"Paris İqlim Razılaşmasına əsaslanan beynəlxalq əməkdaşlıq iqlim dəyişikliyinin qarşısını almağa yönələn tədbirlərin müəyyənləşdirilməsi üçün son dərəcə vacibdir. Ölkələr hazırda COP29-un yekun sənədinin razılaşdırılması işində zamanla yarışır".
Teleqraf.com xəbər verir ki, bunu COP29-da mətbuat konfransında BMT-nin baş katibi Antonio Quterreş deyib.
Onun sözlərinə görə, belə olan halda hər bir ölkənin hökumətinə xalqı ekoloji cəhətdən təmiz elektrik enerjisi ilə təmin etmək imkanları verilməli və dövlətlər bu növ enerjinin üstünlüyündən yararlanmalıdır:
"Bu amil eyni zamanda zərərli tullantıların atmosferə atılmasını əhəmiyyətli dərəcədə azaltmaqla, ölkələri iqlim böhranından qorunmasına şərait yaradacaq və xalqlar arasında etimadı möhkəmləndirəcək".
Antonio Qutterreş ölkələr adından müzakirələrdə iştirak edən nümayəndə heyətlərinin üzvlərinə də səslənib:
"Sizin hər biriniz tutduğunuz sərt mövqeni yumşaltmalısınız. Çünki bəşəriyyət üçün etibarlı və layiqli həyat səviyyəsinin təminatı məhz bundan keçir. Onu da bildirmək istəyirəm ki, razılaşdırılması tələb olunan vəsait təkcə maliyyə vasitəsi deyil, həm də gələcəyin təbii fəlakət və dağıntılardan qorunmasına imkan verəcək investisiyadır. Biz bunu həmçinin, ayrı-ayrı ölkələrin çiçəklənən gələcəyə yatırılan sərmayə kimi başa düşürük. Ötən həftə çoxtərəfli inkişaf bankları aşağı və orta səviyyəli gəliri olan ölkələrə ayrılacaq iqlim maliyyəsinin məbləğinin artırılması barədə qərar qəbul etdi. Yeni qərarla bu rəqəm 2030-cu ilədək 120 milyard dollara çatdırılacaq. Bundan əlavə, daha 65 milyard dollar özəl sektorun hesabına cəlb olunacaq".
BMT baş katibi tərəflər arasında bu ilin sentyabr ayında razılaşdırılan gələcək pakt haqqında da danışıb:
"Bu, maliyyəyə çıxış, borcla bağlı effektiv tədbirlər və çoxtərəfli inkişaf banklarının kredit imkanlarını əhəmiyyətli dərəcədə artıraraq onları daha böyük və daha cəsarətli hala gətirməklə bağlı mühüm öhdəlikləri ehtiva edir".