18 Sentyabr 16:12
300
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Orta Dəhlizin "yaşıllaşdırılması" təşəbbüsü irəli sürüləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə nəqliyyat və logistika sahəsində fəaliyyət göstərən Sinqapurun "Global DTC Pte Ltd" şirkətinin Proqramların inkişafı şöbəsinin rəhbəri Janar Bağaşarova Bakıda "Qara dəniz və Xəzərdə beynəlxalq nəqliyyat dəhlizləri" mövzusunda keçirilən "Qara dəniz-Xəzər Logistika Forumu 2024"də bildirib.

Onun sözlərinə görə, bu təşəbbüs Orta Dəhlizin dayanıqlılığını artırmağa yönəlib: "Əsas diqqət karbon izinin azaldılmasına və karbon emissiyalarının azaldılmasının qiymətləndirilməsinə yönəlib ki, Orta Dəhliz ekoloji cəhətdən təmiz marşrut kimi təqdim edilsin".

J.Bağaşarova marşrut boyunca yerləşən ölkələrin, xüsusilə Qazaxıstan, Azərbaycan və Gürcüstanın inteqrasiyasının vacibliyini vurğulayıb. Əhəmiyyətli nailiyyətlərdən biri "KTZ Express" ilə birlikdə "Tez Customs" rəqəmsal platformasının tətbiqi olub ki, bu da Qazaxıstanı "boz zonadan" çıxarmağa və Çin sərhədində proseslərin şəffaflığını artırmağa imkan verib.

Qeyd edək ki, 2024-cü ilin may ayında "Global DTC Pte Ltd" şirkəti ilə "KTZ Express" arasında imzalanmış saziş Transxəzər marşrutu vasitəsilə Çindən Avropa İttifaqına yüklərin tranzitini sadələşdirmək üçün rəqəmsal dəhlizin yaradılmasına yönəlib. "Tez Customs" rəqəmsal platforma artıq Mərkəzi Asiya ölkələrinə çatdırılma zamanı yüklərin elektron gömrük rəsmiləşdirilməsi üçün uğurla istifadə olunur.

"Global DTC" - Orta Dəhliz boyunca ticarət axınını artırmağa kömək edən qlobal neytral multimodal rəqəmsal platformadır. O, bir çox ölkədə logistika proseslərinin iştirakçıları arasında vəsaitlərə qənaət etmək və səmərəliliyi artırmaq üçün rəqəmsal texnologiyalardan istifadə edərək sənədləşdirmə prosesini optimallaşdırır.

Xatırladaq ki, 2014-cü ildə Azərbaycan, Qazaxıstan və Gürcüstanın iştirakı ilə yaradılan Orta Dəhliz Çindən Avropaya Xəzər dənizi vasitəsilə marşrutları birləşdirir. 2023-cü ildə dəhliz üzrə yük daşımalarının həcmi 2,75 milyon ton təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 64 % çoxdur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər