardaşının adı ilə bağlı bizə maraqlı məlumat verib: “Atamı bir müddət Sibirə sürgün ediblər, sonra oradan qaçıb gəlib. Sibir sürgünü Türkiyəyə gəlmədən öncə olub, elə bu hadisə də Türkiyəyə gəlməyə əsas səbəblərdən idi. Sürgündə ailədən başqa adamlar da olublar, böyük nəsil olduğumuz üçün bilmirəm. Sürgündə Bulud adında azərbaycanlı millətçi, qəhrəman bir şəxs varmış. Onu məhkumların gözü önündə güllələyiblər. Bulud güllələnərkən “Qəhr olsun ingilislərin Hindistanda, Osmanlının Hicazda, Sovetlərin də Azərbaycandakı hakimiyyəti” deyib və güllələr üstünə yağıb. Buludun adı o qəhrəmanın adıdır”.

Amerikada Azərbaycanın səsi

Bulud bəy uzun müddət “Amerikanın səsi” radiosunun Azərbaycan xidmətində çalışıb. Bu radionun Azərbaycan redaksiyasının qurucusu II Dünya müharibəsində almanlara əsir düşən Yusif Qəhrəman (Heydərzadə) olub. O, 1918-ci il mayın 10-da Gəncə mahalının Cəfərli kəndində doğulub. Rusiyanın Azərbaycanı işğalından sonra atası Nəsif bəy və onun beş qardaşı qətlə yetiriliblər. Nəsifin kiçik qardaşı Məmməd gənc olduğuna və siyasi fəaliyyət göstərmədiyinə görə sağ qala bilib. O və xanımı Telli Yusifi övladlığa götürüb böyüdüblər.

Yusif 1930-cu illərin sonunda rus ordusunda leytenant olaraq xidmətə başlayıb. Almanların SSRİ-yə hücumundan sonra onlara əsir düşüb, düşərgələrdə yaşayıb. Minlərlə insanın tələf olduğu əsir kampından sağ çıxan Yusif müharibədən sonra ABŞ və İngiltərənin nəzarət etdiyi Qərbi Almaniyaya keçə bilib. 1948-ci ildə o, ABŞ-yə köçüb, orada ABŞ Xarici Xidmət rəsmisi Ed Aleksandrın yardımı ilə həmin vaxt yenicə təşəkkül tapmış və Nyu York şəhərində iqamətgahlanan “Amerikanın Səsi”nə cəlb olunub. 1952-ci ildə Yusif Qəhrəmanın rəhbərliyi altında “Amerikanın Səsi”nin Azərbaycan Xidməti rəsmi fəaliyyətə başlayıb. ABŞ-nin bu xidmətləri qurmasındakı məqsədi soyuq müharibə dövründə SSRİ əleyhinə fəaliyyət göstərmək olub. Bu baxımdan azərbaycanlı mühacirlər istiqlal ideyalarının çatdırılması məqsədilə əməkdaşlıq ediblər. Təsadüfi deyil ki, Yusif Qəhrəmanın rəhbərliyi dövründə Məhəmmədəmin Rəsulzadənin Azərbaycan xalqına müraciəti bu radio vasitəsilə yayılıb.

1950-ci illərdə radionun dil xidmətləri fəaliyyətini dayandırıb. Ona görə də radiologiya texniki vəsiqəsini qazanan Yusif Qəhrəman Corc Vaşinqton hospitalında işləməyə başlayıb. Həmin illərdə o, ailə həyatı qurub, bu evlilikdən üç övladı olub. Uzun müddət sonra - 1980-ci ildə ABŞ prezidenti seçilən Ronald Reyqan dil xidmətlərinin bərpası təşəbbüsü ilə çıxış edib, nəticədə Azərbaycan Xidməti 1982-ci ildə yenidən fəaliyyətə başlayıb. Xidmətin bərpasından az sonra Yusif Qəhrəman “Amerikanın Səsi”nin Azərbaycan Xidmətinə qayıdıb. 1985-1987 ci illər arasında Azərbaycan Xidmətinin rəhbəri Mirzə Xəzər olub.

