Naxçıvanda elektrik enerjisinin istehsalında yaşıl enerjinin payı davamlı olaraq artır. Belə ki, 2023-cü ilin doqquz ayında yaşıl enerjinin istehsal payı 35,1 faiz olduğu halda, 2024-cü ilin müvafiq dövründə bu rəqəm 53 faizə yüksəlib. Hazırda elektrik enerjisinin 55 faizi yaşıl enerjinin hesabına təmin olunur. Çaylarda suyun səviyyəsinin yüksək olması ilə əlaqədar elə ay olub ki, bir ay ərzində ümumi elektrik enerjisinin 100 faizi yaşıl enerjinin payına düşüb.
Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəis müavini, rəis vəzifələrini müvəqqəti icra edən Məhərrəm Abbasov deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" qəbul olunub. Proqramda 11 prioritet müəyyən edilib. Onlardan biri də Naxçıvanın energetika sahəsi ilə bağlıdır. Dövlət proqramına əsasən, yaşıl enerji istehsalı üçün 7992 hektar ərazi ayrılıb. Artıq investisiya prosesi başlayıb. Yerli və xarici şirkətlərlə memorandum imzalanıb.
“İndi biz bir neçə layihə üzrə “Texniki-iqtisadi əsaslandırma”ları təhlil edirik. Stansiyaların tikinti prosesinin başlanmasına çox yaxınlaşmışıq. COP29 tədbirinə qədər təməl atılması planlaşdırılır.
O qeyd edib ki, İlkin mərhələdə gücü 30 meqavat olan yeni Günəş Elektrik Stansiyasının inşasına da yaxın zamanda başlanılacaq:
"Bu stansiyasının tikilməsi üçün 688 hektar ərazi ayrılıb”.