Avqustun 12-si gecə saatlarından başlayaraq Oğuz-Qəbələ su kəmərində əsaslı təmir-bərpa işləri aparılırdı. Bununla əlaqədar Yasamal, Səbail, Nəsimi, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarında suyun verilməsində günlərdir problem yaranmışdı. Ötən həftə Oğuz-Qəbələ su xəttində aparılan təmir-bərpa işləri, indi isə Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə bağlı Bakının 10 rayonu və Abşeronda su olmayacaq. Problemin nədən qaynaqladığı sual doğurur. Kəmər təmir edildikdən sonra niyə eyni vəziyyət ortaya çıxıb?
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu Teleqraf.com-a açıqlamasında bildirib ki, qəza hadisəsi dünən gecə saatlarında baş verib:
“Təmir-bərpa işləri ilə əlaqədar suyun verilişində fasilə yaranmışdı, bu dəfə qəza hadisəsi oldu. Su gecə saatlarından etibarən kəmərlərdən boşaldılıb. Kəmər 265 kilometr uzunluqdadır, diametri iki min millimetrdir, buna görə də suyun boşaldılması çox vaxt aparır. Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə bağlı Abşeron, Yasamal, Səbail, Nizami, Xətai, Nəsimi, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarına, Ramanı qəsəbəsinə suyun verilməsində fasilə yaranacaq.
Avqustun 19-u səhər başladılan təmir-bərpa işlərinin avqustun 20-si axşam saatlarında yekunlaşacağı planlaşdırılır. Avqustun 21-dən suyun əvvəlki rejimlə verilməsi təmin olunacaq”.
Ekoloq Qorxmaz İbrahimli hesab edir ki, su verilməsində yaranmış problem cari məsələlərlə bağlı deyil. O, “Oğuz-Qəbələ-Bakı” su kəmərinin yanlış çəkilmiş layihə kimi xarakterizə edir:
“Bakı böyüklüyündə bir şəhərin əksər rayonlarında suyun olmamasını Oğuz-Qəbələ-Bakı kəmərindəki qəza və ya təmir-bərpa işləriylə əlaqələndirmək doğru deyil. Düşünürəm ki, bu, həm də gülüncdür.
Əvvəla, məlum kəmərdə bir neçə rayonu təmin edəcək su yoxdur. İkincisi, Bakıya su gətirən kəmərlər birbaşa evlərə paylanmır. İstənilən böyük şəhərdə olduğu kimi bizim də şəhəri təmin edən su depoları var. Necə yəni Oğuz-Qəbələ-Bakı kəmərində qəza olub? Bir neçə rayonun yüz minlərlə sakinini susuz qoyurlar. Bu absurd bəhanələrini yığışdırıb, düzgün çalışsınlar".