1990-cı il iyulun 9-da Yusif Qəhrəman Virciniya ştatındakı evində baş verən faciəvi yanğın nəticəsində dünyasını dəyişib. Həmin ərəfədə o, Azərbaycana səfər etməyi planlaşdırırdı. Beləliklə, Yusif Qəhrəmanın ilk rəhbəri olduğu Azərbaycan Xidmətində çalışan Azərbaycan əsilli şəxslərdən biri də Bulud bəy olub. O, 1985-ci ildən etibarən “Amerikanın səsi” radiostansiyasının müxbiri kimi fəaliyyətə başlayıb, daha sonra redaktor kimi çalışıb.

Bulud Mehmandarlı Bakıda

1992-ci ilin noyabr ayında o, “Vətən” Cəmiyyətinin dəvəti ilə Azərbaycana gəlib, yerli jurnalistlərlə görüşüb. Çıxışında o, Bakıya gəlmə səbəbini belə izah edib: “Mən “Vətən” Cəmiyyətinin qonağıyam. Bakıya gəlməkdə iki əsas məqsədim var: Birincisi, təbii ki, Azərbaycanı görmək, qardaşlarımızla daha yaxından tanış olmaq, buradakı vəziyyəti öyrənmək, ikincisi isə peşəmlə bağlı müəyyən niyyətlərimi həyata keçirmək”.

Bulud bəy “Amerikanın səsi” radiostansiyasının 46 redaksiyası olduğunu, Azərbaycan redaksiyasında 10 əməkdaşın çalışdığını bildirib.

“Azərbaycan” qəzetinin 24 noyabr 1992-ci il tarixli sayında da Bulud bəylə müsahibə dərc edilib. O, üç həftə qaldığı Bakıda gördüyü işlərdən bəhs edib: “Bu gəlişimin iki əsas məqsədi var. Birincisi, Azərbaycanla, onun indiki ictimai-siyasi vəziyyəti ilə yaxından tanış olmaqdır. İkincisi, müasir ədəbi-publisistik dilimizi daha yaxından öyrənməkdir. Azərbaycana səfərimi uğurlu hesab edirəm. Akademiyanın Dilçilik İnstitutunda, Bakı Dövlət Universitetinin dilçilik kafedrasında oldum. Burada mən müasir Azərbaycan dilinin xüsusiyyətləri ilə daha yaxından tanış ola bildim. Respublikanızda baş verən ictimai-siyasi terminləri öyrəndim. Sizdə verilişlərin hazırlanma qaydalarına bələd oldum... Azərbaycana dair bir neçə veriliş hazırlamışam. Ən uğurlu işim kimi prezident Əbülfəz Elçibəylə olan müsahibəni hesab edirəm”.

Bulud bəy müsahibəsində Qarabağ hadisələrinin Amerikada necə qarşılandığı barədə də danışıb: “Amerikada Qarabağ hadisələrinə kimi Azərbaycan barədə çox az təsəvvür vardı. Qarabağ hadisələri başlayarkən Amerika diktorları üçün çətin məsələ “Azərbaycan” sözünün ingilis dilində düzgün tələffüzü idi. Etiraf etmək lazımdır ki, indinin özündə də ictimai rəy ermənilərin xeyrinədir. Əgər yaxınlaşıb sadə bir amerikalıdan soruşsan ki, Azərbaycan barədə nə bilirsiniz? Cavabı bu olacaq ki, azərbaycanlılar Qarabağda ermənilərə qarşı müharibə edir, onlar isə müdafiə olunurlar”.

Buna görə də Bulud bəy Azərbaycan dövlətinin haqlı mübarizəsini qəbul etdirmək üçün xüsusi çalışmasını tövsiyə edib.

Bulud bəy 28 may 2016-cı ildə vəfat edib. Nəşi İstanbula gətirilərək ailə məzarlığında dəfn olunub.

P.S. Yazıda “Amerikanın səsi” radiosunun Yusif Qəhrəman haqqında hazırladığı xatirə məqalədən istifadə olunub.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər