11 Mart 2015 11:26
961
12 Punto 14 Punto 16 Punto 18 Punto

YUNESCO Qarabağ atlarını qorunan maddi-mənəvi irs siyahısına daxil edəcək

Turizmin mühüm istiqamətlərindən biri də atçılıqdır, bir çox ölkələrdə bu sahə ölkə büdcəsinə xeyli vəsait gətirir. Azərbaycanın relyefi atçılıq turizmi üçün əlverişlidir, ona görə də onun inkişafına diqqət yetirməyə dəyər. İstənilən sferanın inkişafı isə sözsüz ki, mükəmməl normativ-hüquqi bazanın yaradılmasından başlayır.

Bu zərurətə nəzər yetirsək, “Atçılıq haqqında” qanunun 2007-ci ildə qəbul edildiyini vurğulamalıyıq. Həmin il Nazirlər Kabineti “Atçılığın inkişafı üzrə proqram” da qəbul edib.

İstər qanun, istərsə də proqram yerli genofondun ən qiymətli nümunələri olan Qarabağ və Dilbaz at cinslərinin, eləcə də ölkədə yetişdirilən cins, idman və digər təyinatlı atların qorunub saxlanması, damazlıq şəbəkəsinin genişləndirilməsi, kütləvi atçılıqda keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına yönəlib.

Qarabağ at cinsinin inkişaf etdirilməsi, bu cinsin damazlıq özəyinin qorunması və inkişaf etdirilməsi, seleksiya-damazlıq işlərinin elmi əsaslarla aparılmasının təmin edilməsi və müvafiq tədbirlərin həyata keçirilməsi məqsədi ilə ötən il bu sahəyə 2 milyon manat vəsait ayrılıb.

Bu istiqamətdə tədbirlər davam edir və hazırda Ağdaşdakı “Türyançay” Fermer Təsərrüfatının nəzdində yaradılan fermada cins yarış atları yetişdirilir.

İki at cinsi həmişə diqqətdə saxlanır

2007-ci ildə yaradılan Respublika Atçılıq Turizm Mərkəzi də Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə müxtəlif layihələr həyata keçirir. Mütəxəssislər müxtəlif istiqamətlərdə atüstü turist marşrutları işləyib hazırlayırlar.

Respublika Atçılıq Turizm Mərkəzinin əməkdaşı İlham Haqverdiyev bizimlə söhbətdə bildirdi ki, “Çövkən” milli atüstü oyunu üzrə Prezident Kuboku təsis edilib və oyunun keçirilməsi ənənə halını alıb: “Eyni zamanda, mərkəz tərəfindən Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Milli Atüstü Oyunlar Festivalı keçirilir. Birinci il bu festivalda 8 rayon iştirak etdiyi halda, sonrakı illərdə bu say 16-ya çatdı. Bundan əlavə, mərkəz bir neçə dəfə ölkəmizdə keçirilən beynəlxalq turizm sərgisində iştirak etdi. Daxili turizm sərgilərində Respublika Atçılıq Turizm Mərkəzi öz stendi ilə təmsil olunur. Orada bizim bukletlərimiz və digər reklam-çap məhsullarımız paylanılır”.

Müsahibimiz atüstü turizm marşrutlarının tanıdılması və turistlərin cəlb edilməsi üçün ölkədə fəaliyyət göstərən turizm şirkətlərinin də köməyinə ehtiyac olduğunu bildirdi. İlham Haqverdiyev hesab edir ki, prestijli idman növləri və ya maraqlı təkliflər sırasına atüstü turizmi ilə bağlı məlumatlar da yerləşdirilsə, bu, həmin sahənin inkişafına müəyyən kömək olar.

Hazırda dünyada mövcud olan 260 at cinsinin ikisi - Qarabağ və Dilbaz at cinsləri Azərbaycana məxsusdur. Ona görə də iki at cinsinin inkişafı həmişə diqqətdə saxlanılır.

Atçılığın, konkret olaraq Qarabağ atları ilə bağlı sonuncu dəfə ötən ilin sonlarında ölkə başçısı sərəncam imzalayıb. Sərəncama əsasən, Qarabağ atı cinsinin damazlıq özəyinin qorunması və inkişaf etdirilməsi, seleksiya-damazlıq işlərinin elmi əsaslarla aparılmasının təmin olunması üçün Kənd Təsərrüfatı Nazirliyinə iki milyon manat ayrılıb.

Mövzu ilə bağlı sözügedən nazirliyə müraciət etsək də, qurumdan ayrıca atçılıq bölməsinin olmadığını dedilər.

“Ən baha qiymətə satılan atlar onlar olub”

Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı, şəxsi atçılıq təsərrüfatının sahibi Paşa Oğuz bu sərəncama böyük ehtiyac olduğunu vurğulayır. Qarabağın işğalından sonra məşhur Ağdam atçılıq zavodunun da dağıldığını deyən sahibkarın sözlərinə görə, uzun müddət bu sahə diqqətdən kənarda qalıb: “Bu müddətdə Qarabağ atlarını ayrı-ayrı şəxslər qoruyub-saxlaya bildi. Ancaq atlarımızın əvvəlki şöhrətini qaytarmaq üçün ən yüksək səviyyədə tədbirlərin görülməsinə ehtiyac var idi. Azərbaycan Prezidentinin bu sərəncamının psixoloji təsiri bu sahəyə ayrılan puldan qat-qat böyükdür. Söhbət təkcə iki milyon manata görüləcək işlərdən getmir. Sərəncamda deyilir ki, Qarabağ atlarının genofondunun qorunması həyata keçirilsin. Eyni zamanda, seleksiya-damazlıq işlərində elmi yanaşma aparılmalıdır. Sərəncam birinci növbədə Qarabağ cinsinin tipik xüsusiyyətlərinin güclənməsini özündə ehtiva edir. Əsas hədəf budur”.

Paşa Oğuzun sözlərinə görə, Bərdənin Ləmbəran kəndində yerləşən Dövlət Atçılıq Zavodunun maddi vəziyyətinin yaxşılaşdırılması üçün yeni bir layihə üzərində iş gedir. Orada atlar üçün dünya standartlarına uyğun şərait yaradılacaq: “Bunun özü də çox böyük işdir. Çünki müvafiq şəraitin zəif olması cinsin cırlaşmasına gətirib çıxara bilər. Cins atlar şərait yoxluğundan, baxımın zəifliyindən və kalorili qidaların çatışmazlığından öz keyfiyyətlərini itirir. Paralel olaraq doğru-düzgün seleksiyanın aparılması da ayrılıqda elmi-metodoloji yanaşma tələb edir”.

Qeyd edək ki, 1949-cu ildə Ağdam Atçılıq Zavodu yaradılanda orada iyirmi madyan və iki erkək at olub. İllər ərzində bu atlardan yüzlərlə yüksək keyfiyyətli Qarabağ cinsli at yetişdirilib. Auksionlarda ən bahalı qiymətə satılan atlar da məhz onlar olub.

“YUNESCO-nun qərarı özünü çox gözlətməyəcək”

Paşa Oğuz ermənilərin Qarabağ adı ilə bağlı hər şeyə iddia etdikləri bir dönəmdə bu at növünü qorumağın vacib olduğunu deyir: “Məhz bu da bizi məcbur etməlidir ki, öz sərvətimizi qoruyaq və artıraq. Erməniləri ifşa etmək elə də çətin deyil. Çünki bütün Ermənistanı gəzsək, bir baş da Qarabağ atı tapa bilmərik. Ancaq adi bir vətəndaş kimi, mən bir neçəsini öz təsərrüfatımdan göstərə bilərəm. Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Qarabağ atlarını maddi-mənəvi irs kimi YUNESCO-nun siyahısına daxil etmək üçün müraciət olunub. Hazırda bu sahədə işlər görülür. Düşünürəm ki, YUNESCO-nun qərarı çox da ləngiməyəcək”.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər