BMT-nin İqlim Dəyişmələri üzrə 29-cu Tərəflər Konfransı (COP29) çərçivəsində “İqlim, Təbiət və İnsanlar üçün Meşə: Meşələr üçün iqlim maliyyəsinin artırılması” mövzusunda yüksək səviyyəli toplantı keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbir COP29 Sədrliyi və BMT-nin Meşələr Forumunun (UNFF) birgə təşkilatçılığı ilə keçirilib.
Toplantıda təşkilatçı tərəflərin nümayəndələri ilə birgə Brazilya, Birləşmiş Krallıq, Konqo Demokratik Respublikası, Kanada, Surinam və Yaponiyanın ətraf mühit nazirliklərinin rəsmiləri, həmçinin BMT-nin Ətraf Mühit Proqramı, Dünya Bankı, Yaşıl İqlim Fondu, Qlobal Ətraf Mühit Fondu və Asiya İnkişaf Bankının əməkdaşları iştirak edib.
Yüksək səviyyəli toplantıda aidiyyatı ekspertlər, rəsmi nümayəndələr iqlim dəyişikliyi fonunda meşələrin itirilməsi, meşə ekosisteminin deqradasiyası, meşələrlə bağlı mövcud problemlərin həlli yolu ilə Paris Sazişinin məqsədlərinə nail olunmasında iqlim fəaliyyətinin və siyasətinin gücləndirilməsi, meşələr üçün əlavə iqlim maliyyəsindən, o cümlədən mövcud innovativ maliyyələşdirmə mexanizmlərindən istifadə, ən yaxşı təcrübələrlə bağlı məlumat mübadiləsi və biliklərin idarə edilməsi məqsədilə qlobal səylərin gücləndirilməsi ətrafında müzakirələr aparıb.
Tədbirdə növbəti ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən irəli sürülən meşə mövzusunda beynəlxalq tədbirin keçirilməsi təşəbbüsü barədə məlumat verilib. Bildirilib ki, Azərbaycanda 2025-ci ildə “Dayanıqlı Meşəçilik və Biomüxtəliflik üçün Sinerji: Yaşıl Dünya naminə Əməkdaşlıq Dialoqu” adlı Beynəlxalq Konfransın təşkili planlaşdırılır. Konfransda meşəçilik və biomüxtəliflik sahəsində qlobal çağırışları müzakirə etmək üçün elm adamlarının, ekoloqların, dövlət rəsmilərinin, beynəlxalq təşkilatların, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələrinin bir araya gətirilməsi nəzərdə turulur.
Azərbaycan tərəfinin İrəli sürdüyü təşəbbüsə BMT-nin Meşələr Forumu (UNFF) tərəfindən dəstək ifadə edilib.