17:51
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 30-da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, komitənin sədri Hicran Hüseynova iclasda bir məsələnin – “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirə ediləcəyini söyləyib.

Komitə sədri bildirib ki, Azərbaycan Konstitusiyasında təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarından istifadə, habelə bu hüquqların və azadlıqların dövlət təminatı ilə bağlı olan məsələlər qanunla tənzimlənir. Nazirlər Kabinetinin 24 fevral 2012-ci il tarixli, 46 nömrəli qərarı ilə “Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, şikayətlərə baxılma Qaydası” təsdiq olunub. Hazırda bu prosedur həmin Qaydaya uyğun olaraq həyata keçirilir. Yeni təklif edilən dəyişikliklə qeyd olunan prosedurun Qanunda təsbit olunması nəzərdə tutulur.
Diqqətə çatdırılıb ki, layihədə Qanunun yeni redaksiyada təqdim edilmiş və məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda şikayətə baxılma qaydası təsbit edilən 9-cu maddəsində məişət zorakılığı ilə bağlı daxil olan müraciətlərə baxılma proseduru daha ətraflı şəkildə qeyd olunur. Belə ki, sənəddə məişət zorakılığı ilə bağlı şikayətə baxılma müddəti, şikayətə baxmalı olan orqan, şikayətə baxılan zaman dəvət olunmalı şəxslərin əhatə dairəsi, o cümlədən vəkil, psixoloq və tərcüməçilərin xidmətindən istifadə, həmçinin yetkinlik yaşına çatmayan və ya əlilliyi olan şəxslərin dindirilməsi zamanı psixoloq və pedaqoqların iştirakının təmin olunması, eyni zamanda məişət zorakılığı barədə şikayətlərə baxılmanın nəticələrinə dair yekunda qəbul olunan qərarlar öz əksini tapıb.
Sonra qanun layihəsi barədə məlumat verən Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib ki, “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanuna təklif olunan dəyişiklik qanunun tətbiqi zamanı səmərəliliyi artıracaq və müraciətə baxan dövlət orqanlarının vəzifəli şəxslərinin məsuliyyətinin artırılmasına gətirib çıxaracaqdır.
Çıxış edən komitənin sədr müavini Jalə Əliyeva, üzvləri İlham Məmmədov, Müşfiq Məmmədli, Günay Ağamalı, Pərvin Kərimzadə məsələ barədə fikir və qeydlərini səsləndiriblər, dəyişikliklərin məqsədəmüvafiq olduğunu deyiblər.
Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.
İclasda komitə üzvləri Ülviyyə Ağayeva, Sevinc Hüseynova, Səbinə Xasayeva, Könül Nurullayeva və digər rəsmi şəxslər iştirak ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər